Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt hadisələri şahidlərin gözü ilə

32 il öncə, fevral ayının son günlərində Sumqayıtda baş vermiş kütləvi iğtişaşlar hələ də erməni ideoloqlarının millətimizə qarşı yeritdikləri şər və böhtan kampaniyasının əsas komponentlərindən biri kimi qalmaqdadır. Artıq çoxdan sübut olunub ki, həmin hadisələr Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılmasını reallaşdırmaq məqsədilə Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat idi. 

...Həmin günlər mənim doğma şəhərimdə şaxta iliyə işləyirdi. Avtovağzal, univermaq və bazarətrafı ərazilərdə isə ictimai-siyasi ehtiraslar saatbasaat qızışırdı. Şəhərin ictimai asayiş şkalası kəlləçarxda idi. Mən də bir kənarda dayanıb qızğın debatları, əsəbi polemikaları izləyirdim. Vətəndaşları itaətsizliyə, qisasa səsləyən təxribatçılar guya min zülmlə Ermənistanın Qafan, Masis rayonlarından qovulduqlarını söyləyir, “Qana-qan, ölümə-ölüm!” deyib hayqırırdılar. Camaatın çoxu onlara inanırdı, cavanlarsa daşla, dəmirlə silahlanıb ermənilərin üstünə hücum çəkməyə hazır idi. (Sonradan məlum oldu ki, sən demə, bu “alovlu tribunlar” Azərbaycan dilində təmiz danışa bilən peşəkar erməni təhrikçilərmiş). Mixail Qorbaçovun açıq-aşkar ayrıseçkilik siyasətindən, ermənipərəst mövqeyindən, Stepanakertdə baş verən antiazərbaycan mitinqlərinə ikibaşlı münasibətindən qəzəblənən kütlənin səmtini şəhərin baş meydanına yönəltmək həmin “əzabkeşlər” üçün heç də çətin olmadı. Tezliklə şəhərdə çoxminli mitinqlər, xaotik qarşıdurma başlandı.
Xatırlayıram ki, təşvişə düşən rəhbərlik əvvəlcə şəhərdə fəallar yığıncağı keçirdi. Sonra Bakıdan gəlib mitinqdə sakitləşdirici çıxışlar etməyə çalışan fərsiz ideoloqlar fitə basıldıqlarını görüb aradan çıxdılar. Üç gün ərzində Sumqayıt mitinqlər dalğasında çalxandı, başıpozuq dəstələrin qorxulu reydləri son həddə çatdı. Yalnız martın 1-də, yəni iş-işdən keçəndən sonra mərkəzi hakimiyyət orqanları şəhərdə fövqəladə vəziyyət elan etdilər, komendant saatı tətbiq olundu. 
Beləcə, yaz ərəfəsi uzanan gündüzlər sərt pasport rejimi sayəsində yenidən “qısaldı”. Axşam düşməmiş küçələr boşalır, şəhəri vahiməli sükunət bürüyürdü. Rusiyadan gəlmiş silahlı hərbçilər, yuxarıların buyruq qulu olan istintaq qruplarının üzvləri isə bir ucdan vətəndaşları şübhəli qismində həbsə aldırır, cəzalandırır, işgəncə verirdilər. Komendant saatını 2-3 dəqiqə pozan avtobuslar, digər minik vasitələri dərhal saxlanılır, uzun-uzadı yoxlamalar, aydınlaşdırmalar aparılırdı. Dinən, səsini çıxaran hər kəs təqsirkar sayılır, qolları burulub qərargaha və ya təcridxanaya aparılırdı… 
Tarixin müxtəlif dönəmlərində Ermənistanın terrorçu təşkilatları Azərbaycan əhalisinə qarşı təxribatlar törədib, dinc əhaliyə qarşı zorakılıq aksiyaları tətbiq ediblər. Bu təxribatların növbəti məkanı da elə Sumqayıt şəhəri olub. 
Ermənilər tərəfindən Sumqayıt hadisələrinə görə Azərbaycanın suçlandırılması hələ də davam etdiyi üçün artıq bir müddətdir ki, cinayətin həqiqi təşkilatçılarını məsuliyyətə cəlb etməkdən ötrü müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması, qaranlıq qalan məqamların araşdırılması məqsədilə Azərbaycan Prezidenti 
İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən həmin cinayət işi təkrar icraata götürülüb və bu xüsusda istintaq hərəkətləri davam etdirilir.
Hadisələrin növbəti ildönümündə Sumqayıtda törədilmiş kütləvi iğtişaşların canlı şahidlərinin, şəhər ziyalılarından bir qrupunun fikirləri ilə maraqlandıq. Öncə bu hadisələrin yorulmaz tədqiqatçısı kimi tanınan Əməkdar jurnalist Eyruz Məmmədova müraciət etdik. 
Eyruz Məmmədov:
– Bəri başdan qeyd edim ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra yaxın tariximizin bir sıra qaranlıq məsələləri ilə yanaşı, Sumqayıt hadisələrinə də aydınlıq gətirilib, qanlı aksiyaların səbəbləri ətraflı araşdırılıb. Biz isə zaman-zaman bu mövzuya işıq salmaqla, istəyəndə nəyisə “unudan”, istəməyəndə isə unutmayan Qərbin yenidən erməni təxribatına uymasına yol verməməliyik.
Bu hadisələrin mahiyyətinin dünya ölkələrinə çatdırılması üçün müxtəlif dillərdə kitab və broşürlər yazıb nəşr etdirmişik. Mən bir jurnalist kimi düz 32 ildir ki, Sumqayıt hadisələrinin tədqiqatı ilə məşğulam. “28-dən 29-na keçən gecə”, “Erməni təxribatı”, “Ermənilərin Sumqayıtda qanlı aksiyası”, “İyirmi ildən sonra”, “Sumqayıt sirləri: faktlar, hadisələr, şərhlər”, “Sumqayıt, 1988. Cinayət və cəza” (Ramazan Məmmədovla birlikdə) adlı kitablarım çap olunub. Bu kitablar türk, rus, alman, ingilis, ispan dillərinə tərcümə edilib. “Sumqayıtın əks-sədası” tammetrajlı, “Sumqayıtın əks-sədası-2” və 5 seriyalı “Sumqayıt” adlı sənədli filmlərin ssenari müəllifiyəm.
Zaman 1988-ci ilin soyuq fevral günlərində Sumqayıtda baş verən olayların müəyyən detallarını unutdursa da, təxribatın əsl mahiyyəti, törədilmə şəraiti, bir sözlə, səbəb və nəticələri dəyişməz qalır. Əsl həqiqət budur ki, Sumqayıt hadisələri Dağlıq Qarabağı Azərbaycandan ayırmaq istəyən ermənilərin məkrli planlarının təkanverici tərkib hissəsi olaraq törədilib.
 Bildiyimiz kimi, 1988-ci il fevralın 27-29-da Sumqayıtda baş vermiş məlum hadisələrin fəal iştirakçılarından biri dəfələrlə məhkum edilmiş, milliyətcə erməni Qriqoryan Eduard adlı Sumqayıt sakini olub. Bu Edik – “Paşa” öz ətrafında küyə gedən, səbatsız gəncləri cəmləşdirib, “Ermənilərə ölüm!” kimi çağırışlarla xüsusi siyahıya əsasən erməni millətindən olan şəhər sakinlərinin evlərinə hücumlar həyata keçirib. O zaman şəhər rəhbərliyi Moskvaya ezam olunmuş, hüquq-mühafizə orqanları, necə deyərlər, ovsayt vəziyyətinə salınmışdı. Talanlar hər tərəfdə davam edirdi. Dinc sakinlər küçəyə çıxmağa ehtiyat edir, fotoqraflar şəkil çəkməyə qorxurdular. Martın 1-dən elan olunan komendant saatı rejimi isə, sən demə, erməniləri zərərdidələr kimi qələmə vermək tapşırığını almış istintaq qruplarının rahat işləyə bilmələri üçün imiş. Halbuki, suçlandırılan azərbaycanlılardan ibarət yüzlərlə ailənin erməniləri basqınçı həmlələrindən xilas edərək öz evlərində gizlətmələri ilə bağlı çoxsaylı faktlara göz yumulmuşdur. Bunu erməni milliyyətindən olan bir çox şəxslər də istintaq zamanı etiraf etmişlər. Hətta şəhərin komendantı V.Krayev Moskvada çap olunan “Pravda” qəzetinin 21 mart 1988-ci il tarixli sayındakı müsahibəsində bu barədə demişdi: “Ölüm çox ola bilərdi, əgər yerli əhali kömək etməsə idi. Bir avtobus sürücüsü elə həmin gün 10 erməni ailəsini öz doğma rayonu Şəkiyə aparıb”. 
Erməni yalanı ayaq tutub yerisə də, çox keçmədən Azərbaycanın hüquq-mühafizə orqanlarının fədakar əməyi sayəsində ermənilərin həyasızlığı ifşa olunmuşdur. Biz də gücümüz çatan qədər Sumqayıtın təmiz adının qorunmasına çalışmışıq. 
Ramazan Məmmədov, Sumqayıt Dövlət Universitetinin prorektoru, professor: 
– İllərdir ki, mən Sumqayıt hadisələrinin elmi-sosioloji tədqiqi ilə məşğul oluram. Mövzuya həsr olunmuş silsilə məqalələrim və 5 monoqrafiyam müxtəlif dillərdə nəşr edilib, respublikamızda və xarici ölkələrdə yayılmışdır.
Qısaca onu deyim ki, Sumqayıt şəhərində zərərçəkən ermənilərin əksəriyyəti “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub. Şahidlərin ifadələri ilə müəyyən edilib ki, “Krunk” cəmiyyətinə pul köçürən ermənilərin evləri hücuma məruz qalmayıb. Hadisələrin icraçılarından ən fəalının erməni olması, hadisədən əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, çox teziklə həmin lentlərin montaj edilərək bütün dünyanı dolaşması və digər bu kimi faktlar sübut edir ki, Sumqayıt hadisələri Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat idi.
Sumqayıtın yaşlı və orta nəslinin nümayəndələri şəhərdə erməni millətçilərinin xaricdə yaşayan havadarlarının, “Daşnaksutyun” partiyasının dəstəyi ilə necə qanlı aksiya törətdiyini yaxşı xatırlayırlar. O vaxt ölkədə “yenidənqurma” siyasəti elan edən Mixail Qorbaçovun “islahat”larından biri də millətlərarası ədavəti qızışdırmaq, xaos yaratmaq idi. Dağlıq Qarabağ məsələsi qaldırılan zaman Qorbaçov ermənilərə hər cür kömək göstərəcəyini vəd etmişdi. Şovinist Aqanbekyanın Parisdəki məlum çıxışı hadisələri alovlandıran ilk qığılcım oldu.
Sumqayıtda baş verən hadisələrlə bağlı apardığımız araşdırmaların nəticələri professor Həsən Sadıqovla birgə yazdığım “Sumqayıt: milli əsarət, ya milli səxavət?” və Əməkdar jurnalist Eyruz Məmmədovla mənim həmmüəllifi olduğum “Sumqayıt, 1988. Cinayət və cəza” kitablarında əksini tapıb. O dövrdə “Krunk” adlı erməni təşkilatı fəaliyyət göstərirdi. Demək olar ki, bütün qatı millətçilər oraya toplaşmışdılar. Təşkilatın yeganə məqsədi Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan ayırıb Ermənistana birləşdirmək idi. Bu məqsədlə ermənilərdən kütləvi şəkildə pullar yığılırdı. Sumqayıt ermənilərinin qarşısında da belə bir tələb qoyulmuşdu.
Təkcə bir ayda Sumqayıt bankından 1 milyon rubla yaxın pul çıxarılmışdı. Ermənilər faktları qətiyyətlə inkar etməyə çalışsalar da, həqiqət dəyişməz olaraq qalır. Belə ki, müttəhimlər kürsüsünə Eduard Qriqoryan adlı erməni də çıxarılmışdı. O erməni ki, ilk olaraq beş nəfəri qətlə yetirmiş və bununla da insanları kütləvi iğtişaşlara təhrik etmişdi. Yeri gəlmişkən, araqarışdıranlar təkcə insanları öldürməklə kifayətlənmir, hadisələrin miqyasını böyütmək üçün evlərə hücum çəkir, avtomobilləri yandırır, ticarət obyektlərini qarət edirdilər.
Fevralın 27-də ­Sumqayıta daxil olan təxribat qrupunun üzvləri əhali arasında ekstremist ruhlu təbliğat aparırdılar. Şəxsən şahidəm ki, bu naməlum şəxslər özlərini Ermənistandan qovulmuş azərbaycanlılar kimi qələmə verir, ermənilərin onlara necə divan tutduqlarından “yana-yana” danışırdılar. Qızışdırıcı, təxribat ruhlu söhbətlər təsirsiz qalmadı. Şəhərdəki qeyri-sağlam qüvvələr, xüsusən də dəliqanlı gənclər meydana toplaşdılar və Sumqayıtda yaşayan ermənilərə divan tutmaq çağırışları səsləndi. Şəhərin “başbilənləri” əhalini şayiələrə uymamağa, təmkinli olmağa çağırsalar da, artıq gec idi, düşmən öz işini görmüşdü.
Həmin günlər Sumqayıt şəhərinin rəhbərliyi məzuniyyətə göndərilmiş, milis rəisi işdən azad edilmiş, DTK şəhər şöbəsinin rəisi isə başqa işə keçirilmişdi. Şəhəri sanki bilərəkdən başsız qoymuşdular. Fevralın 28-də Sumqayıtda iğtişaşlar daha geniş miqyas aldı. İtaətsizlik baş alıb gedirdi. Bütün bunlar hadisələrə əvvəlcədən ciddi hazırlıq görüldüyündən və nəzarətdə saxlanıldığından xəbər verir. Sübut və dəlillər hadisənin ssenarisinin DTK divarları arasında hazırlandığını açıq-aydın göstərir. Respublika Baş Prokurorluğunun apardığı istintaqla müəyyən edilib ki, o vaxt Sumqayıt şəhərində yaşayan ermənilərin əksəriyyəti kütləvi iğtişaşların baş verəcəyindən əvvəlcədən xəbərdar olub. Belə ki, aparılan əlavə istintaq zamanı Sumqayıt şəhərində yaşayan 100-dən çox ailənin hadisələrə qədər əmanət kassalarından pullarını götürüb, şəhərdən köçüb getdikləri müəyyən edilib. Onların əksəriyyəti imkanlı ailələr idi. Həmin ərəfədə intensiv beynəlxalq telefon əlaqələri də ermənilər tərəfindən yaradılıb. İstintaq onu da müəyyənləşdirib ki, Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları Bakı və Sumqayıt şəhərlərinə gələrək ermənilərlə görüşüb, gizli söhbətlər aparıblar. Beləliklə, süni yaradılan təxribat ocağı bilərəkdən vaxtında söndürülməyib. Bu hadisənin Dağlıq Qarabağı Azərbaycanın tərkibindən qoparmaq üçün düşünüldüyü artıq təkzibolunmaz faktdır.
Əvəz Mahmud Lələdağ, “Tərəqqi” medallı pedaqoq, ­yazıçı-dramaturq:
– Mən yarım əsrdən çoxdur ki, müəllimlik fəaliyyəti ilə məşğulam. Bizim millətimiz kimi ürəyi təmiz, saf, sözə tez inanan millət tanımıram. Özüm əslən Sisyandan olduğuma görə erməilərin də iç üzünə yaxşı bələdəm. Onlar kimi yalançı, üzə duran, şər-xata, nankor, yeri gələndə özünü zavallı, zərərçəkmiş kimi göstərməyi əla bacaran millət yer üzündə yoxdur. Dünya da onları artıq bu xislətlərinə görə tanıyır. Ermənilərsə öz çirkin əməllərindən əl çəkmirlər.
Artıq Rusiya və digər ölkələrdə nəşr olunan mətbuat orqanlarında və kitablarda Sumqayıt hadisələrinin erməni millətçiləri və sovet rəhbərliyinin əməli olduğunu bildirən yazılara, qeydlərə rast gəlmək olur. Məsələn, vaxtilə SSRİ DTK sədrinin 1-ci müavini olmuş Filip Bobkovun xidməti istifadə üçün yazmış olduğu “KQB i vlast” kitabında bununla bağlı açıq etiraflar yer alıb. Litvalı müəllif Gintaras Visotskasın “Sumqayıt detektivi” adlı məqaləsində iğtişaşlarda Kremlin və ittifaq DTK-sının birbaşa əli olduğu təkzibedilməz faktlarla açıqlanır. İsrailə köçmüş bir bakılı yazar Tel-Əvivdə çıxan həftəlik “Kruq” qəzetində dərc etdirdiyi “Bakı gündəliyi”ndə yazırdı: “Keçmiş həmvətənim olan qadın etiraf edirdi ki, Sumqayıt azərbaycanlıların erməniləri qəhrəmancasına qoruduqları şəhərdir. Qətllərə, əlbəttə, ermənilər rəvac vermişdilər. Tutulanların işinə isə qəsdən Rusiyanın məhkəmələrində baxılıb ki, çirkin niyyətlər ört-basdır edilsin”. Moskvada çıxan “Novoye vremya” sovet həftəliyi “Blokada” adlı məqaləsində yazlrdı ki, oxucuların fikrincə, Sumqayıtda milli zəmində talanlar olmayıb. Təxribat məqsədilə erməniləri elə özlərininkilər öldürüblər. Təbliğat nəşri olan “İki il çəkən faciə” fotoalbomunda isə Qarabağ münaqişəsinin xronologiyasına dair belə bir qeyd yer alıb: “27-29 fevral. Bilavasitə erməni ekstremistlərinin iştirak etdikləri Sumqayıt talanları və kütləvi iğtişaşlar”. Rus yazıçısı Aleksandr Çekalin “Ekonomiçeskaya qazeta”da dərc etdirdiyi “1983-1993-cü illərdə SSRİ-yə kənardan vurulan 100 zərbə” məqaləsində Sumqayıt hadisələrini 17-ci sırada göstərib. İsveçdə yaşayan erməni siyasi xadim və yazıçı Vaqe Avetyan özünün sensasion fikirlərilə soydaşlarının iç üzünü ortaya qoyub. Sumqayıt hadisələrinin ildönümü ərəfəsində o bildirib ki, həmin dövrdə yaşanan hadisələri azərbaycanlılar deyil, SSRİ rəhbərliyi ermənilərin köməyilə həyata keçirib. “Ermənilər Qarabağı qonşularından alıb dünyaya göstərmək istədilər ki, necə ağıllı, qədim keçmişə malik xalqdırlar. Eləcə də demək istədilər ki, azərbaycanlılar necə pis xalqdır”, -deyə erməni yazıçı bəyan edib. Ermənilərin qəsbkarlıq planları ilə bağlı onun fikirləri mütəmadi olaraq mətbuatda dərc edilir.
Bildiyimizə görə, hadisələr ərəfəsində 100-dən çox saqqallı və meşin gödəkçəli erməni ekstremisti təxribatı təşkil etməkdən ötrü Sumqayıta göndərilib. Onlar şəhərin “Dalğa” və “Sumqayıt” mehmanxanalarında gecələyiblər. Emissarlar əhali arasına gedərək çıxışlar edib və gəncləri qisasçılıq hərəkətlərinə qızışdırıblar. Lenin meydanındakı mitinqdə Qafan “qaçqınları”nın, Sumqayıt şəhəri və respublika rəhbərlərinin “izahat məlumatı” qəzəblənmiş kütləni sakitləşdirə bilməyib.
Hadisələrin sabahı günü qatı millətçi yazarlar Sero Xanzadyan, Zori Balayan və Silva Kaputikyan Moskvada M.Qorbaçovla görüşmək imkanı əldə etmişdilər. Elə bu görüşlərin nəticəsi olaraq Azərbaycanda kütləvi həbslər başlanıb. 400-dən çox adam həbsxanalara atılıb. Günahsızlar işgəncələrə, təqiblərə məruz qalıblar. Amma hadisələr zamanı azərbaycanlıların da zərər çəkdiyini yada salan olmayıb. Ermənilər deyir ki, Sumqayıtda bir azərbaycanlının da burnu qanamayıb. Halbuki, döyülüb-söyülən, şikəst edilib-öldürülən soydaşlarımız da olub. Altı nəfərsə BTR təkərlərinin altında qalaraq həyatını itirib. İğtişaşları müşahidə edənləri təəccüb bürüyürdü ki, nə üçün milis və ordu dəstələri olayları müşahidəçi qismində izləyir, heç bir tədbir görmürlər?
Xaricdəki ermənilər hələ 1980-ci illərin əvvəllərində Ermənistan rəhbərliyindən Dağlıq Qarabağın ilhaqı məsələsini qaldırmağı tələb edirdilər ki, gələcəkdə milli sərvətləri ələ keçirib oraya sərmayə yatırsınlar. Qorbaçov hakimiyyətə gələndən sonra ermənilər Dağlıq Qarabağ məsələsini qaldırdılar. Məqsəd həm SSRİ-ni dağıtmaqda Qorbaçova kömək etmək, həm də Dağlıq Qarabağı Azərbaycanın tərkibindən alıb, Ermənistana qatmaq idi. Erməni oliqarxları Qarabağı özlərinin biznes mərkəzinə çevirmək və kapitallarını artırmaq istəyirdilər. Siz inanmazsınız, onların bu işə ayırdığı vəsait sovetlər birliyində olan hər hansı bir respublikanın illik büdcəsindən çox idi. 
Sumqayıtda 32 nəfər qətlə yetirilib. 94 nəfər məhkəmə qarşısında cavab verib, müxtəlif cəzalar alıb. Bir nəfərə isə ölüm hökmü kəsilib. Dörd il sonra ermənilər tərəfindən Xocalıda 600 nəfərdən çox azərbaycanlı qətlə yetirilsə də, hələ bir nəfər cinayətkar belə məhkəmə qarşısında dayanmayıb. Budurmu, haqq-ədalət?..
Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş tədbirdə mən də iştirak edirdim. “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olundum. Həmin tədbirdə dövlətimizin başçısı öz nitqində Sumqayıt hadisələrinin mahiyyətini bir daha açaraq bəyan etdi ki, bu, ermənilərin öz əməlidir. On nəfərə yaxın ermənini öldürən bir qatil Ermənistan rəhbərliyi tərəfindən ona görə azadlığa buraxılıb ki, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edilərək Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və nəticə etibarilə Dağlıq Qarabağ münaqişəsinə start verilmişdir.
Bəli, 32 il əvvəl törədilmiş iğtişaşlardan bu gün də öz mənfur niyyətləri üçün hiyləgərcəsinə istifadə etməyə çalışan ermənilərin yalanları beləcə davamlı şəkildə ifşa olunmalı, onların iyrənc təbliğat üsullarının qarşısı qətiyyətlə alınmalıdır.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

28 2020 01:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə