Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin beynəlxalq statuslu jurnalı AZƏRTAC haqqında məqalə dərc edib

Türkiyənin  elmi  nəşrlərindən olan “Anemon” jurnalı Azərbaycan Dövlət İnformasiya Agentliyi –AZƏRTAC haqqında məqalə dərc edib. “Xalq qəzeti”nin əməkdaşı, Əməkdar jurnalist  Namiq Əhmədovun “Azərbaycan Xalq Cümhuriyyəti: “AZƏRTAC”ın yaranma zərurəti və keçdiyi yol” (VII cild, №3, səh.291 – 297) adlı məqalədə bu günlərdə 100 yaşını qeyd edəcək,  Şərqdə ilk xəbər agentliklərindən olan AZƏRTAC-ın keçdiyi çətin və şərəfli yoldan danışılır. 

Məqalədə agentliyin fəaliyyət dövrü 3 mərhələdə təqdim edilir. Birinci mərhələ1920-ci ilin mart – aprel aylarını əhatə edir. Milli xəbər agentliyi ilk xəbərlərini bu qısa dövrdə yaymağa başlamışdır. İkinci mərhələ vaxt baxımından xeyli uzun bir dövrü– sovet zamanını, ən nəhayət, üçüncü mərhələ müstəqillik illərini əhatə edir. Bu dövrdə sovet hakimiyyəti illərində 8 dəfə ad dəyişikliyinə məruz qalan AZƏRTAC tarixi adını bərpa etmişdir. Lakin müstəqilliyi ilk illəri agentliyin təsərrüfat hesabına keçirilməsi ciddi iqtisadi çətinliklərə səbəb olmuşdur. 1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı AZƏRTAC-ın da fəaliyyətində yeni inkişafa səbəb olmuş, Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlarla agentlik dövlət himayəsinə götürülmüş, fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının yaxşılaşdırılması üçün ciddi tədbirlər görülmüşdür.

Yazıda  daha sonra bildirilir ki, AZƏRTAC-ın beynəlxalq əlaqələrinin qurulması və formalaşması da dövlət müstəqilliyinin bərpasından sonrakı illərə təsadüf edir. Müasir Azərbaycanın siyasi, iqtisadi və sosial həyatının bütün sahələrində baş verən hadisə və yenilikləri daha geniş coğrafiyada və operativ işıqlandıran agentliyin xəbərləri hazırda dünyanın 100-dən çox ölkəsinə yayılır. AZƏRTAC buna həm xaricdə fəaliyyət göstərən müxbir məntəqələri, həm də təmsil olunduğu beynəlxalq media qurumları, əməkdaşlıq etdiyi xarici informasiya agentlikləri vasitəsi ilə nail olur. Azərbaycan tarixinin bir əsrlik salnaməsini yaradan AZƏRTAC ölkəmizin dinamik inkişafı və artan nüfuzu fonunda cəsarətlə dünya arenasına çıxır, beynəlxalq informasiya məkanında mövqeyini getdikcə möhkəmləndirir.

Məqalədə agentliyin fəaliyyəti yüksək dəyərləndirmiş, xüsusən də milli dildə informasiya siyasətinin formalaşmasında bu iri media qurumunun xidmətlərinə xüsusi önəm verilmişdir.

Xatırladaq ki,  “Anemon”  Türkiyənin Muş Alparslan Üniversitesinin ictimai və humanitar elmlər sahəsində orijinal və ixtisaslı  məqalələr dərc edən  nüfuzlu nəşridir. “Copernicus”, “CiteFactor”  (Academic Scientific Journals), COSMOS IF (Cosmos Impact Factor), “CrossRef”  DOI (Digital Object Identifier), OAJI (Open Academic Journals Index) kimi 15-dən cox beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinin (bazalarının)  tanıdığı beynəlxalq  statuslu jurnaldır.

R.TAHİR,
“Xalq qəzeti”

27 2020 17:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə