Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Samsunda Xocalı qətliamının qurbanları anıldı

Qardaş Türkiyənin Qara dəniz sahilində yerləşən ən böyük  şəhəri Samsunun On Doqquz May Universitetində (OMU)  Xocalı qətliamımn 28-ci ildönümündə faciə qurbanlarının xatirəsi anıldı.   “Xocalı Şəhidləri abidəsi” önündə keçirilən anım mərasimi haqqında universitetin Mühəndislik fakültəsi İnşaat kafedrasının professoru olan həmyerlimiz Azər Qasımzadə məlumat vermişdir. Xocalı soyqırımının qardaş Türkiyədə də ortaq faciə kimi qəbul edildiyini vurğulayan professor bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xankəndidəki  366-cı sovet motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin birbaşa iştirakı ilə Xocalı şəhərinin yerlə-yeksan edilməsi, dinc əhaliyə divan tutması tariximizin qanla yazılan səhifələrindəndir. Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir vaxtda qardaş ölkədə faciələrimizə də sayğılı münasibət daim diqqət mərkəzində olmuşdur. Bu dəfə də  Xocalı şəhərində erməni qüvvələri tərəfindən qətlə yetirilən 613 Azərbaycan türkünun xatirəsi  Ondokuz Mayıs Universitetində təşkil olunan bir proqramla anıldı.

Anım proqramı Xocalıda vəhşicəsinə qətlə yetirilən Azərbaycan türklərinin xatirəsini əbədiləşdirmək və bəşəriyyət tarixində qaranlıq bir ləkə olaraq qalması üçün ötən il Universitet tərəfindən inşa edilən “Xocalı Şəhidləri abidəsi” önündə təşkil edildi. Proqramda  Türk Dili və Ədəbiyyatı fakultəsinin professoru Serkan Şen, Fizika fakultəsinin professoru Mustafa Çağatay Tufan, Mühəndislik fakultəsinin professoru Azər Kasımzadə, Beynəlxalq münasibətlər bölmünün əməkdaşı İsmail Hodziç, Beynəlxalq Tələbə bürosunun meneceri Ahu Gürbüz, alimlər, çoxsaylı azərbaycanlı və türk tələbələr iştirak etdi.

Anım proqramında ilk çıxış edən On Doqquz May Universitetinun Azərbaycan təmsilçisi Baba Osmanov erməni qüvvələri tərəfindən planlaşdırılan dəhşətli qırğın qarşısında deyiləcək sözün bitdiyini bildirdi. Ardından çıxış edən professor Serkan Şen dedi ki, türk dünyasının bu qaranlıq gününü anmaq üçün qardaşlarımızın adından toplandıq. Erməni qüvvələrinin tarixi qisas alması üçün hər fürsəti qiymətləndirdiyinin şahidi olduq. 28 il əvvəl yüzlərlə insan, qadın, qız, uşaq, qoca Xocalıda vəhşicəsinə öldürüldü. Əgər türk əcdadının nəslindənsənsə, düşmənlərin sənə etdiyi xəyanət tükənən deyil. 28 il əvvəl baş verənlər insanlıq tarixinin böyük bir cinayətidir. Bir gün Qarabağ azad ediləcək, azan dualarının oxunduğu bir vətən diyarına çevriləcəkdir. Bu vəhşiliyi  edənlər bilməlidir ki, Əziz Sancar kimi alimlər və Mübariz kimi cəsarətli oğullar yetişdikcə  zaman gücümüzə güc qatacağ. Qardaşlarımızın bu ağır günündə bir yerdəyik. Bu bütün Türk millətinin faciəsidir. Faciələrimizi unutmur, tarixi şüurumuz yaşadıqca, şəhidlərimizi unutmayacağıq.

Beynəlxalq münasibətlər bölmünün müəllimi İsmayıl Hodzic Xocalıda yaşanan ağrıları bölüşməyin vicdanlı bir məsuliyyət olduğunu söylədi. Xocalıdakı qırğın təkcə azərbaycanlıları hədəf almadığını deyən Hodzic,  bu qırğın insan olduğumu söyləyən hər kəsi yaraladı. 26 Fevral 1992 yalnız 613 günahsız insanın qətlə yetirildiyi bir tarix deyil, həm də təəssüflər olsun ki, Birləşmiş Millətlər Təşkilatının, Avropa Birliyinin, NATO və digər beynəlxalq təşkilatların bu qışqırıqlara səssiz qaldığı bir gündür. Xocalı bu təşkilatların müsəlmanlara qarşı tətbiq etdiyi ikili standartı ortaya qoyur. Bu ikili standart olmasaydı, Bosniya və Yaxın Şərqdəki qırğınlar davam etməzdi, deyə danışdı.

Çıxışlardan sonra azərbaycanlı tələbə Fərid Əliyev "Oyan Azərbaycan" və "Salam muəllim" şeirlərini söylədi, başqa bir tələbə Şükrü Gökgöz mini musiqi konserti ilə duyğulu anlar yaşadı.

“Xalq qəzeti”

27 Fevral 2020 16:44 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə