Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı–28

“Ulu türkün Təbrizi”

Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli 1992-ci il yanvarın 31-də 28 yaşının tamam olmasına 12 gün qalmış Ağdam istiqamətindən Xocalının mühasirəsinin yarılması uğrunda aparılmış döyüşdə igidliklə həlak olmuşdu. Qəhrəman şəhidbarədə yeni çəkilmiş “Ulu türkün Təbrizi” sənədli filminin ilk tamaşaçıları da o qanlı-qadalı günlərdən 28 il sonra  Nizami Kino Mərkəzində Xocalı soyqırımının ildönümünə həsr olunmuş mərasimin iştirakçıları oldular.

Ssenari müəllifi və rejissor Kəmalə Musazadənin Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” kinostudiyasında ərsəyə gətirdiyi filmin təqdimatına toplaşanlar Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə və ərazi bütövlüyü yolunda döyüşlərdə canından keçmiş Vətən övladlarının əziz xatirəsni bir dəqiqəlik sükutla yad etdilər.

Mərasimin aparıcısı Ən yeni tarixin çağadaş səhifəsinə Dağlıq Qarabağ münaqişəsinin ən müdhiş səhnəsi, millətçi-separatçı erməni vandallarının xalqımıza qarşı törətdiyi soyqırımı olan Xocalı faciəsinin qanlı xronikası barədə məlumat verdi. Bildirildi ki, Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun tör-töküntü bölməsi ilə birlikdə bütöv bir şəhəri dinc əhalisi ilə birlikdə vəhşicəsinə məhv etməsini Azərbaycanın Milli Məclisi  bütün dünyaya əsl soyqırın asktı kimi təqdim etmişdir. Bu kütləvi etnik qırğınla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın əksər ölkələrində çoxsaylı təbirlər təşkil olunub. İndiyə qədər 10-dan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb.

Sonra səhnəyə dəvət alan “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” kinostudiyasında milli tarixi yaddaşımızın yaşadılması, Qarabağ hadisələri, Milli qəhrəmanlarımızın tanıdılması üçün çoxsaylı ekran əsərlərinin çəkildiyini və dünyada nümayiş olunduğunu söylədi. Milli Qəhrəman Təbriz Xəlilbəylinin Qarabağ hadisələrinin ilk günündən cəbhəyə getmək istəyindən, torpaqlarımızın işğaldan azad olunması naminə göstərdiyi şücaətdən danışan natiq bildirdi ki, onun kimi qəhrəmanların ömür yolu gənc nəsil üçün əsl vətənpərvərlik məktəbi, sənət üçün isə həyatın verdiyi ən ibrətli mövzudur.

Yaradıcı heyətin bitkin bir sənədli ekran əsəri yaratmağa nail olduğunu bildirən tanınmış kinoşünas qeyd etdi ki, “Ulu türkün Təbrizi”  böyük istiqlal şairi Xəlil Rza Ulutürkün  öz ali məsləkinə uyğun böyüdüb-tərbiyələndirdiyi  Milli Qəhrəman Təbriz Xəlilbəyliyə həsr olunan ikinci sənədli filmdir. Ssenarist-rejissor Kəmalə Musazadənin ekranlaşdırdığı yeni filmdə Təbriz Xəlilbəylinin ömür və döyüş yolu haqqında bir çox maraqlı epizodllar əksini tapıb.

Mədəniyyət Nazirliyinin sifarişi ilə Azərbaycanın Milli qəhrəmanlarına həsr olunmuş silsilə sənədli filmlərin yaradılmasında iştirakından məmnunluğunu söyləyən Kəmalə Musazadə onun üçün belə bir hüznlü gündə danışmağın çətin olduğunu bildirdi. Filmin müəllifi ermənilərin Xocalıda və digər yurd yerlərimizdə törətdikləri vəhşilikləri xatırladaraq dedi ki, Azərbaycan xalqı heç vaxt bu faciələri unutmayacaq və gec-tez öz torpaqlarını düşmən tapdağından azad edəcək. Bu mövzuda yaradılan xronikalar, çəkilən ekran əsərləri isə Ermənistanın bais olduğu qanlı müharibənin canlı mənzərəsini gələcək nəsillərə çatdıracaq.

Səhnəyə qalxması və çıxışı dəfələrlə alqışlanan şəhid Təbriz Xəlilbəylinin anası Firəngiz Xəlilbəyli oğlunun hələ uşaqlıqdan böyük amallarla yaşadığını, onun yurdsevərliyi və hünəri ilə öz xalqını, eləcə də ailəsini şərəfləndirdiyini söylədi. Qəhrəman anası şəhidlərin ölmədiyini, onların mənsub olduğu millətin yaddaşında əbədi yaşadığını vurğulayaraq qeyd etdi ki, oğlu da hünəri ilə gənc nəslə vətənsevərlik nümunəsi göstərib və şərəfli ölümü ilə əbədiyyət qazanıb. Firəngiz xanım axırda ömür-gün yoldaşı, Xalq şairi Xəlil Rza Ulutürkün oğlu Təbrizə həsr etdiyi şeiri ana öyüncü və yanğısı ilə səsləndird.

Sonra film mərasim iştirakçılarına təqdim edildi. Sənədli ekran əsərində Milli Qəhrəman Təbriz Xəlilbəylinin yeni nəsillərə örnək olan ömür yolu təsirli epizodlarla, onu yaxından tanıyanların xatirələri ilə canlandırılıb.  Qəhrəmanın anası Firəngiz xanımın,  Xəlil Rza  ailəsinin yaxın dostları olan Xalq şairi Sabir Rüstəmxanlının və məfkurə nəğməkrı Rüstəm Behrudinin,  Təbrizin ali məktəb müəllimi Əməkdar artist  Azad Şükürovun,  komandiri olmuş Qarabağ və Əfqanıstan müharibələrinin veteranı Xudu Xuduyevin və döyüş dostlarının, vəfalı ömür-gün yoldaşı Sevinc xanımın, qızı Gültacın, nəvəsi balaca Təbrizin və yaxın qohumların filmdə söylədikləri  bioqrafik bir ardıcıllıqla onun bitkin obrazını tamaşaçılara təqdim etdi.  

Filmdə söylənənlərdən məlum olur  ki, Təbriz Xəlilbəyli 1964-cü il fevralın 12-də Bakı şəhərində, Xalq şairi Xəlil Rza Uluturkün ailəsində dünyaya göz açıb. 1981-ci ildə M.Müşfiq adına 18 nömrəli orta məktəbi bitirib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində qiyabi təhsil alıb və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işləyib. 1991-ci ilin sonlarında Təbriz könüllü olaraq cəbhəyə yola düşüb. O, qısa döyüş yolu keçsə də, yoldaşları arasında nüfuz və hörmət qazanıb. Döyüşlərdə neçə-neçə yaralı əsgəri atəş altından çıxarıb, düşmənin xeyli canlı qüvvəsini məhv edib. Döyüş şücaətlərinə görə Daxili İşlər Nazirliyinin “Boz qurd” mükafatına layiq görülüb. 1992-ci il yanvarın 31-də baş verən döyüşdə qəhrəmancasına həlak olub, Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Təbriz Xəlilbəyliyə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Tahir AYDINOĞLU,
Elşən AĞALAROV(foro),
“Xalq qəzeti”

27 2020 16:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə