Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Strasburqda Xocalı soyqırımı qurbanları hüznlə anılıb

Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə Strasburqda “Motsart” konsert salonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

AZƏRTAC-ın müxbiri  xəbər verir ki, anım mərasimində Avropa Şurası yanında akkreditasiya olunmuş diplomatik korpus, Strasburqun akademik dairələri və yerli ictimaiyyətin nümayəndələri, eləcə də Strasburq Universitetində təhsil alan tələbələrimiz və diasporumuzun təmsilçiləri iştirak ediblər. Xocalıda qətlə yetirilən günahsız insanların xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri Fəxrəddin İsmayılov insanlığa qarşı cinayət olan Xocalı qətliamı haqqında iştirakçılara məlumat verib. Diplomat Xocalı faciəsinin Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən günahsız sakinlərə qarşı soyqırımı aktının törədildiyini bəyan edib.

XX əsrin sonlarında bu cür vəhşiliklərin qəbuledilməz olduğunu söyləyən F.İsmayılov qeyd edib ki, bu soyqırımı törədənlər hələ də ədalət mühakiməsinə cəlb olunmayıblar. Xocalı sakinləri ədalətin bərqərar olmasını və bu qətliamı törədənlərin cəzalandırılmasını tələb edirlər. Əks təqdirdə, cəzasızlıq və susqunluq yeni insani faciələrə aparacaq.

Mərtasim Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş konsert proqramı ilə davam edib. Beynəlxalq müsabiqələr laureatı, skripkaçı Səbinə Rakçeyeva və istedadlı pianoçu Günel Mirzəyeva Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər. İştirakçılara Xocalı qətliamı və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə dair broşürlər paylanıb.

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti”

27 2020 11:47 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə