Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Avrasiya Universitetlər Birliyi (EURAS) tərəfindən Türkiyənin İstanbul şəhərində təşkil edilmiş “Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti - 2020”-də iştirak edib.

BANM-dan aldığımız məlumatda bildirilir ki, üç gün davam edən sammitə dünyanın müxtəlif universitetlərindən, eləcə də təhsil agentliklərindən 600-ə yaxın iştirakçı qatılıb. Sammitin əsas məqsədi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Asiya-Sakit okean regionunda fəaliyyət göstərən müxtəlif universitetlərin nümayəndələri arasında əməkdaşlığın qurulması, mövcud əlaqələrin genişləndirilməsi istiqamətində geniş müzakirələrin və fikir mübadiləsinin aparılması olub.

Rektor səfər zamanı EURAS-a üzv olan ali təhsil müəssisələri ilə BANM arasında tədris və elmi-tədqiqatın müxtəlif istiqamətlərində əməkdaşlıq perspektivləri barəsində müzakirələr aparıb. Elmar Qasımov sammit çərçivəsində təşkil edilmiş sərgidə iştirakı zamanı İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydın ilə görüşüb.

Sammit çərçivəsində panel sessiyaları və sərgi təşkil olunub. Bakı Ali Neft Məktəbini sammitdə spiker qismində təmsil edən İnfomasiya Təhlükəsizliyi ixtisasının baş müəllimi Xəyyam Məsiyev Rəqəmsallaşdırma və innovasiya paneli üzrə "Blokçeyn texnologiyalarını tətbiq etməklə kibertəhlükəsiz sosial cəmiyyət platforması" mövzusunda çıxış edib.

Sərgidə Ali Məktəb rəsmi stendi ilə təmsil olunub. Stenddə əldə olunan ən son nailiyyətlər təqdim olunub. Tədris metodologiyası, qəbul mexanizmi, geniş əməkdaşlıq və iş imkanları barədə ziyarətçilərə məlumatlar təqdim olunub.  ABŞ, Türkiyə, Qazaxıstan, İran və İtaliyadan olan iştirakçılar stendə xüsusi maraq göstəriblər.

Qeyd edək ki, Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti Avrasiya regionunun nüfuzlu ali təhsil müəssisələrinin əməkdaşlarını və dünya miqyasında tanınmış təhsil ekspertlərini bir araya gətirən, dünyanın sayca 3-cü böyük beynəxalq təhsil və sərgi  sammitidir.

Samirə Əliyeva,
“Xalq qəzeti”

27 2020 11:36 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə