Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qloballaşma şəraitində iqtisadi artım və sahibkarlığın prioritet istiqamətləri

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) marketinq kafedrasının təşkilatçılığı ilə “Qloballaşma şəraitində iqtisadi artım və sahibkarlığın prioritet istiqamətləri” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib. ATMU-nun elm və inkişaf məsələləri üzrə prorektoru, p.e.d., prof. İrana Əliyeva tədbirə qatılan iştirakçıları və xarici universitetlərin professor-müəllim heyətini salamladıqdan sonra  qeyd edib ki,ixtisaslı və peşəkar kadr potensialının yaradılmasını hədəfləyən Azərbaycan Turizm və Menecment Universiteti xarici əlaqələrin genişləndirilməsində də maraqlıdır. Beynəlxalq onlayn dəyirmi masaların təşkili ənənəsi ADA, UNEC, BDU, BMU və digər universitetlərin təcrübəsindən də məlumdur.

İ.Əliyeva ATMU-nun tədbirlər planına əsasən marketinq kafedrasının təşkilatçılığı ilə universitet əməkdaşlarının Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) UNEC Rus İqtisad Məktəbinin direktor müavini professor Elşad Məmmədov, Bakı Mühəndislik Universitetinin prorektoru, dosent Elçin Süleymanov, DİA-nın professoru Fərhad Rəhmanovla tərəfmüqabili olduqlarını deyib. Lakin növbəti dəyirmi masa eyni anda  fərqli ölkələr-- Estonya, Moldova, Ukrayna,Bolqarıstan və Rumıniyanın universitetləri ilə canlı bağlantıdan faydalanıb görüşmək və əlaqələr yaratmaq ideyası Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən daha bir ilkə imza atılması deməkdir. Bu görüşün nəticəsi olaraq tam əminliklə demək olar ki, əlaqələr müstəvisində tələbə və müəllim  mübadiləsinə, faydalılıq əmsalı yüksək dəyərləndirilən təcrübənin tətbiqinə təkan verəcək.

Rumıniyanın “ARTİFEX” Universitetinin rektoru Ph.D.Prof. Alexandru Manole öz videoçarxında başda ATMU-nun rektoru İlham Mədətov olmaqla universitetin professor-müəllim heyətinə salamlarını çatdırdı.Qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə və inkişafına nail olmaq üçün səylərini əsirgəməyəcəyini bildirdi. İştirakçılara uğurlar arzuladı.

Bakı Mühəndislik Universitetinin (BMU)  elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov “Ali təhsilin iqtisadi artımı”, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) sosial sferanın iqtisadiyyatı və idarə olunması kafedrasının müdiri,əməkdar elm xadimi, professor Əli Əlirzayev “Azərbaycan iqtisadiyyatının inkişafında sosial islahatların əsas istiqamətləri”, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Rus İqtisad Məktəbinin direktor müavini i.e.d., prof. Elşad Məmmədov “Nağdsız dövriyyənin ölkənin iqtisadi artımına təsiri”, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Rus iqtisad məktəbinin iqtisadiyyat kafedrasının məsləhətçisi, i.e.d., prof. Fərhad Rəhmanov “Sosial sahibkarlıq: müəssisələrin sosial inkişafı. a)Beynəlxalq təcrübə və Azərbaycan həqiqətləri; b) Özəl müəssisə və onun mövcud vəziyyəti”, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) marketinq kafedrasının müdiri i.ü.f.d., dos. Elmira Qocayeva “Qloballaşma şəraitində Azərbaycan dövlətinin sosial siyasəti: a) müasir vəziyyət; b) problemlər və icra mexanizmi”, Bakı Dövlət Universitetinin (BDU) “İqtisadiyyat və idarəetmə” kafedrasının professoru i.e.d., prof. Vahid Abbasov “Sahibkarlığın inkişafının iqtisadi artıma təsiri” mövzusunda məruzə etdilər. Birbaşa canlı bağlantıya qatılan Moldova,Rumıniya,Ukrayna və Bolqarıstan universitetlərinin elm adamları tərəfindən konkret desək  qeyri – neft sektorunun prioritet istiqamətlərini ehtiva edən mövzulara həssaslıqla yanaşmaları diqqətdən yayınmadı. Fikir mübadiləsi şəraitində  davam edən canlı bağlantı iştirakçılar tərəfindən razılıqla qarşılandı.

Qeyd etmək lazımdır ki,”Qloballaşma şəraitində iqtisadi artım və sahibkarlığın prioritet istiqamətləri” mövzusuna həsr olunan beynəlxalq onlayn tədbir azərbaycan,rus və ingilis dillərində fəaliyyət göstərib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

27 2020 11:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə