Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 65 Bakı şəhəri, 24 fevral 2020-ci il
 
“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsindəpayız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
 
“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 
1. “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir. 
 
 
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
 
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 24 fevral

tarixli 65 nömrəli Qərarı ilə

təsdiq edilmdir.

 

 

 

Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində

payız-qış mövsümünə hazırlıq işlərinin aparılması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

  1.  Bu Qayda “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.4-cü yarımbəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanmışdır və elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydasını müəyyən edir.

1.2. Bu Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarəti səlahiyyətli nəzarət  qurumu həyata keçirir.

 

2. Əsas anlayışlar

 

  1.  Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
    1.  payız-qış mövsümünə hazırlıq obyektləri – elektrik və istilik enerjisinin istehsalını, ötürülməsini, paylanılmasını və satışını, həmçinin təbii qazın nəqlini, paylanılmasını təmin edən obyektlər;
    2.  təchizatçı – təbii qazın nəqlini, paylanılmasını, satışını, habelə elektrik və istilik enerjisinin istehsalını, ötürülməsini, paylanılmasını və satışını həyata keçirən müəssisələr;
    3.  məsul subyekt – təchizatçının tabeliyində olan və payız-qış mövsümünə hazırlıq obyektlərinin idarə edilməsini həyata keçirən qurumlar;
    4.  səlahiyyətli nəzarət qurumu – Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi;
    5.  mövsümi hazırlıq – payız-qış mövsümünə hazırlıq obyektlərinin mövsümə hazırlanması üzrə tədbirlər kompleksi;
    6.  hazırlıq aktı – payız-qış mövsümünə hazırlıq obyekt-lərinin mövsümə hazır olması barədə işçi komissiya tərəfindən tərtib edilən, mövsümi hazırlıq sisteminə daxil olan və kommunal xidmətlərin vahid informasiya sisteminə inteqrasiya edilən rəsmi sənəd;
    7.  işçi komissiya – məsul subyekt tərəfindən yaradılan və payız-qış mövsümünə hazırlıq obyektlərinin mövsümi hazırlığını təşkil edən komissiya;
    8.  mövsümi hazırlıq komissiyası – payız-qış mövsümünə hazırlıq obyektlərinin mövsümi hazırlığını qiymətləndirən komissiya;
    9.  monitorinq – payız-qış mövsümünə hazırlıq obyekt-lərinin payız-qış mövsümünə hazır olmasının yoxlanılması üsulu;
    10.  mövsümi hazırlıq sistemi – məsul subyektlər tərəfindən təşkil edilən və real vaxt rejimində nəzarət qurumu üçün heç bir məhdudiyyət müəyyən edilmədən əlçatan olan, kommunal xidmətlərin vahid informasiya sisteminə inteqrasiya edilən elektron məlumat sistemi.

 

 

3. Payız-qış mövsümünə hazırlıq işləri

 

3.1.        Təchizatçı tərəfindən payız-qış mövsümünə hazırlıq vahid prinsiplər əsasında təşkil olunur.

3.2.        Payız-qış mövsümünə hazırlıq mərhələsi sonuncu payız-qış mövsümündə qüvvədə olan normativlərdən kənaraçıxmaların və qüsurların mövcudluğu haqqında məlumatların sistemləşdirilməsini və emalını, avadanlığın texniki vəziyyətini, faktiki iş rejimlərinin və istismarının səviyyəsinin təhlilini, təmirin həcminin dəqiqləşdiril-məsini, təşkilati-texniki tədbirlərin siyahısının tərtib edilməsini, təmir və tikinti-quraşdırma işlərinin maddi-texniki təminatının, layihə-smeta sənədlərinin hazırlanmasını, bununla bağlı tədbirlər planının təsdiq edilməsini və təmir-bərpa işlərinin görülməsi üçün podratçılarla müqavilələrin bağlanılmasını ehtiva edir.

3.3.        Payız-qış mövsümünə hazırlıq mərhələsində aşağıdakı tədbirlərin icrası həyata keçirilir:

3.3.1.     istehsalat, ictimai və infrastruktur sistemlərinə texniki baxışın keçirilməsi və qüsur aktlarının tərtib olunması;

3.3.2.     payız-qış mövsümünə hazırlıq obyektlərinin payız-qış mövsümünə hazırlıq üzrə sonuncu mövsümün nəticələri və texniki baxış əsasında hazırlanmış qüsur aktları nəzərə alınmaqla, tədbirlərin hazırlanması və tədbirlər planının təsdiq edilməsi.

3.4.        İşçi komissiyasının baxışı zamanı aşağıdakılar müəyyən edilir:

3.4.1.     payız-qış mövsümünə hazırlıq obyektlərinin texniki vəziyyəti;

3.4.2.     istehlakçıların qazla, istilik və elektrik enerjisi ilə təchiza-tının etibarlılığı, həmçinin sonuncu payız-qış mövsümündə təchizat sistemlərinin istehsalat rejimlərinə uyğunluğuna riayət olunması;

3.4.3.     cari və əsaslı təmirlərin planlaşdırılması;

3.4.4.     avadanlıqların təmiri və ya əvəz edilməsi zamanı təmirlərarası normativ müddətlərə riayət olunması;

3.4.5.     maddi-texniki təminatın təşkili və planlaşdırılan təmir işlərinin materiallarla, ehtiyat hissələri və avadanlıqlarla təchizatı;

3.4.6.     məsul subyektlərin ixtisaslaşdırılmış istismar və təmir personalı (heyəti) ilə təmin edilməsi, təmir briqadalarının texnika ilə, alətlərlə, həmçinin işlərin təhlükəsiz yerinə yetirilməsi üçün mühafizə vasitələri və cihazları ilə təchiz olunması;

3.4.7.     payız-qış mövsümünə hazırlıq obyektlərinin avadanlıq-larının və sistemlərinin istismarı zamanı sənaye, yanğın və ekoloji təhlükəsizlik tələblərinin yerinə yetirilməsi.

3.5.        Payız-qış mövsümünə hazırlıq obyektlərinin mühəndis-texniki təminatı sistemlərinə baxış onların inşaat konstruksiyalarının baxışı ilə eyni zamanda həyata keçirilir. Xüsusi olaraq, normativ xidmət müddətləri keçmiş avadanlıqlara və konstruksiyalara, həmçinin istismarın birinci ilində yenidən tikilmiş və ya əsaslı surətdə təmir edilmiş binalara və tikintilərə baxış keçirilir.

 

 

4. İstilik təchizatı qurumlarının payız-qış mövsümünə hazırlığı

 

4.1.        İstilik təchizatı qurumları istilik enerjisi təchizatı sistemlərinin və şəbəkələrinin sonuncu payız-qış mövsümü ərzində fəaliyyətinin təhlili əsasında qüvvədə olan qaydaları və səlahiyyətli nəzarət qurumunun məcburi göstərişlərini nəzərə almaqla, yeni payız-qış mövsümünə hazırlıq üzrə təşkilati-texniki tədbirlər planını işləyib hazırlayırlar.

4.2.        Payız-qış mövsümünə hazırlıq dövründə istilik təchizatı qurumlarının vəzifələri aşağıdakılardır:

4.2.1.     istilik mənbələrində, magistral istilik şəbəkələrində, nasosxana və mərkəzi-istilik məntəqələrində (balans mənsubiyyəti üzrə) avadanlıqların, boru xətlərinin, uçot və tənzimlənmə sistemlərinin profilaktikası, təmiri və əvəzlənməsi, hesablaşma uçot cihazlarının metroloji yoxlanılması üzrə işləri aparmaq;

4.2.2.     rezerv (ehtiyat) hissələrinin zəruri ehtiyatını yaratmaq, payız-qış mövsümünə hazırlıq dövründə təmir bölmələrini zəruri maşın və mexanizmlərlə təchiz etmək;

4.2.3.     xarici və daxili qaz, su və elektrik kommunikasiyalarının, elektrik və su təchizatı kommunikasiyalarının və mənbələrinin profilaktikası və təmiri üzrə işləri həyata keçirmək;

4.2.4.     qaz, istilik və elektrik enerjisi təchizatı şəbəkələrinin texniki normativ hüquqi aktlarda nəzərdə tutulan tələblərə uyğun olaraq müəyyən edilmiş qaydada sınaqlardan keçirilməsi üzrə iş proqramlarını hazırlamaq, uyğunlaşdırmaq və təsdiq etmək;

4.2.5.     istilik təchizatı sistemlərinin etibarlılığını qüvvədə olan standartlarla müəyyən edilmiş qaydada yoxlamaq;

4.2.6.     müvafiq qurumlarla enerji resurslarının (qaz, istilik, elektrik enerjisi) təchizatı üzrə müqavilələr bağlamaq (onların müddətini uzatmaq);

4.2.7.     qazın, istilik və elektrik enerjisinin uçot və tənzimləmə cihazlarının profilaktikası, təmiri (yoxlanılması) üzrə işləri yerinə yetirmək.

4.3.        İstilik təchizatı qurumları istilik enerjisi mənbələrinin və (və ya) şəbəkələrinin avadanlıqlarında plan-qrafiklərə uyğun işlərin başlanılması müddətlərini 15 (on beş) gün əvvəl təmir və tikinti müəssisələri ilə razılaşdırır və təsdiqləyirlər.

4.4.        İstilik təchizatı qurumları istilik mənbələri və şəbəkələrində sınaqların, təmir və sazlama işlərinin aparılması üçün yaz-yay aylarında isti su təchizatının dayandırılacağı barədə istehlakçıları ən azı 1 (bir) ay əvvəldən məlumatlandırmalıdırlar.

4.5.        İstilik təchizatı qurumları istilik enerjisi təchizatının dayandırılmasının razılaşdırılmış plan-qrafiklərini cari ilin mart ayının 15-dək aşağıdakı şəxslərə təqdim edirlər:

4.5.1.     istilik enerjisi şəbəkələrinə qoşulmuş və təchizatçı ilə müqavilə bağlamış istehlakçılara;

4.5.2.     istilik mənbələrində və istilik şəbəkələrində işlərin yerinə yetirilməsi üçün müqavilə bağlamış tikinti, təmir və sazlama qurumlarının rəhbərlərinə;

4.5.3.     istismarda olan istilik şəbəkələrinə birləşdirilən yeni payız-qış mövsümünə hazırlıq obyektlərinin rəhbərlərinə.

4.6.        Yeni istismara verilən magistral və məhəllədaxili şəbəkə-lərdə işəburaxma-sazlama işləri payız-qış mövsümü başlayanadək yekunlaşdırılmalıdır.

4.7.        İstilik mənbələrində payız-qış mövsümünə hazırlıq üzrə işlər cari ilin istilik mövsümünün başlanması tarixinədək yekunlaşdırılmalıdır.

4.8.        Cari ilin istilik mövsümünün başlanmasına 1 (bir) həftə qalmış enerji resurslarının mənbələrinin və şəbəkələrinin avadan-lıqlarında bütün işlər tamamlanmalı, payız-qış mövsümünə hazırlıq dövründə aşkara çıxarılmış bütün pozuntular və qüsurlar aradan qaldırılmalıdır.

 

 

 

5. Qaz təchizatçısının payız-qış mövsümünə hazırlığı

 

 

5.1.        Qaz təchizatçısının payız-qış mövsümünə müvafiq hazırlıq işləri və onların icra olunması tarixləri istilik təchizatı qurumları üçün nəzərdə tutulmuş tələblərlə, həmçinin təsdiq edilmiş tədbirlər planına uyğun olaraq həyata keçirilir.

 

 

 

 

6. Elektrik enerjisi təchizatçısının payız-qış

mövsümünə hazırlığı

 

6.1.        Elektrik enerjisi təchizatçısının payız-qış mövsümünə müvafiq hazırlıq işləri və onların icra olunması tarixləri istilik təchizatı qurumları üçün nəzərdə tutulmuş tələblərlə, həmçinin təsdiq edilmiş tədbirlər planına uyğun olaraq həyata keçirilir.

 

 

7. Məsul subyektlərin payız-qış mövsümünə hazırlığı

 

7.1.        Məsul subyektlər payız-qış mövsümünə hazırlıq obyektlə-rinin fəaliyyətinin dayanıqlılığını təmin etməlidirlər.

7.2.        Məsul subyektlər mülkiyyətində, eləcə də təsərrüfat və əməliyyat  idarəetməsində olan qaz, istilik və elektrik enerjisi sistemləri və şəbəkələrinin sonuncu mövsümdə fəaliyyətinin təhlili əsasında cari ilin 1 may tarixinədək qarşıdakı payız-qış mövsümünə hazırlıq üzrə təşkilati-texniki tədbirlər planını işləyib hazırlayır və mövsümi hazırlıq sisteminə daxil edirlər.

7.3.        Mövsümi hazırlıq üzrə məsul subyektlərin vəzifələri aşağıdakılardır:

7.3.1.     istilik qurğularının qaz avadanlıqlarının, boru kəmərlə-rinin, istilik və elektrik şəbəkələrinin, mərkəzi istilik məntəqəsinin, fərdi istilik məntəqəsinin, istilik məntəqəsinin təmiri, eləcə də cari il üçün qaz, enerji və istilik təchizatı üzrə proqramda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək;

7.3.2.     elektrik və istilik, habelə qaz kommunikasiyalarının və təchizat mənbələrinin kommersiya uçotunu və istilik enerjisinin tənzimlənməsi cihazlarının mövcud qaydaların tələblərinə uyğun-luğunu təmin etmək;

7.3.3.     enerji şəbəkələrində tələbatın yük cədvəllərini dəqiqləşdirmək;

7.3.4.     qaz, istilik və elektrik enerjisi təchizatının operativ və icraedici sxemlərinin yoxlanışını aparmaq, qəza vəziyyətləri baş verdikdə, enerji təchizatı idarələrinin operativ xidmətləri ilə qarşılıqlı fəaliyyət üzrə planları dəqiqləşdirmək;

7.3.5.     mümkün qəza vəziyyətlərini tədqiq etmək və bunun üçün zəruri olan işçi heyəti müəyyənləşdirərək material və avadanlıqlar göstərməklə, onların aradan qaldırılması üzrə planları işləyib hazırlamaq;

7.3.6.     məsul subyektlər zəruri texnika, maddi və əmək resurslarını müəyyən etməklə, enerji istehlakı sistemlərində mümkün qəza vəziyyətlərinin və onların fəsadlarının aradan qaldırılması üzrə işlərə cəlb edilməli olan konkret qurumları müəyyənləşdirmək;

7.3.7.     istismar edilən avadanlıqların tərkibini və miqdarını nəzərə almaqla, onların, həmçinin materialların siyahısını tərtib etmək (düzəliş etmək) və qəza ehtiyatını yaratmaq (tamamlamaq);

7.3.8.     binaların və tikililərin inşaat konstruksiyalarının təmiri üzrə kompleks işləri (isidilmə, şüşələmə, dam örtüyünün təmiri) yerinə yetirmək (zərurət olduqda).

7.4.        Qazla, istilik və elektrik enerjisi ilə təchizatın təmin edilməsi məqsədilə məsul subyektlər:

7.4.1.     istehlak etdikləri qaz, istilik və elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəyirlər;

7.4.2.     buraxıcı kranların, armaturların, istilik enerjisinin uçot nöqtəsinə qədər yerləşən nəzarət-ölçmə cihazlarının möhürlən-məsinin həyata keçirilməsi üçün təchizatçının nümayəndələrinə icazə verir və quraşdırılmış möhürlərin tamlığının qorunmasını təmin edir, möhürlərin çıxarılmasını isə təchizatçını əvvəlcədən məlumat-landırmaqla həyata keçirirlər;

7.4.3.     müəyyən edilmiş qaz, istilik və elektrik enerjisi rejimlərinə riayət edirlər;

7.4.4.     qaz, istilik və elektrik enerjisi şəbəkələrinin, istehlak qurğularının və qazın, istilik və elektrik enerjisinin kommersiya uçotu cihazlarının texniki vəziyyətinin yoxlanılması üçün təchizatçının nümayəndələrinə icazə verirlər;

7.4.5.     cari ilin istilik mövsümündən əvvəl qurğuların sazlan-masını və təhvil-təslim sınaqlarını (texniki hazırlıq aktında nəzərdə tutulmuş texniki sınaqları) həyata keçirirlər.

 

8. Hazırlıq pasportunun rəsmiləşdirilməsi və qeydiyyatı

 

8.1.        Məsul subyektlərə payız-qış mövsümündə işə hazırlıq üzrə pasportlar (bundan sonra – payız-qış mövsümünə hazırlıq pasportu) təchizatçı tərəfindən verilir. Payız-qış mövsümünə hazırlıq pasportu müvafiq elektron məlumat sisteminə yerləşdirilir və kommunal xidmətlərin vahid informasiya sisteminə inteqrasiya olunur.

8.2. Məsul subyektin payız-qış mövsümünə hazırlıq paspor-tunun alınması üçün müraciətinə baxılması, qərarın qəbul edilməsi və pasportların verilməsi təchizatçının mövsümi hazırlıq komissiyası tərəfindən həyata keçirilir.

8.3. Payız-qış mövsümünə hazırlıq aktı bütün əlavələri ilə birlikdə 2 (iki) nüsxədə tərtib edilir, nüsxələrdən biri məsul subyektdə  saxlanılır, ikinci nüsxə isə payız-qış mövsümünə hazırlıq pasportunun alınması üçün müraciətə əlavə edilir.

8.4.        Payız-qış mövsümünə hazırlıq pasportunun alınması üçün məsul subyektlər  aşağıdakı sənədləri təqdim edirlər:

8.4.1.     enerji, istilik və qaz təchizatı qurumlarının payız-qış mövsümünə hazırlıq pasportunun alınması üçün yazılı müraciəti;

8.4.2.     hazırlıq aktını (hazırlıq aktına payız-qış mövsümünə hazırlıq pasportunu almaq üçün zəruri olan şərtlərin (bundan sonra – şərtlər) yerinə yetirilməsini sübut edən sənədlər əlavə edilir).

8.5.        Hər il avqust ayının 1-dən etibarən payız-qış mövsümündə işə hazırlıq pasportunun verilməsi üçün təchizatçılar tərəfindən payız-qış mövsümündə işə hazırlığın qiymətləndirilməsi üzrə mövsümi hazırlıq komissiyası yaradılır və işə başlayır.

8.6. Payız-qış mövsümünə hazırlıq pasportlarının alınması üçün təqdim edilmiş materiallar mövsümi hazırlıq komissiyasında əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq araşdırılır.

8.7.        Mövsümi hazırlıq komissiyasının işinin nəticələrinə uyğun olaraq, onun bütün üzvlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıq pasportu tərtib edilir və imzalanır.

8.8.        Payız-qış mövsümünə hazırlıq pasportunun rəsmiləş-dirilməsi zamanı aşağıdakı şərtlərə riayət olunmalıdır:

8.8.1.     gücün maksimum səviyyəsini nəzərə almaqla, ötürülməsinə hazırlığın təmin edilməsi;

8.8.2.     əsas və köməkçi avadanlığın planlı təmirinin zəruri həcmlərdə və təyin edilmiş normalara uyğun keyfiyyətdə yerinə yetirilməsi;

8.8.3.     istilik qurğularının ətraf mühitin temperatur diapazonuna əsasən tərtib edilmiş temperatur qrafikinə uyğun işləməsinin təmin edilməsi;

8.8.4.     avadanlıqların etibarlı işinin təmin edilməsi məqsədilə sərfiyyat normalarına uyğun miqdarda yanacaq ehtiyatının tədarük edilməsi;

8.8.5.     havaların kəskin soyuduğu günlərdə və ya qaz ehtiyatının azaldığı hallarda, enerji mənbələrinin ehtiyat yanacaq növünə keçməsi qrafikinin mövcud olması;

8.8.6.     xarici havanın iqlim normalarından kəskin fərqləndiyi hallarda avadanlığın, qurğuların zədələnməsinin və texnoloji sxemlərin pozulmalarının qarşısının alınması üçün planlaşdırılmış tədbirlərin yerinə yetirilməsi;

8.8.7.     payız-qış mövsümünə hazırlıq obyektlərinin planlı təmiri və müayinəsi üzrə iş həcmlərinin yerinə yetirilməsi;

8.8.8.     yanacağın çatışmazlığı və ya mümkün qəza vəziyyətləri zamanı istehlakçılara tətbiq ediləcək məhdudiyyət və birbaşa açılma qrafiklərinin mövcud olması;

8.8.9.     istehlakçılarla qarşılıqlı münasibətlər və qəza vəziyyətlərində qarşılıqlı fəaliyyət barədə əsasnamənin mövcud olması;

8.8.10.   avadanlıqların istismarı üçün mövcud normalara uyğun olaraq, su rejiminin təmin edilməsi;

8.8.11.   təchizatçılar tərəfindən təsdiq edilmiş sxemlərə uyğun mühafizə qurğularının və avtomatika vasitələrinin mövcudluğu;

8.8.12.   elektrik və yanacaq təsərrüfatının partlayışdan və yanğından mühafizəsi üçün təhlükəsizlik tələblərinin yerinə yetirilməsi;

8.8.13.   xarici elektrik təchizatı sxemlərinin, həmçinin elektrik və qaz qəbuledicilərinin qoyulmuş texniki tələblərə uyğunluğu;

8.8.14.   qoruyucu inşaat konstruksiyalarında istiliksaxlayıcı tədbirlərinin görülməsi və onların texniki baxımdan saz vəziyyətdə olması;

8.8.15.   rele mühafizəsinin, qəza əleyhinə və yanğın əleyhinə avtomatikanın yoxlanılması planlarının yerinə yetirilməsi;

8.8.16.   təsdiq edilmiş siyahıya uyğun olaraq materialların və ehtiyat hissələrinin qəza ehtiyatının mövcud olması;

8.8.17.   cari ilin 1 oktyabr tarixinə payız-qış mövsümündə istehlakçıların qaz, enerji və istilik təchizatının məhdudlaşdırılmasına gətirib çıxara bilən əsas avadanlıqların uzunmüddətli (30 gündən artıq) plandankənar (qəza) təmirdə olmaması.

8.9.        Məsul subyektin payız-qış mövsümünə hazırlığının qiymətləndirilməsi zamanı mövsümi hazırlıq komissiyası tərəfindən aşkar edilmiş qüsurlar aktda qeyd edilir.

8.10. Məsul subyektin payız-qış mövsümündə işə hazır olmadığı halda, məsul subyektin rəhbərliyi çatışmazlıqların aradan qaldırılmasının konkret müddəti göstərilməklə, tədbirlər planını işləyib hazırlayır və onu komissiya ilə razılaşdırır. Razılaşdırılmış tədbirlər planı payız-qış mövsümünə hazırlıq aktına əlavə edilir.

8.11.      Sənədlərlə tanış olduqdan və yerində baxış keçirildikdən sonra mövsümi hazırlıq komissiyası aşağıdakı əsaslandırılmış qərarlardan birini qəbul edir:

8.11.1. payız-qış mövsümünə hazırlıq pasportunu vermək;

8.11.2.   payız-qış mövsümünə hazırlıq pasportunun verilmə-sindən imtina etmək.

8.12.      Komissiya tərəfindən payız-qış mövsümünə hazırlıq pasportunun verilməsinə dair qərarın qəbul edilməsi üçün əsas təqdim edilmiş sənədlərin məzmununun payız-qış mövsümünə hazırlıq pasportunun alınması üçün şərtlərə uyğunluğudur.

8.13. Payız-qış mövsümünə hazırlıq pasportu elektron şəkildə və ya kağız formasında verilir. Cari ildə təqdim edilmiş payız-qış mövsümünə hazırlıq pasportu yalnız növbəti payız-qış mövsümü-nədək qüvvədə olur.

8.14. Komissiya tərəfindən hazırlıq pasportunun verilməsindən imtinaya dair qərarın qəbul edilməsi üçün aşağıdakılar əsas hesab edilir:

8.14.1.   məsul subyektlərin təqdim etdikləri sənədlərin və (və ya) həmin sənədlərdəki məlumatların dəqiq olmamasının müəyyən edilməsi;

8.14.2.   məsul subyektlərin və (və ya) onlar tərəfindən xidmətlərin göstərilməsi üçün zəruri olan materialların və məlumatların Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə təyin edilmiş tələblərə uyğun olmaması;

8.14.3.   məsul subyektlər tərəfindən xidmətlərin göstərilməsinin qadağan edilməsi barədə səlahiyyətli dövlət orqanlarının və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olması.

8.15. Komissiya payız-qış mövsümünə hazırlıq pasportunun verilməsindən imtinaya dair qərar qəbul etdiyi halda, ərizəçiyə elektron şəkildə və ya kağız formasında əsaslandırılmış cavab göndərilir.

8.16. Təyin edilmiş müddətdə payız-qış mövsümünə hazırlıq pasportunu almayan qurum payız-qış mövsümündə işini davam etdirir, verilmiş iradların göstərilmiş müddətlərdə aradan qaldırıl-masını təmin edir. Payız-qış mövsümünə vaxtlı-vaxtında hazırlığın aparılmamasına görə məsul subyektlərin rəhbəri qüvvədə olan qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

8.17.      Məsul subyektlər üçün payız-qış mövsümünə hazırlıq pasportunun alınması müddəti hər il oktyabr ayının 31-dək (daxil olmaqla), sistemtəşkiledici təchizatçılar üçün – hər il noyabr ayının 25-dək (daxil olmaqla) davam edir.

 

9. Payız-qış mövsümünün gedişatı

 

9.1.        Payız-qış mövsümünün başlanma müddətləri barədə qərarlar və isitmə sisteminin işə başlaması müddətlərinin müəyyən-ləşdirilməsi müvafiq qanunvericiliyin tələblərinə uyğun olmalıdır.

9.2.        Təchizatçılar cari ilin oktyabr ayının 30-dək payız-qış mövsümünün başlanılması ilə əlaqədar payız-qış mövsümünə hazırlıq obyektlərinin qoşulma qrafiklərini məsul subyektlərə təqdim edirlər.

9.3.        Təchizatçı payız-qış mövsümü dövründə istilik və elektrik enerjisi, həmçinin qaz təchizatı sahəsində qəza şəraitlərinə dair məsul subyektlərlə qarşılıqlı əlaqənin yaradılması məqsədilə təlimatlar hazırlamalıdır. Həmin təlimatlar cari ilin sentyabr ayının 30-dək məsul subyektlərlə dəqiqləşdirilməli (ehtiyac olduqda, yenidən nəzərdən keçirilməli) və təsdiq edilməlidir. 

9.4.        Təchizatçılar payız-qış mövsümü dövrünü keçərkən, aşağıdakıları yerinə yetirməyə borcludurlar:

9.4.1.     şəbəkələrin balans mənsubiyyəti sərhədində qazın, istilik və elektrik enerjisinin təyin edilmiş texniki parametrlərini təmin etmək və bu parametrlərə balans mənsubiyyəti sərhədinə ən yaxın nöqtədə yerləşmiş nəzarət-ölçü cihazları vasitəsilə müntəzəm nəzarət olunmasını təmin etmək;

9.4.2.     istilik mənbələrinin və şəbəkələrinin, elektrik və qaz avadanlıqlarının təhlükəsiz istismarını təmin etmək;

9.4.3.     elektrik və istilik enerjisi, habelə qaz təchizatı şəbəkələrinin avadanlıqlarında baş verən qəza vəziyyətlərinin aradan qaldırılmasını həyata keçirmək;

9.4.4.     istehlakçıya aid istilik şəbəkələrinin donmasının qarşısını almaq məqsədilə istilik təchizatında uzunmüddətli fasilələr barədə onları xəbərdar etmək.

9.5.        İstilik təchizatı şəbəkələrinə istilik enerjisi verildikdən sonra, istehlakçılar 10 (on) gün ərzində enerjitəchizatı qurumunun nəzarəti altında avadanlıqların yoxlanılmasını və ilkin tənzimlən-məsini təmin etməlidirlər.

9.6.        Xarici havanın ortagünlük temperaturu davamlı mənfi 10°C olduqda, məsul subyektlər sutkalıq növbətçiliyi təşkil etməli və enerjitəchizatı qurumlarının növbətçi heyəti ilə (dispetçer xidmətləri ilə) daimi əlaqələrini təmin etməlidirlər.

9.7.        Payız-qış mövsümünə keçmə dövründə məsul subyektlər aşağıdakıları yerinə yetirməyə borcludurlar:

9.7.1.     qaz, elektrik və istilik sistemlərinin fəaliyyətində yaranmış pozuntular barədə məlumatları dərhal qəbul etmək;

9.7.2.     iradların əsaslı olub-olmamasını yoxlamaq, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün zəruri tədbirlər görmək (zərurət olduqda, təchizatçının nümayəndəsinin iştirakı ilə);

9.7.3.     elektrik, istilik və qaz avadanlıqlarının parametrləri normalara uyğun olduqda, isti su və əks şəbəkə sularının temperaturunun avtomatik idarə olunmasını təmin etmək məqsədilə hidravlik rejimin tənzimlənməsi üzrə tədbirlər görmək;

9.7.4.     özbaşına qoşulmalara, daraldıcı qurğu, diafraqmaların və ucluqların çıxarılmasına və ya deşilib çıxarılmasına, qaz və istilik təchizatı sistemlərindən qazın və şəbəkə suyunun götürülməsinə (axıdılmasına), möhürlərin özbaşına çıxarılmasına yol verməmək (payız-qış mövsümünə hazırlıq və ya keçid zamanı təchizatçıların möhürlərinin çıxarılması yalnız onların nümayəndələri tərəfindən icra olunur);

9.7.5.     istilik təchizatı rejimlərinə nəzarət məqsədilə təchizatçının nümayəndələrinin ötürücü məntəqələrə, tranzit boru kəmərlərinə və elektrik şəbəkələrinə gün boyu giriş imkanını təmin etmək;

9.7.6.     istehlakçıları enerji resurslarının təchizatında yarana biləcək fasilələrin səbəbləri və müddətləri barədə xəbərdar etmək;

9.7.7.     istilik mənbəyində və ya xarici istilik şəbəkələrində qəza səbəbindən istilik təchizatı uzunmüddətli dayandırıldıqda (məhdudlaşdırıldıqda), daxili istilik istehlakı sisteminin vəziyyətinə nəzarət üçün heyətin növbətçiliyini təmin etmək və binadaxili istilik təchizatı sisteminin donmasının qarşısını almaq üçün, təchizatçı ilə razılaşdırılmaqla təyin olunmuş müddətlərə uyğun olaraq sistemin boşaldılmasını, qəza aradan qaldırıldıqdan sonra isə təchizatçının razılığı üzrə sistemin doldurulmasını təmin etmək;

9.7.8.     xarici havanın temperaturunun kəskin yüksəlməsi dövründə, enerji resurslarının artıq istifadəsinə yol verməmək məqsədilə əllə idarəetmə rejimi də daxil olmaqla, istilik enerjisinin verilişinin operativ tənzimlənməsini təmin etmək;

9.7.9.     xarici havanın temperaturundan asılı olaraq, temperatur qrafiklərinə əməl edilməsinə nəzarəti təmin etmək;

9.7.10.   təyin edilmiş rejimlərdən kənarlaşmalar zamanı təchizatçı ilə birlikdə akt tərtib etmək və onların təyin edilmiş qrafikə uyğun vəziyyətə gətirilməsi üzrə tədbirlər görmək;

9.7.11.   yaşayış fondunda istilik istehlak rejimlərinin yoxlanılmasının və təhlilinin təmin edilməsinə və xarici havanın temperaturundan, hidravlik rejimlərdən asılı olaraq temperatur qrafiklərinə riayət edilməsini təmin etmək;

9.7.12.   payız-qış mövsümündə istismar zamanı qazın, elektrik və istilik enerjisinin kommersiya uçotunun aparıldığı cihazların texniki saz vəziyyətdə saxlanılmasına və onların tənzimləməsinə xüsusi diqqət yetirmək, onların sıradan çıxmasının qarşısının alınması üçün tədbirlər görmək;

9.7.13.   təchizatçılara aid bina və tikililərin enerji (qaz, istilik və elektrik) istehlakını təhlil etmək və payız-qış mövsümünə hazırlıq obyektlərinin fəaliyyətini tənzimləmək (parametrlərə mütəmadi nəzarət, təyin olunmuş parametrlərə uyğunsuzluq olduğuna dair müraciətlərin uçotu, pozuntulara gətirib çıxaran səbəblərin yoxlanıl-ması və aşkar edilməsi, aktların normativ sənədlərin tələblərinə uyğun tərtibatı, enerji təchizat müəssisələrinin qarşılıqlı fəaliyyəti, vətəndaşların və bütün əlaqədar tərəflərin görülmüş tədbirlər barədə məlumatlandırılması və s.).

9.8.        Payız-qış mövsümünə hazırlıq və bu mövsümə keçilməsi məsələləri üzrə, eləcə də qaz, istilik və elektrik enerjisi təchizatı sistemlərində qəza vəziyyətlərinin aradan qaldırılması dispetçer xidmətləri vasitəsilə normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

9.9.        Payız-qış mövsümü dövründə fövqəladə vəziyyətin səbəbinin, eləcə də fövqəladə vəziyyətin fəsadlarının aradan qaldırılması zamanı həyata keçirilmiş tədbirlərin müəyyənləşdirilməsi məqsədilə payız-qış mövsümündə baş verən qəza və hadisələr barədə məlumatlar toplanılmalı və təhlil edilməlidir.

 

10. Payız-qış mövsümünün tamamlanması

 

10.1.      Payız-qış mövsümünün başa çatması haqqında qərar təchizatçı tərəfindən 15 aprel tarixindən tez olmayaraq qəbul edilir.

10.2.      Təchizatçılar məsul subyektləri payız-qış mövsümünün başa çatması barəsində məlumatlandırmaqla, istilik təchizatının dayandırılmasını həyata keçirirlər.

10.3.      İstehlakçıların istilik sistemlərinin təyin olunmuş müddətdə şəbəkədən açılmasına görə təchizatçılar məsuliyyət daşıyırlar. İstehlakçıların istilik sistemləri təmir işləri başlayanadək, su ilə doldurulmuş halda qalmalıdır.

10.4. Payız-qış mövsümü başa çatdıqdan sonra istilik mənbələri yay iş rejiminə keçirilir.

10.5.      Təchizatçı payız-qış mövsümünün başa çatması haqqında bütün məlumatları səlahiyyətli nəzarət qurumuna təqdim edir.

10.6. Payız-qış mövsümü başa çatdıqda, təchizatçılar tərəfindən əldə edilmiş məlumatlar təhlil edilir və növbəti payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planının hazırlanması cari ilin 1 may tarixinədək başa çatdırılır. 

 

11. Təchizatçının mövsümə hazırlığının monitorinqi

 

11.1. Enerji təchizatı müəssisələrinin payız-qış mövsümünə hazırlığının monitorinqi (bundan sonra – hazırlığın monitorinqi) səlahiyyətli nəzarət qurumu tərəfindən enerji təchizatı subyektlərinin (qazla, istiliklə və elektriklə) hazırlıq şərtlərinin yerinə yetirməsi barədə məlumatların toplanılması, emalı, təhlili və qiymətləndiril-məsindən ibarətdir.

11.2. Hazırlığın monitorinqi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarıxli 204 nömrəli Fərmanı ilə təsdiq edilmiş uyğun olaraq aparılır.

 

12. Payız-qış mövsümünə hazırlıq şərtlərinin qiymətləndirilməsi

 

12.1. Nəzarət qurumu təchizatçının hazırlıq şərtlərinin qiymət-ləndirilməsi üzrə planlı yoxlamaları həyata keçirərkən, bu Qaydanın 12.2-12.10-cu bəndlərində göstərilmiş qruplar üzrə hazırlıq şərtlərinin qiymətləndirilməsi meyarlarından istifadə edir.

12.2. “Enerji istehsalı və buraxılması” hazırlıq şərtləri qrupuna aşağıdakılar aiddir:

12.2.1.   təchizatçılar tərəfindən istehlakçıların tələbat yüklərinin qarşılanması üçün hazırlığın təmin edilməsi;

12.2.2    . enerji istehsal edən və ötürən avadanlıqların müqavilələrdə təsbit olunmuş güc hədlərinə uyğun yükgötürmə qabiliyyətinin təmin edilməsi;

12.2.3.   mövcud olan avadanlığın və şəbəkələrin aşağı temperatur şəraitinə hazırlıqlı olmasının təmin edilməsi.

12.3. “Sistem etibarlılığı” hazırlıq şərtləri qrupuna aşağıdakılar aiddir:

12.3.1.   dispetçer və texnoloji idarəetmə vasitələrinə və onların zəmanətli elektrik təchizatı sistemlərinə texniki xidmət qrafikinin yerinə yetirilməsi və texnoloji idarəetmə vasitələrinin olması;

12.3.2.   təchizatçının avadanlıq və şəbəkələrinin qəza əleyhinə mühafizə qurğularına texniki xidmət qrafikinin yerinə yetirilməsi, onların işçi parametrlərinin sazlanması, habelə yoxlama vaxtı nasazlıq səbəbindən uzun müddətə (30 gündən artıq) fəaliyyəti dayandırılmış qurğuların olmaması;

12.3.3.   operativ-dispetçer idarəetməsi subyektinin müvafiq dispetçer mərkəzləri ilə mövcud dispetçer kanallarına və telemetrik məlumatların ötürülməsinə dair tələblərə əməl edilməsi;

12.3.4.   elektroenergetikada operativ-dispetçer idarəetməsinin qaydasını müəyyənləşdirən sənədlərin, eləcə də şəbəkənin nəzarət olunan kəsiklərində yol verilən maksimal axınların aşılması zamanı hərəkətlər də daxil olmaqla, normal rejimin pozuntularının qarşısının alınması və aradan qaldırılması üzrə işçilərin hərəkətlərinin tələblərə uyğunluğu;

12.3.5.   operativ heyətin iş yerlərində enerji (güc) istehlakının məhdudiyyət və birbaşa açılma qrafiklərinin  mövcud olması;

12.3.6.   səlahiyyətli nəzarət qurumunun, yaxud onun ərazi orqanının təyin edilmiş müddətlərdə yerinə yetirilməmiş göstəriş-lərinin olmaması.

12.4. “Texniki vəziyyət” hazırlıq şərtləri qrupuna aşağıdakılar aiddir:

12.4.1.   təchizatçının əsas avadanlıq və şəbəkələrinin, istismar müddətinin uzadılması üzrə müvafiq təşkilati-texniki tədbirlər aparılmadan müddətdən artıq istismar faktlarının olmaması;

12.4.2.   səlahiyyətli nəzarət qurumunun, yaxud onun ərazi orqanının təyin edilmiş müddətlərdə yerinə yetirilməmiş göstəriş-lərinin olmaması;

12.4.3.   texniki baxış keçirilmədən yağla doldurulmuş əsas texniki avadanlığın təyin edilmiş istismar müddətindən artıq istismar edilməsi faktlarının olmaması.

12.5. “İşçilər” hazırlıq şərtləri qrupuna aşağıdakılar aiddir:

12.5.1.   istehsalat-texniki işçilərin təlimi və hazırlanması üzrə işin təşkili;

12.5.2.   işçilərin şəbəkələrin və avadanlıqların yolverilən yüklənmələri üzrə istismar sənədləri və operativ sənədlərlə, təlimatlarla, əsasnamələrlə, məlumatlarla, sxemlərlə, qurğularda və sistemlərdə mürəkkəb əməliyyatlar siyahısı ilə təmin edilməsi.

12.6. “Qəza əleyhinə fəaliyyət və qəza-bərpa fəaliyyəti” hazırlıq şərtləri qrupuna aşağıdakılar aiddir:

12.6.1.   qəza-bərpa işlərinin yerinə yetirilməsi üçün zəruri olan material ehtiyatının mövcud olması;

12.6.2.   qəza vəziyyətlərinin qarşısının alınması üzrə işçilərlə qəza əleyhinə məşqlərin keçirilməsi;

12.6.3.   payız-qış mövsümündə işə hazırlıq üzrə təchizatçı tərəfindən işlənilib hazırlanmış, özündə, o cümlədən yardımçı avadanlıqların, binaların və tikililərin təmirinin aparılmasını ehtiva edən planın yerinə yetirilməsi;

12.6.4.   istehlakçının enerji təchizatının kütləvi pozuntuları şəraitində təchizatçının qəza-bərpa işlərinin aparılmasına hazır olması;

12.6.5.   təchizatçı tərəfindən operativ (növbətçi) işçilərin qəza əleyhinə məşqlərinin keçirilməsi qrafikinin, o cümlədən qaz, elektrik və istilik enerjisinin istehlak rejiminin qəza məhdudlaşdırılması qrafiklərinin daxil edilməsi üzrə operativ-dispetçer idarəetməsi subyektlərinin iştirakı ilə keçirilən məşqlərin yerinə yetirilməsi və məşqlərin nəticələri üzrə işlənilib hazırlanmış tədbirlərin yerinə yetirilməsi.

12.7. “Təmir fəaliyyəti” hazırlıq şərtləri qrupuna aşağıdakılar aiddir:

12.7.1.   payız-qış mövsümündə işləmək üçün təchizatçı tərəfindən planın hazırlanması, özünəməxsus əsas və yardımçı avadanlığın, binaların və tikililərin təmirinin operativ-dispetçer idarəetməsi subyektləri ilə razılaşdırılmış ümumi illik təmir qrafiklərinə uyğun olaraq aparılması, elektrik və istilik enerjisinin istehsalına və ötürülməsinə hazırlığa təsir edən avadanlığın sınaqlarını ehtiva edən planın yerinə yetirilməsi;

12.7.2.   təchizatçı tərəfindən operativ-dispetçer idarəetməsi subyektləri ilə razılaşdırılmış avadanlıqların ümumi illik təmir və sınaq qrafiklərinə uyğun olaraq, enerjinin ötürülməsinə hazırlığa təsir edən əsas avadanlıqların təmirinin illik planının yerinə yetirilməsi;

12.7.3.   payız-qış mövsümü üçün enerjinin ötürülməsini təmin edən əsas avadanlıqların uzunmüddətli (30 gündən artıq) qəza təmirinin olmaması.

12.8. “Yanacaqla təminat” hazırlıq şərtləri qrupuna aşağıdakılar aiddir:

12.8.1.   enerji təchizatı müəssisələrində təyin edilmiş normativlərə uyğun olaraq, əsas və ehtiyat (qəza) yanacağı ehtiyatlarının mövcud olması;

12.8.2.   təchizatçının cari ilin IV rübündə və növbəti ilin I rübündə işləməsini təmin edən həcmlərdə bütün yanacaq növlərinin tədarükü üzrə bağlanılmış müqavilələrin mövcud olması;

12.8.3.   yanacağın ehtiyat (qəza) növlərinin enerji təchizatı müəssisələrinə tədarükü üzrə bağlanılmış uzunmüddətli müqavilələrin və sazişlərin mövcud olması;

12.8.4.   enerji təchizatı müəssisələrində yanacağın qəbulu və boşaldılması, yanacağın hazırlanması və ötürülməsi sistemlərinin işə hazırlığı.

12.9. “Enerjinin ötürülməsi” hazırlıq şərtləri qrupuna aşağıdakılar aiddir:

12.9.1.   təchizatçının enerji yüklərinin uzunmüddətli buraxıla bilən qiymətlərlə ötürülməsinə hazır olmasının təmin edilməsi;

12.9.2.   növbəti payız-qış mövsümündə istehlakçılara enerjinin ötürülməsinə hazırlığın təmin edilməsinə təsir edən yeni və rekonstruksiya olunmuş payız-qış mövsümünə hazırlıq obyektlərinin istismara buraxılmasının (onların kompleks sınaqlarının keçirilməsi ilə) illik planının yerinə yetirilməsi.

12.10. “Operativ-dispetçer idarəetməsi” hazırlıq şərtləri qrupuna aşağıdakılar aiddir:

12.10.1.             enerji təchizatı sistemlərində (qaz, istilik və elektrik enerjisi) operativ-dispetçer idarəetmə qaydasını müəyyənləşdirən sənədlərin, normal rejimin pozuntularının qarşısının alınması və aradan qaldırılması üzrə təlimatların qüvvədə olan qaydaların tələblərinə uyğunluğu;

12.10.2. operativ-məlumat kompleksinin normal və qəza şəraitlərində fəaliyyətinə dair tələblərə əməl edilməsi;

12.10.3. dispetçer mərkəzinin idarəetmə vasitələrinə aid olan mühafizə qurğularının parametrlərinin hesablanması və işləmə hədlərinin tənzimlənməsi.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə