Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanı

“Amadeus” şirkətinin informasiya texnologiyaları üzrə baş vitse-prezidenti Bruno Spadanın başçılıq etdiyi nümayəndə heyəti Bakıda işgüzar səfərdə olmuşdur. İşgüzar səfər çərçivəsində o, AZAL prezidenti Cahangir Əsgərov ilə görüşmüşdür. Onlar Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni texnologiyaların tətbiqi ilə bağlı məsələləri müzakirə etmişlər. ­Cahangir Əsgərov qeyd etmişdir ki, ötən il paytaxt aeroportu dünyada bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava ­limanıdır.

Yeni “Amadeus” texnologiyaları sayəsində Heydər Əliyev Beynəlxalq Aeroportu yeni informasiya bazasını, resursların idarə edilməsi və uçuşlar haqqında məlumatların əks olunma sistemlərini və s. idarə etmək imkanı qazanmışdır.
“Bizim prioritet məqsədlərimizdən biri Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin axınının artırılmasıdır. “Amadeus” şirkəti ilə əməkdaşlıq və müasir texnologiyalardan istifadə bizə görülən işlərin səmərəliliyinin yaxşılaşdırılmasına və ən əsası sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə imkan verir”, – deyə Cahangir Əsgərov bildirmişdir.
Bruno Spada isə demişdir: “Azərbaycan paytaxtının hava ­limanı müasir aviasiya sənayesində yeni texnologiyalardan istifadənin üstünlüklərinin bariz nümunəsidir. “Amadeus”un bulud həllərinin əsas üstünlükləri sırasına xərclərin səmərəli şəkildə optimallaşdırılması və idarə edilməsi imkanları da daxildir. Xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada bulud texnologiyalarına tamamilə keçid etmiş yeganə hava limanıdır”. Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.
“Amadeus” şirkəti aviadaşımalar və qlobal distribusiya sistemləri sahəsində dünyanın ən böyük İnformasiya Texnologiyaları xidmətləri təchizatçılarından biridir.

 

“Xalq qəzeti”

 

26 2020 22:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə