Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan-İtaliya dostluğu milli təhsilimizin inkişafına öz töhfəsini verəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri çox uğurlu olmuşdur. Səfər zamanı Azərbaycanın dövlət başçısına və birinci xanımına misli görünməmiş ehtiram və xüsusi diqqət göstərilməsi ölkə ictimaiyyətinin, eləcə də tanınmış elm və mədəniyyət xadimlərinin dərin razılığına səbəb olmuşdur. Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru Anar Ağayev səfərin əhəmiyyəti ilə bağlı fikirlərini bizimlə bölüşərkən dedi: 

– Hesab edirəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin İtaliyaya dövlət səfəri, Romada ən yüksək səviyyədə apardığı müzakirələr, burada imzalanan mühüm sənədlər iki ölkə arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daha da gücləndirəcək. 
Qeyd etmək lazımdır ki, İtaliya dünyanın 7-ci ən böyük iqtisadiyyatıdır və “Böyük yeddilik” ölkəsidir. Qabaqcıl texnoloji yeniliklərə və nou-haulara malik italyan şirkətləri Azərbaycanın neft-qaz və qeyri-neft sektorunda müxtəlif böyük layihələrdə iştirak edirlər. 
Fikrimcə, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri Azərbaycan və İtaliya arasında əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını təmin edəcək. Təqdirəlayiq haldır ki, indi Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. 
Bir məqamı da vurğulamağa ehtiyac duyuram. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Bəllidir ki, ölkələr arasında mükəmməl siyasi əlaqələrin mövcudluğu digər vacib istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, mədəniyyət və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün hərtərəfli zəmin yaradır.
Ölkələrimiz arasında mədəni-humanitar sahədə də əlaqələr güclənir ki, bunu yalnız alqışlamaq lazımdır. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun rolu xüsusi qeyd olunmalıdır. Belə ki, Heydər Əliyev Fondu tərəfindən İtaliyada müxtəlif layihələr reallaşdırılır. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən fəal dəstək göstərilir. 
İnanıram ki, İtaliya dövlətinin başçısı tərəfindən 2020-ci ilin İtaliyada “Azərbaycan Mədəniyyət ili” elan olunması ölkəmizin mədəniyyətinin İtaliyada və Avropada daha geniş kütlələrə çatdırılmasına, xalqlararası təmasların güclənməsinə və Azərbaycan-İtaliya əlaqələrinin genişlənməsinə şərait yaradacaq.
Məni bir alim və pedaqoq kimi sevindirən həm də odur ki, İtaliyanın ali təhsil müəssisələrində azərbaycanlı tələbələrin sayı artaraq 1500 nəfərə çatıb. Bəli, Azərbaycan-İtaliya münasibətlərinin yüksək səviyyəyə çatdırılması milli təhsilimizin inkişafına da öz töhfəsini verəcək.  

 

Söhbəti qələmə aldı: 
M.HACIXANLI, 
“Xalq qəzeti” 

26 2020 22:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə