Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliya Azərbaycan sahibkarları üçün yeni bazar olacaq

Azərbaycan ilə İtaliya arasında strateji müttəfiqlik son illər daha da inkişaf edib. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 5,7 milyard dollar, ötən il isə 6 milyard dollar olması bunun bariz ifadəsidir. Bu rəqəmlərə diqqət yetirsək, ticarət dövriyyəsində artım müşahidə edildiyini görə bilərik. Xatırladım ki, həmin artım fonunda İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Belə ki, respublikamızın ümumi ticarət dövriyyəsinin təxminən beşdəbiri İtaliyanın payına düşür.

Azərbaycan ilə İtaliya arasındakı iqtisadi əməkdaşlıq, strateji müttəfiqlik, həm də enerji sektorunda özünü qabarıq büruzə verir. Bu zaman nəzərə almalıyıq ki, Azərbaycan bu ölkənin, eyni zamanda, neftə olan tələbatının 17 faizini ödəyir. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istifadəyə verildikdən sonra Azərbaycan xam neftini məhz İtaliya bazarına çıxarıb və bu bazar vasitəsilə digər Avropa ölkələrinə neftin ixracı həyata keçirilir. 
Enerji sahəsində əməkdaşlıqda da Azərbaycan və İtaliya arasında yeni dönəm başlayır. Çünki Cənub Qaz Dəhlizində də Azərbaycanın təbii qaz nəql edəcəyi ölkə məhz İtaliyadır. Belə ki, TANAP-ın inşası artıq yekunlaşıb. TANAP vasitəsilə Azərbaycan Türkiyə bazarına “mavi yanacaq” nəql edir. ­TAP-ın tikintisi isə reallaşmaq üzrədir. Bu, o deməkdir ki, 2020-ci ilin sonlarına doğru Azərbaycan artıq öz təbii qazını İtaliya bazarına çıxara biləcək. İlkin mərhələdə İtaliya daxil olmaqla Avropa bazarına ildə 10 milyard kubmetr qaz, ikinci mərhələdə isə illik 20 milyard kubmetr qazın nəqli nəzərdə tutulur. Hər iki mühüm enerji layihələrində Azərbaycanın əsas tərəfdaşının İtaliya olması ondan xəbər verir ki, iki ölkə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsində qurulub.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri hər iki ölkənin yeni mərhələyə qədəm qoymasına gətirib çıxaracaq. Dövlət başçısının keçirdiyi görüşlərdə əsas diqqət ölkələrimiz arasında qeyri-neft sektoru üzrə əməkdaşlığın gücləndirilməsinə yönəlib. Əslində, İtaliya bazarına daxil olmaq Avropa bazarına daxil olmaq deməkdir. Azərbaycan məhsullarının İtaliya bazarına çıxarılması imkanları isə çox genişdir. Xüsusən də ixrac bazarlarının qeyri-neft sektorunda şaxələndirilməsinin prioritet olduğunu nəzərə alsaq, İtaliya Azərbaycan sahibkarları üçün yeni əlverişli bazar olacaq. 
Onu da qeyd edim ki, hazırda Azərbaycanın ölkələr üzrə ixrac strukturu dəyişir. Bu baxımdan respublikamız özünün qeyri-neft məhsulları ilə İtaliya vasitəsilə 500 milyon istehlakçısı olan və alıcılıq qabiliyyəti baxımından dünyada ən böyük olan Avropa İttifaqı bazarına daxil olacaq. Bunun nəticəsində ölkəmizə qeyri-neft məhsullarının ixracından daxil olan vəsaitin həcmi də dinamik şəkildə artacaq. 
Yeri gəlmişkən, İtaliyadan investisiyanın cəlb edilməsi, bu ölkədən texnologiyaların alınması Romada keçirilən görüşlərdə danışıqların əsas müzakirə mövzularından olub. İtaliya bir sıra sektorlarda, yüngül sənaye, informasiya-kommunikasiya texnologiyaları, xidmət sahələrində müqayisəli üstünlüyü olan ölkədir. İtaliyadan investisiyanın cəlbi qeyri-neft sektoruna texnologiya və innovasiya transfer edilməsinə imkan verəcək. Buna görə də Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri iki ölkə arasında münasibətlərin dərinləşməsinə, sahibkarların öz məhsullarını Avropa bazarına sabit şəkildə ixracına şərait yaradacaq, həmçinin qeyri-neft sektorunun inkişafına öz müsbət töhfəsini verəcək.
Sonda qeyd edim ki, bu səfər çərçivəsində iki ölkə arasında enerji, mədəniyyət, turizm, idman, xarici işlər, bitki karantini və bitki mühafizəsi, sülh məqsədilə kosmos fəaliyyətləri sahələrində mühüm tarixi sənədlər imzalanıb. Eyni zamanda, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “Leonardo S.p.A” arasında “M-346” təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə” mübadilə edilib. “Azərbaycan İnvestisiya Şirkəti” ilə CDP, SACE, ­“Simest” şirkətləri, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ­(AZPROMO) ilə İtaliya Ticarət Agentliyi (ICE) arasında anlaşma memorandumları imzalanıb.
SOCAR ilə SNAM arasında da əməkdaşlıq sazişi mübadilə edilib. ­SOCAR və dünyanın qabaqcıl enerji infrastrukturu şirkətlərindən biri olan SNAM arasında bərpaolunan qazlar və dayanıqlı enerjidən istifadənin inkişaf etdirilməsi, habelə həmin qazların gələcəkdə Cənub Qaz Dəhlizi və TAP vasitəsilə nəqli üzrə əməkdaşlıq haqqında saziş imzalanıb. Hər iki şirkət TAP konsorsiumunda 20 faiz paya sahibdir və Cənub Qaz Dəhlizinin ən böyük səhmdarlarındandır.

 

Vüqar BAYRAMOV, 
Milli Məclisin deputatı,
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri

 

26 Fevral 2020 22:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə