Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Avropa məkanında İtaliya bizim üçün bir nömrəli tərəfdaş ölkədir”

Prezident İlham Əliyev tərəfindən son 16 ildə ardıcıl həyata keçirilən demokratik proseslər və sosial-iqtisadi islahatlarla yanaşı, uğurlu xarici siyasət dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini respublikamıza yönəldib. Şübhəsiz ki, bütün bunlar beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın daha da güclənməsinə, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayının artmasına, Azərbaycanla Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanmasına öz müsbət təsirini göstərib. Hazırda Azərbaycan regionun yeganə ölkəsidir ki, mürəkkəb geosiyasi şəraitdə müstəqil uğurlu xarici siyasət yürüdərək, milli maraqlara söykənən prinsiplərlə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Bunun nəticəsidir ki, dövlətimizin gerçəkləşdirdiyi enerji layihələri, regional inteqrasiyanı sürətləndirən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Sadalananlar isə Azərbaycanın dünya miqyasında nüfuzunu artırmaqla yanaşı, həm də ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. 

Bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 70 faizi məhz Azərbaycanda formalaşıb. Respublikamız iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə, dünya ölkələri arasında öncül yerlərdən birini tutub. Beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın potensial maliyyə və iqtisadi imkanları yüksək qiymətləndirilib. 
Bütün bu uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsizliyini və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin mənafelərini əks etdirdiyini bir daha göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 19-21-də İtaliya Respublikasına dövlət səfəri çərçivəsində keçirilən tədbirlərdə yuxarıda qeyd edilənlər barədə ətraflı danışılıb. Çıxışlarda Azərbaycan-İtaliya əlaqələrinin möhkəm dostluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı diqqətə çatdırılıb. İtaliyanın xarici ticarətdə Azərbaycanın əsas tərəfdaşı olduğu, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin 6 milyard dollar təşkil etdiyi bildirilib. 
Yeri gəlmişkən, səfər çərçivəsində iki dövlət arasında 28 sənəd imzalanıb. Sənədlərdən 17-si Prezident İlham Əliyev ilə İtaliya Nazirlər Şurasının sədri Cüzeppe Kontenin geniş tərkibdə görüşü başa çatandan sonra onların iştirakı ilə imzalanıb və mübadilə olunub. Digər sənədlər səfərin ikinci günündə reallaşan biznes forumu çərçivəsində imzalanıb. Bu sənədlər siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman sahələrini əhatə edib.
Xatırladaq ki, İtaliya dünyanın inkişaf etmiş ölkələri sırasında aparıcı yerlərdən birini tutur. Dünya Bankının son hesabatında Ümumi Daxili Məhsulunun (ÜDM) həcmi 2 trilyon 73 milyard dollardan çox olan İtaliya dünya ölkələri arasında bu göstəriciyə görə səkkizinci pillədə qərarlaşıb. Avropa Birliyinin aparıcı ölkələrindən olan İtaliya ilə siyasi, sosial-iqtisadi əlaqələrin yüksələn xətlə inkişafı Azərbaycan üçün də olduqca mühüm önəm daşıyır. İtaliya ölkəmizlə əməkdaşlığın inkişafına və dərinləşməsinə xüsusi əhəmiyyət verir. Cari ilin İtaliyada “Azərbaycan Mədəniyyəti ili” elan edilməsi də təsadüfi deyil. Belə ki, iki il öncə İtaliya Prezidentinin respublikamıza səfəri, Azərbaycan-İtaliya əlaqələrinin daha da genişləndirilməsi bu ölkənin iş adamları tərəfindən Azərbaycanın qeyri-neft sektoruna böyük həcmdə investisiya qoyulması ilə nəticələndi. Hazırda isə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində bu ölkənin iş adamları ilə görüşərək, Azərbaycan biznes mühitinin reallıqlarını onların diqqətinə çatdırması iqtisadiyyatımızın real sektoruna İtaliya kapitalının yeni axınlarının başlamasına təkan verəcəkdir. 
Prezident İlham Əliyev Avropa İttifaqının iqtisadi baxımdan ən güclü dövlətlərindən biri olan İtaliyaya dövlət səfəri çərçivəsində keçirilən biznes forumda Prezident Mattarellanın 2018-ci ildə Azərbaycana rəsmi səfərindən sonra iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişləndiyini diqqətə çatdırıb. Xatırladıb ki, indiki dövlət səfəri çərçivəsində 25-dən çox sənədin imzalanması da məhz elə bunun əyani sübutudur: “Çünki yalnız bir-birinə çox yaxın olan ölkələr arasında bu qədər sənədlərin imzalanması mümkündür. Bu sənədlər bir çox sahələri əhatə edir. Siyasi, iqtisadi, mədəni, humanitar, təhsil, energetika, kosmik sənaye, hərbi sənaye və digər sahələri əhatə edən bu sənədlər gələcək əməkdaşlığımız üçün gözəl baza yaradır. Bu sənədlərin arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir və əslində, bizim gələcək ikitərəfli əməkdaşlığımızın əsas prioritetlərini müəyyən edən bir sənəddir. Bu sənəddə çox önəmli müddəalar var. Bu müddəalar onu göstərir ki, bizim əlaqələrimiz hətta müttəfiqlik əlaqələrinə yaxındır. Çünki oradakı maddələrdən birində göstərilir ki, biz beynəlxalq təşkilatlarda maraqlarımızı nəzərə alaraq bir-birimizi dəstəkləyəcəyik”.
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri, eyni zamanda, qeyri-neft, eləcə də yüksək texnologiyalar sahələrinə birbaşa xarici ­investisiyaların cəlbi, həmçinin texnoloji idxal baxımından da mühüm önəm daşıyır. Dövlətimizin başçısının İtaliyanın ən iri bank-maliyyə strukturunun, o cümlədən, aparıcı investisiya, ticarət, tikinti şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər deməyə əsas verir ki, Prezident İlham Əliyev Azərbaycanda yüksək texnologiyalar sahəsinə birbaşa xarici investisiyaların cəlb edilməsinə xüsusi əhəmiyyət verir. Xatırladaq ki, bu proses ölkəmizin milli iqtisadi maraqları çərçivəsində gerçəkləşir. Çünki hazırda Azərbaycan xarici sərmayələr baxımından texnologiyaların idxalı vasitəsilə investisiyalara ciddi ehtiyac duyur.
Bu gün Azərbaycanda digər sektorlara investisiya yatırılması üçün güclü potensial mövcuddur. Belə bir şərait isə ölkəmizi xarici ­investorlar üçün mühüm tərəfdaşa çevirir. Azərbaycanda təkrar istehsalın bütün komponentləri üzrə artım potensialları, böyük investisiya resursları var. Bunun üçün də xarici investorlar üçün Azərbaycanda iş qurmaq olduqca faydalı və cəlbedicidir. Bu baxımdan ekspertlər bildirirlər ki, iki ölkə arasında birgə istehsal gücünün reallaşdırılması, investisiyaların cəlbi mümkündür. İtaliyanın avtomobil sənayesi, hərbi-sənaye kompleksi, məişət texnikası istehsalı üzrə kifayət qədər müsbət nəticələrə malik olması bunun bariz ifadəsidir. 
Prezident İlham Əliyev biznes forumdakı çıxışında gələcək əməkdaşlıq üçün nəqliyyat sahəsini də xüsusilə dəyərləndirib. Bildirib ki, Azərbaycan – açıq dənizlərə çıxışı olmayan ölkə artıq beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib: “Şərq-Qərb nəqliyyat dəhlizi Azərbaycanın ərazisindən keçir. Bu, Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra mümkün olmuşdur. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi də Azərbaycanın ərazisindən keçir. Azərbaycan yeganə ölkədir ki, hər iki önəmli nəqliyyat dəhlizinin iştirakçısıdır və bu dəhlizlər, əslində, genişmiqyaslı beynəlxalq əməkdaşlığa da yol açıb. Hazırda biz Şimal-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizləri ilə bağlı işlərlə məşğuluq. Yüklər artıq bu dəhlizlər üzərindən dünya bazarlarına çıxarılır. Dünən imzalanmış memorandumun birində Azərbaycan Dəmir Yolları ilə İtaliyanın müvafiq qurumları arasında məsələ öz həllini tapıbdır. Biz İtaliyadan dəmir yolu texnikası alacağıq”.
Dövlətimizin başçısı nitqində Davos Ümumdünya İqtisadi Forumu tərəfindən Azərbaycanda nəqliyyat sahəsində görülən işlərə yüksək qiymət verildiyini, bu təşkilatın hazırladığı hesabatda ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına görə, dünya miqyasında 31-ci yerdə qərarlaşdığını diqqətə çatdırıb. Bildirib ki, kifayət qədər bu böyük göstəriciyə görə Azərbaycan bir neçə inkişaf etmiş ölkəni qabaqlayıb. Prezident, həmçinin avtomobil yollarının keyfiyyətinə görə, respublikamızın dünyada 27-ci, dəmir yolu nəqliyyatının səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdə olduğunu vurğulayıb. 
Əlbəttə, bütün bu uğurlar dövlətimizin başçısının iqtisadi şaxələndirmə siyasətinin məntiqi nəticəsidir. Xatırladaq ki, bu siyasətdə əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla bərabər, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır.
Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.
Azərbaycan nefti hazırda İtaliyanın xam neft istehlakının 18 faizini təşkil edir. Ötən 15 il ərzində Azərbaycan neftinin İtaliya bazarına çatdırılmasında bir dəfə də olsun hər hansı bir problem yaşanmayıb. Bu reallıq tək İtaliyanın deyil, Cənub Qaz Dəhlizi və onun son seqmenti olan TAP xətti ilə Xəzər dənizi qazının çatdırılacağı digər ölkələrin də etibarının qazanılmasında mühüm amildir. Bir sözlə, Azərbaycandan “Şahdəniz-2” qazını İtaliya sahillərinə çatdıracaq TAP xəttinin istifadəyə verilməsinə qədər biz bu ölkə nümunəsində tam etibarlı tərəfdaş olduğumuzu bütün Avropaya göstərə bildik. 
Prezident İlham Əliyev biznes forumdakı çıxışında yuxarıdakı fikirlə bağlı deyib: “Azərbaycan uzun illərdir ki, İtaliyanı xam neftlə təchiz edir. Azərbaycandan gələn xam neft İtaliyanın istehlakının 18 faizini təşkil edir və Azərbaycan birinci yerdədir. TAP layihəsinin uğurla başa çatması nəticəsində Azərbaycan və İtaliya bundan sonra onilliklər ərzində qaz sahəsində çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət göstərəcəklər. TAP layihəsi başa çatmaq üzrədir. Layihənin icrası 92 faiz təşkil edir və bildiyiniz kimi, TAP Cənub Qaz Dəhlizinin 4-cü seqmentidir. Bu günə qədər digər 3 seqmentdə işlər tamamilə başa çatıb. Əminəm ki, bu ilin sonunda biz layihənin tam istismara verilməsini qeyd edəcəyik. Dünən Nazirlər Şurasının Sədri cənab Konte ilə görüş zamanı mən onu Azərbaycanda keçiriləcək təntənəli rəsmi mərasimə dəvət etdim. O da bu dəvəti qəbul etdi”.
Səfər çərçivəsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ­Katolik Kilsəsinin rəhbəri Papa ­Fransisk ilə görüşü isə respublikamızın dünyada tolerantlıq ənənələrinə, multikultural dəyərlərinə görə nümunəvi bir ölkə ­olduğunun təsdiqinə çevrildi. Bu, özünü ­İtaliya mədəniyyətinin, o cümlədən, Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə ­Mehriban xanım Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə – IX Piy Ordeninin Böyük Xaçına layiq görülməsi mərasimində də aydın nümayiş etdirdi.
Sonda bir məqamı da xüsusi vurğulamaq istərdik. İtaliyanın Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa xüsusi önəm verməsi təsadüfi deyil. Bu barədə İtaliya Prezidenti Sercio Mattarellanın sözlərinə nəzər salaq: “Müstəqilliyini bərpa etdikdən sonra üçüncü onillik ərəfəsində Azərbaycan regionun ən inkişaf edən ölkələrindən biri və mədəniyyətlər, etnik qruplar və fərqli dinlərin birgəyaşayış modeli kimi özünü təsdiq etmişdir. Sürətlə möhkəmlənən və şaxələnən bu münasibətlər mütəmadi və məhsuldar əlaqələrə təkan verərək yalnız qurumlar, hökumətlər və müəssisələr arasında deyil, həmçinin mədəni və akademik reallıqlar arasında da inkişafa səbəb olmuşdur. Azərbaycan öz enerji ehtiyatları ilə keçən əsrdə dünyada gedən əhəmiyyətli modernləşmə prosesinin baş qəhrəmanı oldu”.
İtaliya Prezidenti daha sonra bildirib ki, illərdir iki ölkə çoxtərəfli sahələrdə, xüsusən də ikitərəfli əlaqələrdə əhəmiyyətli şəkildə seçilən energetika və sənaye sektorlarında, həmçinin mədəni və sosial əhəmiyyətli təşəbbüslər daxil olmaqla, bir sıra uğurlu əməkdaşlıqlara imza atır.

 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

26 2020 22:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə