Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gədəbəydə Operativ Xidmət Mərkəzi vətəndaş məmnunluğu yaradıb

Bu xəbər artıq bütün ölkəyə yayılıb: Gədəbəy Rayon İcra Hakimiyyətinin nəzdində Operativ Xidmət Mərkəzi yaradılıb. Əslində, bir neçə aydır ki, fəaliyyət göstərir. Sadəcə, onun üçün qısa vaxt ərzində ayrıca bina tikiblər və yüksək səviyyəli xidmət üçün daha əlverişli imkan yaradılıb və ötən həftənin sonu binanın təntənəli açılışı olub. Bu, ölkə başçısının bilavasitə təşəbbüsü və köməyi ilə yaradılan, artıq hamının sonsuz razılığına səbəb olan ASAN xidmətdır. Amma bunun birbaşa icra hakimiyyəti nəzdində təşkil olunması və burada 40-dan artıq xidmət növünün yaradılması ölkədə ilk dəfədir. Azərbaycanın başqa heç bir yerində yoxdur. Təşəbbüs rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayevdən gəlib və cəsarətlə demək olar ki, böyük rezanans doğurub. Mərkəzin təntənəli açılışında Prezident Administrasiyası ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini Niyaz Əliyev təsadüfən demədi ki, bu təşəbbüs ən yüksək dairələrdə sonsuz maraqla və razılıqla qarşılanıb. Yəni vətəndaş məmnunluğunu bu yolla təmin etmək, müasir yanaşma ilə həllinə çalışmaq və buna başqa bir yerdə deyil, ucqar dağ rayonunda nail olmaq heç də asan məsələ deyil.

Mərkəzin fəaliyyəti haqqında bir qədər sonra. Hələlik isə Gədəbəy rayonunda son il yarım ərzində baş verən köklü dəyişikliklər haqqında məlumat vermək istəyirik. Həm də bunlar elə yeniliklərdir ki, Gədəbəyin tarixində heç zaman olmayıb.Bəs niyə son il yarım? Bunun cavabı sadədir – rayon rəhbərliyi yenisi ilə əvəz olunub. Doğrudur, Gədəbəy on-on beş il əvvəlki deyil. Ölkə başçısının bir neçə dəfə bu rayona gəlməsi, göstərdiyi diqqət və qayğı sayəsində rayon tanınmaz dərəcədə dəyişib. Yeni yollar, körpülər inşa olunub, bir-birindən gözəl sosial obyektlər tikilib istifadəyə verilib, infrastruktur yenilənib və sair. Lakin bu nəhəng işlərin müqabilində vacib məsələlərə yanaşma tərzi, rayonun turizm imkanlarının üzə çıxarılması, təbliği, adamların problemlərinin operativ həlli, məmur-vətəndaş münasibətlərinin nizama salınması istiqamətində işlər qənaətbəxş olmayıb. Görünür, bu baxımdan rayon rəhbərliyinin dəyişdirilməsi labüd idi və bu, elə ilk günlərdən öz müsbət səmərəsini verib.
Keçən ilin avqustunda Gədəbəydə Milli Yaylaq Festivalı keçirildi. Mübaliğəsiz qeyd edirik ki, bütün dünyaya səs saldı. Festival günlərində rayona 50 min nəfərə yaxın yerli və xarici turist gəldi. Onların arasında 16 ölkənin qonaqları var idi. Gədəbəylilər özləri məəttəl qalmışdılar ki, bu necə baş tutdu. Axı təkcə bu qədər qonağı qarşılayıb yola salmaq özü bir iğidlik idi. Amma bunu bacardılar. Hələ də o günləri yada salıb danışırlar. Azərbaycanda ilk dəfə keçirilən belə bir festival bilirsinizmi Gədəbəyə turizm axınını nə qədər gücləndirəcək?! Təbii ki, qonaq qəbul etməklə bağlı rayonda probləmlər az deyil. Yəni mehmanxanalar, kiçik kotteclər azlıq edir. Digər infrastruktur məsələləri, problemlər üzə çıxır. Amma rayonun rəhbərliyi bu məsələləri başlı-başına buraxmayıb. Sahibkarlara müraciət edib, onlara hər cür şərait yaradılacağını bildirib, müvafiq nazirlik və şirkətlərlə əlaqə saxlayıb, bir sıra sənədlər hazırlayıb...
Kənd və qəsəbələr sürətlə qazlaşdırılır. Təsəvvür edirsinizmi, cəmi il yarım qabaq rayon üzrə qazlaşma cəmi 33 faiz olduğu halda artıq 65 faizi keçib. Ötən il dövlət vəsaiti hesabına 8 yaşayış məntəqəsində 1930 abonent təbii qazla təmin edilib və hazırda rayonun 70 yaşayış məntəqəsində təbii qaz var.. Cari ildə rayonun Arıqıran, Gərgər və ­Qasımlı kəndləri birinci mərəhələdə, Plankənd, Dəyirməndağ, Aytala, Qoşabulaq, Pərizamanlı, Dərəqumlu ikinci mərhələdə təbii qazla təchiz ediləcək.
Gədəbəyin birdən-birə adının Amerika Birləşmiş Ştatlarında səsləndirilməsi isə görünməmiş bir iş idi. Hətta Gədəbəy ilə Oklahoma ştatının Stilluater şəhəri arasında qardaşlaşma memorandumu imzalandı. Keçən ilin noyabrında Gəbəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin ABŞ-da baş tutan imzalanma törənində ən qədim insan məskənlərindən biri olan, gözəlliklər diyarı, hər qarışı tarixi abidələrlə zəngin Gədəbəyin mədəni irsi, böyük turizm və sənaye potensialı, folkloru, fauna və florası, rayonun tarixi ilə bağlı məlumatları iştirakçılarda hədsiz maraq doğurmuşdu. Gəbəbəyin tanıtım videorolikləri, broşürlər, rayonun tarixini, mədəniyyətini özündə təcəssüm etdirən, nəfis tərtibatda hazırlanmış kitab və jurnallar Oklahomanın Stilluater Şəhər Şurasının rəhbərliyinə, o cümlədən iştirakçılara təqdim edilmişdir.
…Qayıdaq Operativ Xidmət Mərkəzinin işinə. Bu, yuxarıda qeyd etdiyimiz kimi, rayon icra hakimiyyəti tərəfindən göstərilən xidmətlərin sadələşdirilməsi (asanlaşdırılması) məqsədilə yaradılıb. OXM Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli icra hakimiyyəti orqanlarına vətəndaşların müraciətlərinə operativ baxılması, onların qəbulu və dinlənilməsi prosesinin təkmilləşdirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələri Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyət prioriteti kimi qəbul edilib. Proses dərindən öyrənilib, yerli spesifika diqqətlə araşdırılıb, bu sahədə mövcud olan beynəlxalq təcrübə mənimsənilib və beləliklə, RİH-in inzibati binasında vətəndaşlara rahat, sənədlərin aşkarlıq şəraitində qəbul edilməsi və vaxt itkisi olmadan xidmət göstərilməsi üçün fəaliyyətə başlayıb.
Mərkəzin məqsədi rayon icra hakimiyyətinin səlahiyyətlərinə daxil olan xidmət və fəaliyyətlərin optimallaşdırılması, vətəndaş müraciətlərinin operativ formada həllinə nail olunması, vətəndaşın eyni vaxtda, vahid məkanda RİH-nin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasının təmin edilməsi, keyfiyyətli xidmətin göstərilməsi və son nəticədə vətəndaş məmnunluğunun yüksəldilməsidir.
OXM-in fəaliyyətini təmin etmək məqsədilə rayon icra hakimiyyətində 625 kvadratmetr sahəyə malik yeni korpus inşa olunub. Binanın inşaat planı hazırlanarkən, onun xidmət yönümünə uyğunlaşdırılmasına xüsusi önəm verilib. Burada 9 xidmət masası, server otağı, məlumat masası, böyük monitor, mini ATS və Data Resurs Bazası, künüllülər üçün 8 nəfərlik “dəyirmi masa”, növbəliliyi təyin edən terminal, ödəmələrin həyata keçirilməsi üçün “Milli Ön” aparatı, 9 kompüter dəsti mövcuddur. Mərkəzdə quraşdırılmış böyük monitorda xidmət sahələrinin adı, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədlərin icra müddəti, qanunvericilik bazası yerləşdirilmişdir. Hər sahəyə məsul şəxs telefon və kompüter dəsti ilə təchiz edilərək, internetə çıxışla təmin olunmuşdur.
Mərkəzə daxil olan vətəndaş xidmət terminalında aidiyyəti üzrə bölməni seçir və terminal avtomatik növbəlilik müəyyən edir. Vətəndaş aidiyyəti üzrə xidmətlər masasında əyləşmiş şöbənin məsul işçisinə sənədlərini təqdim edir, müraciətin həlli üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin minimum iş günü müəyyən edilir və vətəndaşa sənədin verilməsi tarixi barədə məlumat verilir. Xidmət bütövlükdə videolentə alınır, eyni zamanda, gün ərzində xidmətlərin statistikası barədə serverdə avtomatlaşdırılmış uçot aparılır.
OXM-də memarlıq və tikinti məsələləri üzrə 16, sosial-iqtisadi məsələlər üzrə 7, hüquq məsələləri üzrə 10, İƏD üzrə nümayəndəliklər və bələdiyyələr üzrə 8 xidmət olmaqla, ümumilikdə 41 sahə üzrə xidmət həyata keçirilir.
İnşasına icazə tələb edilən tikinti obyektinin istismarına razılıq verilməsi, yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçota alınması, 2013-cü ilə qədər sənədsiz inşa edilmiş fərdi yaşayış evlərinin faktiki vəziyyətinin plan-sxeminin işlənilməsi və digər məsələlərə qanunvericiliklə 30 gün müddətində baxılması nəzərdə tutulduğu halda, mərkəz tərəfindən onların 5 iş günü müddətində icrası həyata keçirilir. Eyni zamanda, rüsum tələb olunan xidmətlərə görə vətəndaş banka getmədən mərkəzdə quraşdırılmış terminal (Kapital bank) vasitəsilə ödənişi həyata keçirə bilir.
Mərkəzdə vətəndaş müraciətlərinin operativ həll edilməsi məqsədilə 164 nömrəli “Qaynar xətt” yaradılmışdır. Burada, eyni zamanda, xidmətlərin səmərəliliyinin artırılması üçün könüllülər fəaliyyət göstərir. “Qaynar xətt”ə daxil olmuş müraciət əsasında, RİH tərəfindən ayrılmış xüsusi avtomobil vasitəsilə məhdud hərəkətli vətəndaşlara da öz ünvanlarında ilkin sənədləşmə işlərinə köməklik göstərilir.
 Ölkə Prezidentinin tapşırıqlarının icrasını daha səmərəli yerinə yetirmək məqsədilə ilk dəfə Gədəbəy rayonunda yaradılan OXM vətəndaş məmnunluğunun yüksəldilməsini, əhalinin icra strukturlarına olan etimad və inamının daha da artırılmasını, keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmət göstərilməsini özünün əsas vəzifəsi hesab edir.
Bəli, Gədəbəydə daha bir yeniliyə imza atıldı. Maraqlı təşəbbüs hamının diqqətini cəlb elədi. Rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev yeni korpusun açılışı münasibətilə keçirilən toplantıda dedi ki, cənab Prezidentin son illər apardığı mühüm islahahatlara biz bütün varlığımızla qoşulmalı, hərəmiz öz sahəmizdə yeniliklərə yol açmalı, vətəndaşlarımızın məmnunluğunu təmin edə biləcək bütün işlərdə yaxından iştirak etməliyik. Elə etməliyik ki, cənab Prezidentimizin həyata keçirdiyi qlobal işlərin fonunda biz də öz sözümüzü deyə bilək.
 
 
Hamlet Qasımov, 
“Xalq qəzeti”nin bölgə müxbiri
26 2020 22:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə