Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bölgələrdə Xocalı şəhidlərinin xatirəsi ehtiramla anıldı

Zaqatala 
 
Zaqatalada Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. 
Tədbir iştirakçıları Soyqırımı abidəsi kompleksini ziyarət etmiş, şəhidlərin xatirəsinə ehtiramlarını bildirmişlər.  Sonra rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin “Xocalının fəryadı” adlı məruzəsi dinlənilmişdir. Natiq çıxışında vəhşiləşmiş erməni millətçilərinin SSRİ-dən qalma 366-cı motoatıcı alayının qüvvələri ilə birlikdə 28 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğın nəticəsində 613 nəfər soydaşımızın qəddarlıqla qətlə yetirilmiş, yüzlərlə insan yaralanmış, 1275 nəfərin isə əsir götürülmüşdür. Natiq həmin gecə Xocalıda 10 ailənin tamamilə məhv edildiyini, 21 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyini xüsusi vurğulamışdır. O, yalnız ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinin ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunduğunu demişdir.
Sonra tədbirdə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qax, Zaqatala və Balakən rayonları üzrə nümayəndəsi Vidadi Hacıyev, ziyalılar və gənclər ulu öndər Heydər Əliyevin Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində yürütdüyü siyasətin bu gün Azərbaycan Respublikasının ­Prezidenti cənab İlham Əliyev tərəfindən  layiqincə davam etdirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışlar. Məhz bu siyasətin məntiqi nəticəsi kimi, bu gün dünya ictimaiyyəti artıq Xocalı soyqırımı haqqında həqiqətləri bilir və erməni terrorçularının törətdikləri vəhşilikləri pisləyirlər. Natiqlər öz çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həlli, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin qorunması, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması istiqamətində fəaliyyətində ölkə rəhbərinə uğurlar arzulamışlar. 
Daha sonra tədbirdə iştirak edən Xocalı sakinləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ünvanına müraciət qəbul olunmuşdur. Sonra rayonda məskunlaşmış 30 Xocalı məcburi köçkün ailəsinə RİH tərəfindən maddi yardımlar göstərilmişdir.
 
 
Kürdəmir
 
 
Dünən rayonun Heydər Əliyev Mərkəzində erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımının 28-ci  ildönümünə  həsr  edilmiş  ümumrayon tədbiri  keçirildi.
Tədbirdən əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri mərkəzin sərgi salonunda təşkil edilən “Xocalı soyqırımı uşaqların gözü ilə” mövzusunda rəsmlərə, əl işlərinə və kitablardan ibarət sərgiyə baxdılar. 
Sonra RİH başçısı Ceyhun Cəfərov rayonda müvəqqəti məskunlaşan Xocalı sakinləri ilə görüşdü, onların qayğı və problemləri ilə maraqlandı. O, xalqımızın son iki əsr ərzində erməni millətçiləri tərəfindən dəfələrlə soyqırımına məruz qaldığını,  azərbaycanlıların növbəti belə faciə ilə 28 il əvvəl Xocalıda üzləşdiyini bildirdi. Ceyhun Cəfərov vurğuladı ki, yalnız ulu öndər Heydər Əliyev xalqın tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra bu məsələyə prinsipial şəkildə yanaşılmışdır. Soydaşlarımıza qarşı qəddarcasına törədilən dəhşətli qətliama məhz ümummilli liderimizin qətiyyəti sayəsində obyektiv hüquqi-siyasi qiymət verilmişdir. Ulu öndər Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, 1994-cü ilin fevralında Milli Məclis bu faciəyə hüquqi-siyasi qiymət vermişdir. Hazırda dünyanın hər yerində Xocalı faciəsinin tanınması Azərbaycanın  xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra  ölkələrin və beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmiş və Xocalı faciəsi soyqırımı kimi tanımışdır.
“Xocalıya ədalət!” kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-­prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı kimi tanınmasına nail olmaqdır. 
Tədbir iştirakçıları Kürdəmir şəhər 1 saylı tam orta məktəbinin şagirdlərinin hazırladığı “Xocalı harayı” adlı kompozisiyasına tamaşa etdilər.
Mərasimin sonunda Xocalı sakini Elmar Şahverənov çıxış edərək tədbirin hazırlanmasında  əməyi keçən hər bir şəxsə, məktəblilərə və onlara hər zaman qayğı ilə yanaşan kürdəmirlilərə öz minnətdarlığını bildirdi.
 
 
İ. Musaoğlu,
“Xalq qəzeti”
26 2020 22:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə