Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şirvan: ötən ilin yekunları bu ilin uğurlarından xəbər verir

Fevralın 25-də Şirvan şəhərinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, şəhər icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimai-siyasi qurumların, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyət nümayəndələri iştirak edib. 

Öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən yığıncaq iştirakçıları abidə önünə gül-çiçək dəstələri qoyaraq ulu öndərin ruhuna dərin ehtiramlarını ifadə ediblər.
Sonra icra hakimiyyətinin foyesində şəhərin 2019-cu ildə sosial-iqtisadi inkişafını əks etdirən göstəricilər və foto şəkillərdən ibarət sərgi ilə tanış olublar.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, dünyada gərginliyin artdığı bir vaxtda ölkəmizdə bütün imkanlar əhalinin rifahının yaxşılaşmasına yönəldilib. Möhtərəm Prezidentimiz cənab İlham  Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da birbaşa iştirakı ilə həyata keçirilən sosial islahatlar Azərbaycan dövlətinin fövqündə insan amilinin dayandığını bir daha təsdiq edir.
İlqar Abbasov bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şirvan şəhərində iqtisadi durumun yaxşılaşdırılması, biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin olunması, kiçik və orta sahibkarlığın inkişafı, əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi istiqamətində  əməli işlər görülüb.
2019-cu il ərzində şəhərdə ümumi məhsul buraxılışı keçən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz artaraq 877 milyon manat olub. Ümumi məhsul buraxılışının 58 faizini təşkil edən sənaye sahələrində məhsul istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artaraq 506 milyon manata çatıb. Digər  sahələrin ümumi  məhsulda payı 42 faiz təşkil edib. Hesabat dövründə sənaye sahələrində istehsal olunmuş məhsulun 56 faizi  və ya 282 milyon manatı dövlət, 44 faizi və ya 224 milyon manatı isə qeyri-dövlət müəssisə və təşkilatların payına düşüb. 2019-cu ildə  şəhərdə 249 min ton neft, 7,5 milyon m3 qaz və 5 milyard 85 milyon kvt/saat elektrik enerjisi istehsal edilib. Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 501 manat təşkil etmişdir. Bu da 2018-ci illə müqayisədə 13 faiz çoxdur. 
2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində ŞİH tərəfindən T.İsmayılov küçəsi 5, 19 saylı yaşayış binalarının həyətləri abadlaşdırılıb, yeni nümunəvi məhəllə salınıb. Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı üçün 2 mərtəbəli yeni inzibati binanın tikintisi tamamlanaraq avadanlıq və inventarla təchiz olunub, “Azərişıq” ASC-nin sifarişi ilə Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin inzibati binasının tikintisi başa çatdırılıb. Dövlət başçısının 2019-cu il 4 fevral tarixli sərəncamı ilə ayrılmış vəsait hesabına Şirvan şəhərində 32 çoxmənzilli binanın dam örtüyündə təmir işləri aparılıb, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə Şirvan şəhərində müvəqqəti məskunlaşmış 685 məcburi köçkün ailəsi üçün zəruri sosial texniki infrastrukturu olan yeni yaşayış kompleksinin tikintisi tamamlanıb və ailələrin mənzillərə köçürülməsinə  başlanılıb. Həmçinin şəhərin 18 küçəsində təmir işləri aparılıb, ümumilikdə, 49 min kvadratmetr asfalt-beton örtük vurulub. 
Şəhərin su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması məqsədi ilə 2019-cu ildə küçə və məhəllələrə 6 min, yaşayış binalarına 12 min paqonometr su xətti, 5 min  paqonometr kanalizasiya xətti, əhalini dayanaqlı elektrik enerjisi ilə  təmin etmək məqsədilə 12 min metr müxtəlif markalı elektrik xətləri, qaz təchizatının yaxşılaşdırılması məqsədilə isə şəhərin qaz şəbəkəsində təmir və yenidənqurma işləri aparılmış, 60 min paqonometr qaz xətti çəkilmişdir.
Şəhər icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq xalqımızın taleyində  xüsusi iz buraxmış bayramların və digər əlamətdar günlərin geniş qeyd edilməsi məqsədi ilə silsilə tədbirlər keçirilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olub, qazanılan uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs edilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov ölkəmizdə əldə olunmuş uğurları real faktlar əsasında qeyd edib, yığıncaq iştirakçılarını narahat edən məsələlərə aydınlıq gətirib. 
Yığıncaq iştirakçıları onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.
Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul edilib.
2019-cu ildə  şəhərin sosial-iqtisadi, mədəni və ictimai həyatında fərqlənən şəxslər şəhər icra hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif ediliblər.

 

Səməd HÜSEYNOĞLU, 
“Xalq qəzeti”nin bölgə müxbiri

26 2020 22:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə