Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeron: qarşıya qoyulan vəzifələr yerinə yetirilmişdir

Abşeronda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr  ilə əlaqədar hesabat yığıncağı keçirilib. Abşeron RİH başçısı İradə Gülməmmədova məruzə ilə çıxış edərək bildirib ki, 2020-ci il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı ötən ilin ölkəmiz üçün uğurlu olduğunu, ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini və dayanıqlı inkişafın təmin olunduğunu qeyd edib.

Təqdirəlayiq haldır ki, 2019-cu il Abşeron rayonu üçün də uğurlu olmuşdur. Belə ki, ötən il rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində abadlıq-quruculuq işləri davam etdirilib, rayon ərazisində su-kanalizasiya sistemlərinin yenidən qurulması, avtomobil yollarının əsaslı təmiri, elektrik enerjisi, təbii qaz ilə təchizat və digər sosial problemlərin həlli istiqamətində mühüm layihələr icra olunub. 
“Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə rayonun Xırdalan, Mehdiabad, Qobu, Saray, Masazır və Ceyranbatan yaşayış məntəqələrində 28 küçə üzrə 39,7 kilometr uzunluğunda yolun əsaslı təmir olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 26,6 milyon manat vəsait ayrılması hər bir abşeronlunun böyük sevincinə səbəb olmuşdur”, - deyən İ.Gülməmmədova əlavə edib ki, rayonun daxili imkanları hesabına Xırdalan şəhərində Mehdi Hüseynzadə, Qəşəm Aslanov, Nəsimi küçələri yenidən qurulub.
Ölkə Prezidentinin 2019-cu ilin “Nəsimi ili” elan etməsi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə keçirilmiş ağacəkmə kampaniyasına ürəkdən qoşulan abşeronlular tərəfindən 2019-cu il dekabrın 6-da rayonun yaşayış məntəqələrində 22 min ədəd ağac əkilib. Ümumilikdə, 2019-cu ildə Abşeron rayonu ərazisində 32 min ədəd ağac əkilib.
Abşeronda ötən il özəl sahəyə 242 milyon manat investisiya cəlb edilib, Sahibkarlığın İnkişafı Fondu tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlara 40 investisiya layihəsi üçün 42,5 milyon manat güzəştli kredit verilib. Həyata keçirilən bu layihələr üzrə 975 yeni iş yeri yaradılıb. Ümumilikdə, 2019-cu il ərzində rayon ərazisində 7168 yeni iş yeri yaradılıb. Sahibkarlığın inkişafına yaradılmış əlverişli şərait nəticəsində 2019-cu ildə bir çox iri sənaye və kənd təsərrüfatı məhsulları istehsalı müəssisələrinin inşası həyata keçirilib.
Məruzədə bildirilib ki, 2019-cu il ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal fəaliyyətlərinin təmin edilməsi istiqamətində işlər davam etdirilib. Dövlət proqramına uyğun olaraq, Xırdalan şəhərində 3 saylı tam orta məktəb üçün yeni tədris korpusunun inşasına başlanılıb. Rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərində şagird sıxlığı ilə əlaqədar yeni məktəb binalarının tikintisinə zəruri ehtiyac yarandığından cənab ­Prezident tərəfindən məsələnin ciddiliyi nəzərə alınaraq, aidiyyəti orqanlara göstəriş verilib və 2020-ci ildə Abşeron rayonu ərazisində 9 yeni məktəb binasının inşası plana daxil edilib. Hazırda məktəblərin tikiləcəyi ərazi ilə bağlı sənədləşmə işləri aparılır.
RİH başçısı qeyd edib ki, ötən il Görədil kəndində 4 qruplu 80 yerlik körpələr evi-uşaq bağçasının tikintisi başa çatdırılıb, Novxanı kənd 7 saylı uşaq bağçasına istilik sistemi quraşdırılıb, Xırdalan şəhər 15 saylı körpələr evi-uşaq bağçasında isə təmir işləri aparılıb.
Azərbaycan Respublikasının ­Prezidentinin tapşırığına uyğun olaraq həyata keçirilən, gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonun ümumtəhsil məktəblərinin 80 nəfər şagirdi 2019-cu ilin mart ayında Lənkəran-Masallı-Astara rayonlarına, noyabr ayında isə Qəbələ-Şəki-Zaqatala rayonlarına səfər ediblər.
Əvvəlki dövrlərdə olduğu kimi, hesabat ilində də vətəndaşların qəbuluna diqqətlə yanaşılıb, rayon icra hakimiyyətində və hər həftə rayonun qəsəbə və kəndlərində səyyar qəbul keçirilməklə vətəndaşların mütəmadi qəbulları təşkil edilib. Ötən il 858 nəfər vətəndaşın müraciəti dinlənilib, onların qaldırdığı problemlərin həll olunması üçün lazımi tədbirlər görülüb. 
Sonra Azərbaycan Respublikası ­Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov, rayon maliyyə idarəsinin rəisi Faiq Şirəliyev, Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafiq Yusubov, Xırdalan enerji təchizatı və satışı idarəsinin rəisi Şahin Qədimli, rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, YAP Abşeron rayon təşkilatının Gənclər Birliyinin sədri Elnur Mirzəyev çıxış edərək görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
Sonda hesabat yığıncağı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul edilib. 

 

Səməd HÜSEYNOĞLU, 
“Xalq qəzeti”nin bölgə müxbiri 

26 2020 22:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə