Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

NATO-nun Baş katibi Əfqanıstan siyasətçilərini milli birliyə çağırıb

Əfqanıstan siyasətçiləri prezident seçkilərindən sonra ölkədə gərginliyin artmasına gətirib çıxara biləcək hər cür hərəkətdən çəkinməlidirlər. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə yayılmış bəyanatında bildirilir. Məlumatı TASS verib. 

Qeyd edək ki, bu il fevralın 18-də Əfqanıstanın hazırkı Prezidenti Əşrəf Qani rəsmi şəkildə prezident seçkilərinin qalibi elan edilib. Əfqanıstan Müstəqil Seçki Komissiyasının yekun məlumatına görə, Əşrəf Qani seçicilərin 50,64 faizinin səsini qazanıb. 
Ancaq prezidentliyə namizəd, ölkənin sabiq baş naziri Abdulla Abdulla seçkinin nəticələrini tanımaqdan imtina edir. Radikal “Taliban” hərəkatının nümayəndələri də nəticələrlə razılaşmayıb. Onların fikrincə, seçki qeyri-legitimdir və ölkədə sülh yaradılması işinə ziddir.
Stoltenberq qeyib: “Mən Əfqanıstanın bütün siyasi xadimlərini ölkədə gərginliyi artıracaq və siyasi sabitliyi pozacaq addımlardan çəkinməyə çağırıram. Bütün əfqanları sülh prosesinə dəstək vermək üçün milli birlik nümayiş etdirməyə dəvət edirəm”.  
Baş katibin sözlərinə görə, seçkilərdə özünün demokratik səsvermə hüququnu həyata keçirmiş əfqan xalqının qətiyyətini yüksək qiymətləndirir. Əfqanıstanın hüquq-mühafizə orqanları, təhlükəsizlik qüvvələri də seçkilərin keçirildiyi müddətdə qəhrəmanlıq və peşəkarlıq göstəriblər. 
NATO-nun Baş katibi bildirib: “Seçki prosesi ilə bağlı istənilən problem konstitusiya və hüquq normaları çərçivəsində həll edilməlidir. Artıq elə bir vaxt gəlib çatıb ki, bütün məsuliyyətli siyasi qüvvələr dialoqa girməli, sülh prosesini dəstəkləmək üçün birləşməlidir. Bu, bütün əfqan xalqı üçün prioritetdir”. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

26 2020 22:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə