Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazirlik yanında İctimai şura üzvləri ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlik yanında İctimai şuranın hazırkı tərkibdə müddətinin (2 illik müddətin) başa çatması ilə əlaqədar şuranın üzvləri ilə görüşüb.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan geniş miqyaslı islahatlar prosesində ictimai iştirakçılığın təmin edilməsinə xüsusi önəm verilir. Bu məqsədlə Nazirlik yanında İctimai şura ilə fəal əməkdaşlıq həyata keçirilib. Şurada təmsil olunan 15 nəfərdən ibarət vətəndaş cəmiyyəti nümayəndələrinə nazirliyin fəaliyyət sahələrində yaxından iştirak üçün müvafiq şərait yaradılıb. Şuranın tərkibində 4 fəaliyyət istiqamətləri üzrə işçi qrupları yaradılıb. Əmək, məşğulluq, sosial təminat, əlillik və reabilitasiya sahələri ilə bağlı qanunvericlik layihələri onlara təqdim edilib, onların rəy və təklifləri öyrənilib. İctimai şura üzvlərinə nazirliyin xidmət sahələri üzrə monitorinqlərin keçirilməsi üçün də lazımi şərait yaradılıb.

S.Babayev bildirib ki, nazirlik yanında İctimai şuranın hazırkı tərkibdə müddəti  qanunvericiliyə uyğun olaraq başa çatdığı üçün şuranın növbəti müddət üçün yeni tərkibi seçilməlidir. Bununla əlaqədar şuranın 15 nəfərdən ibarət yeni tərkibdə üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən (4-ü nazirlikdən, 5-i QHT-lərdən) ibarət komissiya yaradılıb. Şuraya seçkilərin keçirilməsi barədə nazirliyin rəsmi saytında elan da verilib. Şuraya üzv olmaq istəyənlərin həmin komissiya tərəfindən namizədliyinin qeydə alınması işləri aparılır. Yeni tərkibin seçilməsi prosesinin şəffaf və ədalətli keçirilməsi təmin olunacaq.

İctimai şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev son iki illik dövrdə Şuranın fəaliyyəti barədə məlumat verib. Şura üzvləri yeni seçiləcək tərkibdə təmsil olunacaq həmkarlarına uğurlar arzulayıblar.

Görüşdə şura üzvlərinə nazirlik tərəfindən təşəkkürnamələr təqdim edilib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

26 2020 10:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə