Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə qürur duyuruq

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşən Roma Papasının Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir-bərpa işlərini qeyd etməsi, Azərbaycan hökumətinə, xüsusilə də fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirməsi dövlət başçımızın İtaliyaya səfərinin xüsusi məqamlarından idi. Papa vurğuladı ki, Vatikan Heydər Əliyev Fondunun gördüyü işləri heç vaxt yaddan çıxarmayacaq. Çünki Heydər Əliyev Fondunun layihələri sayəsində Vatikanda bir çox tarixi abidələrin, o cümlədən katakombaların bərpasına nail olunub.

Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olan zaman Heydər Əliyev fondunun gördüyüu işlərlə bağlı verilən məlumatlar bizi qürurlandırdı.  Öyrəndik ki, Heydər Əliyev Fondu tərəfindən hazırda Vatikanda böyük layihələr həyata keçirilir. Ötən ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən, Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası  I Leon ilə Hun imperatoru Atillanın görüşü”  barelyefi və Vatikan Bazilikasındakı katakombalarda yerləşən “Tullius Zethus” məqbərəsi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edilir və artıq işlər başa çatmaq üzrədir. Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tacın Arxeologiya Şurası arasında imzalanmış müqaviləyə əsasən aparılan “Müqəddəs Komodiliya” katakombalarındakı mavzoleyin bərpası işləri və həmin layihənin də bu il başa çatması nəzərdə tutulur. Bundan başqa, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazinin iştirakı ilə açılışı olan “Müqəddəs San Sebastian kilsə-muzey kompleksində katakombaların bərpası” layihəsi çərçivəsində son tamamlama işləri aparılır.  

Biz fəxr edirik ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr müqəddəs Taxt-Tacda çox yüksək qiymətləndirilir. Bu işlər fondun ümumbəşəri dəyərlərə verdiyi töhfələri bütün dünyaya nümayiş etdirir. Bununla yanaşı, bu layihələr həm də ölkəmizin müxtəlif dinlərin abidələrinə və müqəddəs yerlərinə verdiyi önəmi göstərir. Bütün bunlar isə multikultural dəyərlər təşviq edən ölkə kimi Azərbaycanın dünyadakı mövqeyini və yerini möhkəmləndirir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü də bu səfərin yaddaqalan məqamlarından oldu.  Kardinal Pietro Parolin ölkələrimiz arasında xüsusi münasibətlərin olduğunu  vurğuladı. Eyni zamanda, Azərbaycanda Katolik Kilsəsinin fəaliyyəti üçün yaradılan şəraitin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. Sonra o, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan, kilsə və cəmiyyət qarşısında xidmətlərinə görə dövlət başçılarına və yüksək  vəzifəli dövlət xadimlərinə təqdim edilən IX Piy Ordeninin Böyük Xaçını təqdim etdi. Birinci vitse-prezident Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görüldü. Kardinal Mehriban Əliyevaya bu mükafatı təqdim etməkdən şərəf duyduğunu dedi.

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın yüksək ordeni ilə təltif olunduğuna görə minnətdarlığını bildirdi və ordeni Vatikan ilə Azərbaycanın ikitərəfli münasibətlərinin yüksək səviyyədə olmasının daha bir təsdiqi kimi qiymətləndirdiyini vurğuladı.

Azərbaycanın birinci xanımına fəaliyyətinə görə verilən bu dəyəri xalqımıza verilən qiymət hesab edir və qürur duyuruq. Fəxr edirik ki, ölkəmizin imicini yüksəldən belə Birinci vitse-prezidentimiz  var  və  o,  Azərbaycanın adını zirvələrə qaldırmağı bacarır.

Gülnaz DADAŞOVA,
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru,
tibb elmləri doktoru

26 2020 10:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə