Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərə yekun vurub

Məzahir Pənahovun sədrliyi ilə fevralın 25-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. 
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılıb.
Qeyd olunub ki, 2020-ci il fevralın 9-da Milli Məclisə seçkilər azad və ədalətli şəkildə keçirilərək ölkəmizin ictimai-siyasi həyatında əlamətdar tarixi hadisəyə çevrilib. Seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün MSK və aidiyyəti dövlət qurumları tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin icrasına xüsusi diqqətlə yanaşılıb. Seçki prosesinin mühüm mərhələləri olan seçici siyahılarının dəqiqləşdirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki subyektlərinin maarifləndirilməsi, deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər və kütləvi informasiya vasitələri nümayəndələrinin sərbəst fəaliyyəti üçün tam sərbəst və maneəsiz şəraitin yaradılması və bütün digər addımlar MSK-nın hazırlayıb təsdiq etdiyi Təqvim Planına əsasən atılıb.
Milli Məclisə seçkilər 125 seçki dairəsi və 5573 seçki məntəqəsi üzrə keçirilib. Deputatlığa 19 siyasi partiyanı, seçicilərin təşəbbüs qrupunu təmsil edən, həmçinin öz təşəbbüsü ilə seçkilərə qatılan 1637 nəfərin namizədliyi qeydə alınıb, onlardan 323 nəfəri qeydə alındıqdan sonra mübarizəni dayandırmaq qərarına gəlib və yekunda 1314 namizədin adı seçki bülletenlərinə daxil edilib. Bütün namizədlərə seçkiqabağı təşviqat dövründə bərabər şərait və eyni imkanlar yaradılıb. Namizədlik iddiasında olanlar hətta seçkilər təyin olunduğu gündən başlayaraq bütün seçki kampaniyası ərzində sosial şəbəkələr və onlayn media vasitəsilə heç bir maneə olmadan sərbəst və geniş təşviqat aparıblar. Bundan başqa, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, bütün ölkə ərazisində 136-sı açıq, 136-sı qapalı olmaqla, ümumilikdə, 272 yer ayrılaraq namizədlərin ixtiyarına verilib və deputatlığa namizədlər, sadəcə, dairə seçki komissiyalarını məlumatlandırmaqla həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər. Namizədlərin seçkiqabağı təşviqatı üçün bütün seçki məntəqələrini əhatə etməklə, çoxlu sayda böyük ölçülü lövhələr quraşdırılıb. Seçkiqabağı təşviqat məqsədilə ödənişli efir vaxtı təklif etmiş 40 kütləvi informasiya vasitəsi tərəfindən namizədlərə təklif olunan qiymətlər MSK-ya təqdim olunub, bu məlumatlar namizədlərin tanış olması üçün komissiyanın internet səhifəsində yerləşdirilib və bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi daim nəzarətdə saxlanılıb.
Seçkilərlə bağlı daxil olmuş müraciətlər vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə ətraflı və obyektiv araşdırıldıqdan sonra operativ şəkildə iclasa çıxarılaraq, ərizəçilərin və digər maraqlı tərəflərin də iştirakı ilə müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. Daxil olan müraciətlərin tam, şəffaf və hərtərəfli araşdırılması nəticəsində Komissiyanın qərarı ilə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli–Beyləqan seçki dairələri üzrə Milli Məclisə seçkilər etibarsız sayılıb. Müxtəlif mənbələrdən – sosial şəbəkələr, seçicilər tərəfindən ünvanlanan müraciətlər və qaynar xəttə daxil olan məlumatların araşdırılmasının nəticəsi olaraq, ümumilikdə, 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub. Komissiya, həmçinin seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlara görə 87 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılmasına qərar verib.
Qeyd etmək lazımdır ki, məşvərətçi səs hüquqlu komissiya üzvü, səlahiyyətli nümayəndə, vəkil edilmiş şəxs və s. müxtəlif statusla ümumilikdə 90000-ə yaxın seçki subyekti səsvermə günü məntəqə seçki komissiyalarının işini müşahidə etmək hüququna malik olub.
Milli Məclisə seçkilərin müşahidəsinə 59 beynəlxalq təşkilat və 58 ölkəni təmsil edən 883 beynəlxalq müşahidəçi qatılıb. Habelə nüfuzlu 132 beynəlxalq kütləvi informasiya vasitəsindən olan 199 beynəlxalq KİV təmsilçisi MSK tərəfindən müvafiq lövhəciklə təmin olunaraq seçkiləri izləyiblər. Bütün bunlarla yanaşı, 4 təşkilat tərəfindən seçkilərdə “exit-poll” keçirilib ki, onlardan da 2-si öz fəaliyyətlərini xarici partnyorları ilə birgə təşkil ediblər.
Respublikada fəaliyyət göstərən yerli kütləvi informasiya vasitələrinin nümayəndələri isə heç bir əlavə qeydiyyat və sənəd tələb olunmadan seçki marafonunun əvvəlindən axırınadək sərbəst və maneəsiz şəkildə seçkilərdə iştirak ediblər.
Seçkilərin müşahidəsində, həmçinin çoxsaylı siyasi partiyaları, vətəndaş cəmiyyəti institutlarını, qeydə alınmış namizədləri təmsil edən, eyni zamanda, öz təşəbbüsləri ilə seçkilərə qatılmış 77790 yerli müşahidəçi də iştirak edib.
Bütövlükdə seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də yerli və beynəlxalq KİV nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb.
Milli Məclisə seçkilərdə aşkarlığın təmin olunması üçün qeyd edilənlərlə yanaşı, işğal olunmuş ərazilər istisna olmaqla, respublikanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, hər kəs üçün açıq platformada və heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar. Seçki günü dünyanın müxtəlif ölkələrindən və yerlərindən veb-kameralara 230000-ə yaxın baxış olub və veb-kameralar vasitəsilə müşahidələrin təqribən 80 faizi ölkə daxilindən, 20 faizi isə ölkə xaricindən həyata keçirilib.
Səsvermə günü seçki məntəqələri bağlandıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirilib. Yerli və beynəlxalq ictimaiyyətin seçkilərin nəticələri ilə tanış olması üçün səsvermə başa çatdıqdan bir neçə saat sonra ölkə üzrə 5573 seçki məntəqəsinin 4823-dən (təqribən 87 faizindən) daxil olmuş məlumatlar əsasında seçki dairələri üzrə səsvermənin ilkin nəticələri və lider namizədlər haqqında məlumatlar ictimaiyyətin diqqətinə çatdırılıb. Ardınca isə qısa müddətdə ölkə üzrə bütün seçki məntəqələrinin protokol məlumatları operativ şəkildə MSK-nın internet səhifəsində yerləşdirilib. Səsvermənin nəticələrinə dair yekun protokollar və digər seçki sənədləri qanunla müəyyən olunmuş müddətdə məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına, oradan isə MSK-ya çatdırılıb.
Milli Məclisə seçkilərdə seçicilər azad və maneəsiz şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ümumilikdə, ölkə üzrə seçicilərin ümumi sayının 46,84 faizi səsvermədə iştirak edib.
İclasda Milli Məclisə seçkilərdə ümumi yekunların müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, seçkilərin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.
 
 
AZƏRTAC
26 2020 00:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə