Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı qətliamı ağılasığmaz qəddarlıqla törədilmiş dəhşətli faciədir

1992-ci il fevralın 26-da Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki həmin vaxt hansısa kiçik cinayət hadisəsi deyil, bütöv Azərbaycan xalqına qarşı soyqırımı aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişdir. 
Heydər ƏLİYEV
Ümummilli lider


Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi. Bu mənfur siyasət xalqımıza saysız-hesabsız müsibətlər və əzab-əziyyətlər gətirmişdir. 
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Bəşəriyyət tarixinə kütləvi insan qırğınları baxımından nəzər saldıqda son 5 min illik zaman kəsiyində təkcə baş vermiş 14 mindən çox müharibədə 150 milyondan artıq insanın həlak olduğunu görürük. Bunun dörddə üçü yalnız XX əsrdə baş vermiş müharibələrin payına düşür. İkinci Dünya müharibəsi belə qlobal savaşın üçüncüsünün Yer kürəsinin məhvi ilə nəticələnəcəyi qənaətini yaratsa da, son 75 ildə dünyanın 151 yerində 230-dan artıq silahlı konflikt baş verib ki, bunların da yarıdan çoxu “şər imperiyası” sayılan SSRİ-nin süqutundan sonrakı 3 onillik tarixi dövrə təsadüf edir. 
Bütün bu müharibələrin sırasında öz miqyası, qəddarlığı, insanlığa sığmayan əməlləri ilə fərqlənən elə cinayət aktları vardır ki, onlara heç cür haqq qazandırmaq mümkün olmur. Təkcə Azərbaycan tarixinin deyil, bütün bəşər tarixinin ən dəhşətli insan qırğınlarından biri olan Xocalı soyqırımı məhz belə cinayət aktlarından biridir. Tarixən xalqımıza qarşı barışmaz kin və qəddarlıq hissləri ilə qızışdırılmış, ərazi iddiaları ilə sərsəmləşmiş ermənilərin hərbi birləşmələri Azərbaycanın yenicə elan olunmuş dövlət müstəqilliyi ilə barışmayan sovet ordusunun tör-töküntüləri ilə birləşərək 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda mühasirə vəziyyətinə düşmüş Xocalı şəhərinə hücum edərək XX əsrin ən qanlı soyqırımını törətdilər. 
 Amansızlığına görə dünya tarixində törədilmiş ən qəddar cinayətləri belə üstələyən bu soyqırımı aktı təkcə Azərbaycan türklərinə qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayət idi. Xocalı faciəsinə qədər Qarabağda baş verən bütün olaylar bu faciənin məqsədli şəkildə həyata keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğuna heç bir şübhə yeri qoymur. Xocalının mühasirəyə alınaraq mülki şəxslərin şəhəri tərk etməsinə imkan verilməməsi ermənilərin əsl niyyətini açıq şəkildə ortaya çıxarır. O qanlı fevral gecəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc Xocalı sakini qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü, 150 nəfər isə itkin düşdü. Öldürdükləri uşaqların, qocaların, qadınların cəsədlərini tanınmaz hala salmış erməni separatçıları bəşər tarixində ermənilik adına əbədi şərəfsizlik gətirən soyqırımı aktına imza atdılar. 
 Faciənin törədilməsindən yalnız iki gün sonra kütləvi qırğın yerlərindən birinə çatmaq mümkün oldu. Şahidlərin qarşılaşdıqları tükürpərdici mənzərə sözlə ifadə edilə bilməyəcək qədər ağır və amansız idi. Bütün tarixi, kökü və ruhu ilə yaşadığı torpağa bağlı olan sadə insanların, o torpaqda yenicə ayaq tutub yeriməyə başlamış məsum uşaqların cəsədləri soyuq qışın qalın qar örtüyü üstündə vəhşiliyin ən qəddar səhnəsini canlandırırdı. Kim bilir, bu zavallı soydaşlarımızın son nəfəslərində istəkləri, diləkləri nə olmuşdu... Nəsibləri isə vətən torpağını qucaqlayaraq şəhidlik zirvəsinə ucalmaq oldu... 
 Bu qanlı hadisənin şahidi, bütün ailəsindən yalnız qucağındakı körpə qızını və 4 yaşlı oğlunu xilas edə bilmiş gənc bir ana göz yaşları içərisində, ürək parçalayan Xocalı tarixçəsini söyləyir: “Xocalıdakı ov silahlarını da camaatdan almışdılar. Bizim özümüzü müdafiə etməyə heç bir imkanımız yox idi. Yalnız ərim tüfəngini gizlədib saxlamışdı. Biz od-alov içərisindən viran olmuş Xocalının kənarına güclə gəlib çıxa bildik. Sonra gördük ki, silahlılar bizi izləyərək güllələr yağdırır. Onlar bizə çatıb öldürmək, ya da əsir götürmək istəyirdilər. Ərim dayanıb onlara atəş açmağa başladı. Qışqırdı ki, “Qaçın, ələ keçməyin!”. Ailəmizin üzvlərindən bir neçəsi arxadan vurulub yerə sərildi. O isə hələ də silahlılarla vuruşurdu. Mən ayaqyalın, başıaçıq, iki balamla uzaqlaşıb kol-kosun içində, qaranlıqda gözdən itəndə güclə onun bağırtısını eşidirdim: “Qaçın, gizlənin, görünməyin”. Biz xilas olduq. O isə şəhid...”
 Azərbaycanlı ər son nəfəsinə qədər vuruşdu ki, özü ölsə də, ailəsi düşmən əlinə keçməsin. Bu faciədən möcüzəli təsadüf nəticəsində qurtulmuşların hamısı bu gün də Xocalı dərdinin ağır yükü altında inləyir. Şəhid Milli Qəhrəman Çingiz Mustafayevin lentə aldığı dəhşətli görüntülər Xocalı faciəsinin miqyasını və erməni cəlladlarının vəhşiliyini bütün dünyaya nümayiş etdirir. Elə ermənilərin özləri də öz mənfur əməllərini etiraf etməkdən çəkinmir, yazdıqları ilə özlərini ifşa edirlər. Erməni millətçiliyinin və separatizminin baş ideoloqu, körpə balaların qatili Zori Balayanın Xocalı hadisələrindən 4 il sonra yazdığı “Ruhumuzun dirilməsi” kitabını oxuyarkən bir daha bunun şahidi olursan. 
 Ermənistanın tanınmış ictimai fikir liderlərindən biri sayılan müəllif öz kitabında yazır: “Biz Xaçaturla uşaqların saxlandığı zirzəmiyə enən vaxt, əsgərlərimiz artıq onlardan birini ovuclarından pəncərə çərçivəsinə mıxlamışdılar. Uşağın səs-küyünü azaltmaq üçün Xaçatur onun ağzına öldürdüyümüz anasının kəsilmiş döşünü soxdu. Sonra mən onun başının, döşünün və qarnının dərisini soydum. O, 7 dəqiqə sonra qan itirmədən öldü. Birinci ixtisasıma görə həkim olduğum üçün humanistəm və ona görə də uşağın başına gətirdiklərimizdən sevinc duymadım. Lakin qəlbim şadlanırdı. Xaçatur uşağın bədənini hissələrə böldü və itlərə atdı. Axşam biz eyni hərəkətləri üç azərbaycanlı uşağı ilə etdik. Mən erməni, vətənpərvər və vətəndaş kimi borcumu yerinə yetirdim”. 
 Bu, XXI əsrdə erməni faşistinin öz qələmi ilə yaratdığı vandal obrazı, vəhşiləşmiş “ziyalı” avtoportretidir! Qarabağın işğalı zamanı Zori Balayanın sabiq Ermənistan prezidenti, o zaman isə separatçı hərbi birşəşməyə rəhbərlik etmiş Serj Sərkisyanla birlikdə hərbi geyimli fotoları da onların birlikdə törətdiyi cinayət əməllərinin sübutudur. Bu ölkənin həkim-yazıçısı da, prezidenti də Xocalı soyqırımı və bütövlükdə, Qarabağın işğalı üzərində “erməni millətinin qəhrəmanlarına” çevrildilər. Lakin tarixi həqiqətlər bunun qəhrəmanlıq deyil, öz növündən olan insana qarşı amansızlıq, bəşəriyyətə qarşı cinayət olduğu nu sübut edir. 
 Qarabağ müharibəsində səhra komandiri və sonralar Ermənistanın prezidenti olmuş Serj Sarkisyan isə Britaniya jurnalisti Tomas de Vala verdiyi müsahibədə Xocalı faciəsinə belə şərh vermişdi: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, ermənilər dinc əhaliyə silah qaldırmaq iqtidarında deyillər. Biz bu stereotipi qıra bildik və nəticə göz qabağındadır”. Bu şərhin özü ermənilərin dinc azərbaycanlıları məhz milli mənsubiyyətinə görə qətlə yetirdiklərini və ölkənin 20 faizini etnik təmizləməyə məruz qoyduqlarınu sübut edir.
 Bütövlükdə, 5 il davam edən Qarabağ savaşlarında Azərbaycanın, təxminən, 20 faizini təşkil edən 12 rayonunda yerləşən 700 yaşayış məntəqəsi işğal olundu, 24 min azərbaycanlı vəhşicəsinə öldürüldü, 4 minə qədər dinc əhali əsir düşdü. Əsir aparılanların əksəriyyəti uşaq, qadın və qocalardan ibarətdir. İtkin düşmüşlərin sayı 4 min 965 nəfərdir. Onlardan 320 qadın, 69 isə uşaqdır. 1 milyona yaxın azərbaycanlı öz doğma yuvalarından qovularaq qaçqına çevrildi.
 BMT tərəfindən 1948-ci ildə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada əks olunan müddəalara müvafiq olaraq, cinayət hadisələrini soyqırım kimi xarakterizə edən bütün xüsusiyyətləri Xocalının acı taleyində görmək mümkündür. Həmin konvensiyada qeyd olunmuş etnik mənsubiyyətinə görə insanların məqsədli şəkildə, xüsusi qəddarlıqla və işgəncə verilərək öldürülməsi, kütləvi qırğın aktının qabaqcadan planlaşdırılması kimi meyarlar Xocalı hadisələrinin mahiyyətini təşkil edir. Özündə dözümsüzlüyü, etnik-dini ayrı-seçkiliyi, məqsədli etnik təmizləməni, ağlasığmaz işgəncələri birləşdirən Xocalı qətliamı əsl soyqırımı hadisəsidir. 
 Xocalı faciəsi Qafqaz və Anadoluda türkə qarşı xəyanətlər tarixinin ən qanlı səhifələrindən biri olsa da, birincisi deyil. Xocalı soyqırımı bizi tarixi keçmişimizə yenidən nəzər salmağa və acı həqiqətləri bir daha xatırlamağa və xatırlatmağa sövq edir. Xocalı soyqırımının kökü baş verdiyi tarixdən çox-çox əvvəlki zamanlara gedib çıxır. Bu faciəyə təkcə Qarabağ ətrafında cərəyan edən hadisələrin tərkib hissəsi kimi yox, həm də Azərbaycanın tarixi uğurları, zəngin dövlətçilik ənənələri, ölkəmizin yerləşdiyi geopolitik məkan və Qafqaz regionunda tutduğu önəmli yer kontekstində yanaşmaq onun əsl səbəblərini üzə çıxarmağa kömək edər. 
 Tarixdən yaxşı məlumdur ki, Azərbaycan dövlətçiliyi özünün ən yüksək zirvəsinə Səfəvilər dövlətinin yaradılması ilə çatmışdı. Zamanında böyük bir coğrafi məkanı əhatə edən bu dövlətin zəifləməsi ilə Azərbaycan öz sərhədləri içərisində əriməyə başladı. Səfəvilər dövlətinin süqutu, Azərbaycanın pərakəndə şəkildə xanlıqlara parçalanması sonda bütün regionun rus imperiyasının nəzarəti altına keçməsi ilə nəticələndi. 
 Beləliklə, Azərbaycan dövlətçiliyinin zəifləməsi bütövlükdə Qafqaz regionunun rus imperiyasının caynağına keçməsinə səbəb oldu. Lakin faciə bununla bitmədi. Minilliklər ərzində Avrasiyanın sahibi olan qüdrətli türk dövlətçiliyinin dirçəlməsinə bir daha imkan verməmək məqsədi ilə Altaylardan Balkanlara qədər uzanan türk qurşağını parçalamağa çalışan rus imperiyası “məzlum” erməni tayfalarını məhz Qafqazda, əzəli türk torpaqlarında yerləşdirməyə başladı. Türk zolağının strateji mərkəzində yerləşən Azərbaycan imperiyanın şikarına çevrildi. Son üç yüz ildə əhalisi daim artmaqda olan Azərbaycanın ərazisi daim azalmağa, dəfələrlə bölünərək qonşular tərəfindən udulmağa məruz qaldı. Bugünkü Azərbaycan dövləti isə mövcud olduğu bütün siyasi-mədəni tarixi ərzində ən az torpaqların sahibidir. 
 XX əsrdə Rusiyanın çar imperiyasını əvəzləyən sovet imperiyası da bu “ənənəyə” sadiq qalaraq Azərbaycanı parçalamaqda davam etdi. Qəddarlığı ilə öz sələfindən heç də geri qalmayan sovet imperiyası soydaşlarımızın böyük bir hissəsini Asiya çöllərinə sürgün etdi, Zəngəzur mahalını da ermənilərə təhvil verdi. Bütün bunlara mətinliklə sinə gərən millətimiz yetmiş il ərzində sovet əsarətinə qarşı mübarizəsini və milli azadlıq hərəkatını davam etdirdi. Bu mübarizə 20 Yanvar faciəsindən keçərək milli dövlətçiliyimizin bərpasına yol açdı. 
 Əslində, Xocalı hadisələri Azərbaycanda sovet imperiyasının dayaqlarını laxladan milli azadlıq hərəkatını boğmağa yönəlmiş Qanlı Yanvar faciəsinin davamı idi. Bu, xalqımızın mübarizlik əzmini sındırmağa, Azərbaycanı yenidən əsarət altına almağa yönəlmiş zorakılıq aktı idi. Şər imperiyası törətmiş olduğu 20 Yanvar faciəsində əldə edə bilmədiyinə son nəfəsində Xocalı faciəsində bilavasitə iştirak etməklə nail olmaq istəyirdi. Qafqazın itirilməsini həzm edə bilməyən qanlı imperiya Xocalı qətliamının törədilməsinə göstərdiyi “dəstəklə” yenicə müstəqilliyini bərpa etmiş Azərbaycana öz gücünü nümayiş etdirdi və əsl niyyətini ortaya qoydu. 
 Xocalı soyqırımı əslində, bütün dünya türklüyü qarşısına atılan imperializm “əlcəyi” idi. Son iki yüz il ərzində rus imperiyasının köməyi ilə qədim türk torpaqlarında məskunlaşdırılmış, imperiya boyunduruğunda yaşamağa və imperiya buyuruqlarını məharətlə yerinə yetirməyə alışmış, ən çətin anlarda qonşularına dayaq olmaq əvəzinə, xəyanət etməyi adət etmiş ermənilər isə həmişə olduğu kimi, bu dəfə də məkrli imperiya siyasətinin əsas ifaçıları kimi çıxış etdilər. Nəticədə, növbəti dəfə torpaqlarımızın bir hissəsini tərk etməyə məcbur edilsək də, müstəqillik idealından geri çəkilmədik. 
Tarixən, Qafqazın dövlətçilik ənənəsinin əsas hissəsini məhz Azərbaycanın dövlətçilik ənənəsi təşkil etmişdir. Buna görə də rus imperiyası mövcud olduğu bütün zamanlarda Azərbaycan dövlətçiliyini, xüsusilə onun digər türk dövlətləri ilə müttəfiqləşib güclənməsini öz imperialist maraqlarına ciddi təhlükə hesab etmişdir. Çünki güclü Azərbaycan həm də güclü Qafqaz deməkdir. Lakin bu reallığı qəbul etməyən, imperiya tərəfindən “böyük Ermənistan” xülyası ilə “yemlənən” ermənilər tarix boyu imperiya siyasətinin ucuz aləti kimi Qafqazda dağıdıcılıq missiyasını məharətlə yerinə yetirmiş və bu gün də Azərbaycan ərazisində separatizmi alovlandırmaqla, çirkin ənənələrinə sadiq qalmaqdadırlar. 
 Yaxın keçmişimizin ən faciəvi hadisələrindən biri olan Xocalı soyqırımı erməni təfəkkürünün və tipik erməni xarakterinin təkcə onun qonşuları üçün deyil, bütövlükdə bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu bir daha sübut etdi. Erməni xarakterinə xas olan terrorizm, etnik təmizləmə və işğalçılıq siyasəti müasir dünyada dayanıqlı sabitliyə və sülhə ən böyük təhdid mənbələri kimi çıxış edir. Tarix boyu iyrənc “keyfiyyətlərini” qoruyub saxlamağa nail olmuş ermənilər isə bu gün düşdükləri çıxılmaz vəziyyətin kökündə məhz sahib olduqları ermənilik xarakterinin dayandığının fərqində deyillər. Bununla, ermənilər təkcə Qafqaz regionunda deyil, bütün dünyada sabitliyin təmin olunmasına qarşı ən böyük maneə kimi çıxış edir və beynəlxalq humanizm siyasətinə ağır zərbələr vururlar. 
 Ermənilər üçün müstəqillik heç zaman milli məqsəd olmayıb və bu gün də belədir. Bu gün Ermənistanın bütün sahələrdə aparıcı dövlətlərdən asılı vəziyyətə düşməsi və həmişə olduğu kimi onların “vassalı” və lazım olduqda isə “forpostu” rolunda çıxış etməsi bunu bir daha sübut edir. Vaxtilə, əhalisinin əhəmiyyətli qismi Azərbaycan türklərindən və digər millətlərdən ibarət olan Ermənistanda bu gün vəziyyət tamamilə fərqlidir. Etnik təmizləmə nəticəsində digər millətlərin nümayəndələri zorla öz tarixi yurd-yuvalarından qovulmuş və qonşu dövlətlərdə məskunlaşmağa məcbur olmuşlar. Ermənistan mono-etnik dövlətə çevrilmişdir. 
 Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Ölkəmiz həmişə olduğu kimi, bu gün də bəşəri dəyərlərə, regionda sülh və sabitliyə real təhlükə mənbəyi olan mənfur qüvvələrə qarşı qətiyyətlə mübarizə aparmaqdadır. Nə qədər çətin olsa da, Azərbaycan dövləti və xalqı təkcə öz milli maraqları üçün deyil, bütövlükdə, ümumbəşəri dəyərlərinin qorunub saxlanılması üçün öz mübarizəsini fədakarlıqla davam etdirməkdədir. 
 Azərbaycan bütün tarixi boyu çoxsaylı millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı, bütün dünyaya tolerantlıq örnəyi olan bir məkandır. Ölkəmizin vətəndaşı olan çoxsaylı etnik ermənilər də heç bir milli ayrı-seçkiliyə məruz qalmadan bu gün də Azərbaycanda yaşamaqda davam edirlər. Bu fakt bir daha xalqımızın sülhpərvərliyini, dözümlülüyünü və birgəyaşayış ənənələrinə, ­multikulturalizm ideallarına sadiqliyini nümayiş etdirir. 
 Xocalı soyqırımının insanlıq əleyhinə törədilmiş cinayət kimi tanıdılması təkcə Azərbaycan deyil, dünya birliyi üçün də beynəlxalq əhəmiyyət kəsb edir. Hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisinin Xocalı hadisələrini soyqırımı elan etməsi xüsusi əhəmiyyətə malik oldu. Həmin tarixdən etibarən Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi daha geniş miqyasda anılmağa başlandı. O zamankı Azərbaycan Prezidenti, ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi: “Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. 
 Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda soydaşlarımıza qarşı törədilmiş kütləvi qırğınların soyqırımı xarakteri daşıması, azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətinin aparılması açıq şəkildə ifadə olunmuşdur. Həmin fərmana uyğun olaraq, 31 mart günü son yüz ildən artıq müddətdə davam edən qırğınların qurbanı olmuş soydaşlarımızın xatirəsinə ehtiram əlaməti olaraq “Azərbaycanlıların soyqırımı günü” elan edildi.
 Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində Xocalı soyqırımının tanıdılması xüsusi yer tutur. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Xocalı faciəsinə toxunaraq, bu hadisəni törədənlərin əsl niyyətlərini, təkcə azərbaycanlılara qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş ağır həmin cinayət aktının mahiyyətini açıq şəkildə ifadə etmişdir. Prezident İlham Əliyev bu yaxınlarda Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş panel müzakirəsi zamanı da Xocalı faciəsinin ermənilər tərəfindən törədilmiş amansız soyqırımı aktı olduğunu bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırdı: “1992-ci ildə Ermənistanın əvvəlki rejimi müharibə cinayəti-- Xocalı soyqırımını törətdi. Nəticədə, aralarında 106 qadın, 63 uşaq olmaqla, 613 günahsız mülki şəxs vəhşicəsinə öldürüldü. Xocalı soyqırımını 10-dan artıq ölkə tanıyır... Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub”. 
 Bu faciənin daha geniş miqyasda tanıdılması isə hər bir azərbaycanlının müqəddəs borcudur. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası artıq öz bəhrələrini verməkdədir. Kampaniya çərçivəsində dünyanın bir çox ölkəsində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin keçirilməsi əsl həqiqətlərin, Ermənistan tərəfindən ölkəmizə qarşı yürüdülən təcavüzkar siyasətin mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynamaqdadır. 
 “Xocalıya ədalət!” kampaniyasının ən uğurlu nəticəsi bu faciənin Pakistan, Meksika, Peru, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina kimi dövlətlərin parlamentləri, eləcə də bir çox beynəlxalq təşkilatlar tərəfindən soyqırımı aktı kimi tanınması olmuşdur. Eyni zamanda, dünyanın bir çox şəhərlərində dünya xalqlarının soydaşlarımıza qarşı törədilmiş soyqırımı aktı haqqında məlumatlandırılması məqsədilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən abidələr ucaldılmaqdadır. Kampaniyanın Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbini irəli sürən müraciətini ötən illərdə bütün dünyada milyonlarla insan imzalayıb. 
Çeşidli və davamlı təzyiqlərə, təhdidlərə baxmayaraq, ölkəmizin davamlı inkişafa nail olması və regionun aparıcı dövlətinə çevrilməsi həm də Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində həllini yaxınlaşdırır. Bu məsələdə Azərbaycanın ən güclü silahı onun haqlı mövqeyidir. Azərbaycanın haqlı mövqeyinin arxasında beynəlxalq siyasətin ədalətli münasibətini və beynəlxalq hüquq normalarının yerinə yetirilməsini tələb etmək iradəmiz dayanır. 
 Xatırladaq ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü gedişində işğalçı ölkənin tərətdiyi etnik təmizləmə və kütləvi qırğınlar zamanı dünya susdu, azərbaycanlıların fəryadına səs verən olmadı. Bəzi dövlətlərin zorakılıqdan çəkinmək çağırışlarını eşitməzliyə vuran ermənilər 1993-cü ildə BMT-nin bütün işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz geri çəkilmək haqqında qəbul etdiyi 4 qətnaməsinə də məhəl qoymadı. Bu qətnamələr bu gün də icra olunmamış qalmaqdadır. Erməni lobbisinin yalan və böhtanlarına uymuş Avropa da susdu, işğalçıya “dur” deyən və onu durmağa məcbur edən güc tapılmadı. 
Bütün bu hadisələri planlayan, həyata keçirilməsində bilavasitə iştirak edən erməni ideoloqları Zori Balayan, Silva Kaputikyan, səhra komandirləri Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və başqaları isə soyqırımı və insanlıq əleyhinə cinayətlər törətdiyinə görə mühakimə olunmaq əvəzinə, Ermənistanda siyasi hakimiyyətə yiyələndilər və o zamandan zəbt etdikləri klan hakimiyyətini bu gün də zor gücünə əllərində saxlayırlar.
Nəhayət ,qeyd edək ki, dövlətlərin ərazi bütövlüyünə, ölkələrin suverenliyinə qarşı real təhdidlər olduğu halda, gücdən istifadə etmək hüququ kimi beynəlxalq hüququn prinsipləri Azərbaycana istənilən yolla öz torpaqlarını azad etmək, öz sərhədləri daxilində suverenliyini bərpa etmək imkanları yaradır. Lakin təəssüflər olsun ki, Qarabağ münaqişəsinə münasibətdə dünya birliyində beynəlxalq hüquq normalarının hələ də gerçəkləşmədiyinin, formal təsdiqdən o yana keçmədiyinin şahidi oluruq. Bu amil, nə qədər acı olsa da, dünya siyasətində hələ də qlobal güclərin, onlara xidmət edən ayrı-ayrı dairələrin maraqlarının üstünlük təşkil etdiyini göstərir. 
Azərbaycanın qüdrətli nizami ordusu, Qarabağ probleminin həlli yolunda dövlətin və onun vətəndaşının həmrəy olması torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günün heç də uzaqda olmadığından xəbər verir. Bunu isə biz özümüz etməliyik. Azərbaycanın əsrlər boyu davam edən torpaq itkilərinə son vermək zamanı yetişmişdir. Qarabağ və onun 3 onillikdən bəri qanı axan yarası olan Xocalı soyqırımı Azərbaycanın və dünya türklüyünün taleyində tarixi dönüş nöqtəsi olmalıdır. 
Ata-baba yurdlarımıza dönüş, türk birliyinin möhtəşəm tarixinə dönüş məhz Qarabağın azadlığından keçir. Şanlı tariximizə şərəfli dönüşü həyata keçirmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək həm də gələcək nəsillər qarşısında müqəddəs borcumuzdur. 

 

Cavanşir FEYZİYEV,
fəlsəfə doktoru

25 2020 20:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə