Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı soyqırımı bəşəriyyət tarixinə qara ləkədir

Ermənilərin  bəşər tarixindəki ən qanlı faciələrdən birini törətməsindən  28 il ötür. Hər bir azərbaycanlı bu dəhşətli  qətliamın dünyada tanıdılmasında fəal  iştirak etməli, ermənilərin bu vəhşiliyi barədə  beynəlxalq  ictimaiyyətə müfəssəl məlumat verməlidir. Çalışmalıyıq ki, Xocalı soyqırımı dünya dövlətləri, beynəlxalq qurumlar tərəfindən özünün huquqi və siyasi qiymətini alsın.

Tarix boyu Azərbaycan xalqına düşmən mövqedə dayanan və zaman-zaman əlinə keçən fürsətlərdən yararlanan qüvvələr xalqımıza qarşı qətliamlar, qırğınlar törədiblər. Bu məsələdə mənfur  ermənilər daha “fəal” olublar. 28 il öncə Xocalı soyqırımının törədilməsi ilə ermənilər həm də insanlıq tarixinə qara ləkə vurublar. Düşünürəm ki, Xocalıda 1988-1992-ci illərdə baş verən hadisələr heç vaxt unudulmayacaq. Çünki bu faciə hər bir xocalılının, hər bir azərbaycanlının qanına, canına ağrı ilə hopub. Mən bir Xocalı sakini kimi 1988-ci ildən 1992-ci ilə qədər olan dövrün hər bir anını, acısını, dəhşətini yaşamışam, bunun canlı şahidi olmuşam. Hər dəfə müxtəlif istiqamətlərdə cəbhə bölgəsinə yaxınlaşanda Xocalıdan çıxarkən gəldiyimiz dağlara baxıram və həmin vaxt baş verən müdhiş anları yenidən xatırlayıram. Bu, elə bir dəhşətli zərbədir ki, gündən-günə insana daha ağır təsir edir. 
XX əsrdə Xocalı üç dəfə– 1905-1906, 1918-1920-ci illərdə və 1992-ci ilin fevralında ermənilər tərəfindən yandırılıb. Xocalı bu hadisələr başlayana qədər, yəni 1988-ci ildə kənd statusunda idi və bu kənddə həmin vaxt təqribən üç minə qədər insan yaşayırdı. Ermənilər tərəfindən Xocalının işğalı cəhdinin çox ciddi səbəbləri var idi. Əvvəla, Xocalının yerləşdiyi coğrafi mövqe ermənilərin strateji maraqlarının həyata keçirilməsində onlara çox gərəkli idi. Bakıdan qərb istiqamətində gedəndə Xocalıya qədər Ağdamdır. Ağdamdan şose yolu ilə Xocalıya 16 kilometrlik məsafədir. Ancaq bu 16 kilometr arasında 11 kilometr qərb tərəfdən Əsgəran ərazisidir. Əsgəran zolağı boyunca erməni kəndləri yerləşir ki, məkrli düşmənlərimiz burada azərbaycanlılar qarşısında cəbhə xətti yaratmışdılar. Xocalıdan 10 kilometr qərbdə isə Xankəndi şəhəridir və Xocalının ətrafı yenə də erməni kəndləridir. Həmin ərazidə elə bir azərbaycanlı yaşayış məskəni yox idi ki, erməni kəndlərini keçməmiş ora gedə biləsən. Xocalı tamamilə erməni yaşayış məntəqələrinin əhatəsində idi. Bizə ən yaxın olanı isə Şuşanun Malıbəyli və Quşçular kəndləri idi. Xocalı ilə bu kəndlər arasında olan yaşayış məntəqələrində ermənilər  məskunlaşmışdılar.
Digər yaxın kənd isə Cəmilli idi və ora getmək üçün yenə də ən azı iki erməni kəndindən keçməli olurdun. Xocalı düşmən kəndləri arxasında yerləşirdi. Düşmən Ağdama hücum etmək istəyərkən, arxada olan Xocalı özünümüdafiə dəstələrindən qorxurdu. Xocalı Bakı –Ağdam – Laçın -- Şuşa magistral yolunun üstündə idi. Dağlıq Qarabağda yeganə hava limanı da məhz Xocalıda yerləşirdi. Üstəlik, Bakıdan Xankəndiyə gedən dəmir yolu da Xocalıdan keçirdi. Biz Xocalıda elə bir müdafiə sistemi yaratmışdıq ki, istədiyimiz vaxt bu yolları bağlayırdıq. Həmin yollar bağlananda Xankəndidən Əsgərana avtomobillə 40 kilometrdən çox məsafə qət etmək tələb olunurdu. Xocalı bu strateji mövqeyinə görə düşmənin əsas hədəflərindən birinə çevrilmişdi. Ona görə də, bu şəhəri işğal etmək ermənilərin başlıca məqsədlərindən biri idi.
Ermənilərin hədsiz dərəcədə silah-sursatla təmin olunmasına baxmayaraq,  Xocalı düşmənə lazımi müqavimət göstərə bilirdi. Amma vəziyyət getdikcə  ağırlaşırdı, Ermənilər hücumlarını artırırdılar. Bunun müqabilində isə o zamankı hakimiyyət bizə kömək  etmirdi. Vəziyyətin nə qədər gərgin olması haqda rəhbərliyə dəfələrlə məlumat verməyimizə baxmayaraq,  əvəzində yalan vədlər eşidirdik, real kömək isə yox idi.  Müxalifətlə iqtidarın  hakimiyyət uğrundakı mübarizəsi Qarabağı yaddan çıxarmışdı. Ermənilər də məhz belə bir fürsətdən yararlandılar və  Xocalı faciəsini törətdilər. 
Ermənilərin hücumundan əvvəl -- fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri SSRİ dövründə Xankəndi  şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonuna çatmaq ümidi ilə Xocalını tərk etməyə məcbur oldu. Şəhəri yerlə-yeksan edən erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə  misli görünməmiş divan tutdular. 
Həmin vaxt Xocalı şəhərinin 613 sakini qətlə yetirildi. Onlardan 106 nəfəri qadın, 83 nəfəri isə azyaşlı uşaq idi.  56 nəfər xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirildi. Qanlı faciə zamanı 1000 nəfərdən çox şəhər sakini yaralandı, şikəst edildi, 1275 nəfər isə girov götürüldü.  Xocalıda dinc əhaliyə qarşı həyata keçirilən vandalizm və qətllər erməni aqressivliyinin və millətçiliyinin əsl mahiyyətini, iç üzünü bir daha bütün dünyaya nümayiş etdirdi. Bu faciə insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlər sırasındadır.
Təbii ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Xocalı qətliamında Ermənistanın sabiq  prezidenti Serj Sarkisyan birbaşa iştirak edib. Bunu özü də etiraf edib. Ermənistanın baş naziri Nikol Paşinyan isə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində utanmaz-utanmaz deyir ki, Xocalı faciəsini ermənilər törətməyib. Dövlət başçısı da  bu qədər riyakar, yalançı və böhtançı olarmı?
Qeyd etdiyimiz kimi, Xocalı soyqırımında birbaşa iştirakını Sarkisyanın özü  açıq şəkildə etiraf edib. Qarabağda günahsız tökülən qanlarda Ermənistanın sabiq  prezidentinin birbaşa əli var. Bu baxımdan, Serj Sarkisyanın dünyada hərbi cinayətkar kimi tanınması üçün petisiyaya 100 min imzanın verilməsi çox əhəmiyyətlidir. Hətta imza verənlər arazında əcnəbilər, ermənilər də var.   
Dünyada ikili standartların mövcudluğu bir sıra məsələlərdə, xüsusilə,  Ermənistana qarşı münasibətdə özünü açıq şəkildə büruzə verir. Bəzi beynəlxalq dairələr işğalçı Ermənistanı himayə edir. Hətta petisiya üçün 100 min imzanın toplanmasına baxmayaraq, Sarkisyan beynəlxalq müstəvidə  hələ də hərbi cinayətkar  kimi tanınmayıb. Ona görə də Ermənistanın baş naziri bu qətliamın törədilməsində erməniləri təmizə çıxarmaq istəyir.  Amma bütün hallarda tarixi faktlar da Ermənistanın terrorçu ölkə olduğunu təsdiqləyir. Bu barədə saysız-hesabsız faktlar var.  Təkcə Xocalıda yox, digər ərazilərimizdə də çoxlu sayda  günahsız insanların qanına əli batmış Sarkisyan kimilər gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcəklər.  
Bu gün Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması üçün sistemli tədbirlər həyata keçirir. Bunun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyuldu.  Ümummilli liderin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etdi. Həmin sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanıb. Azərbaycan dövləti Xocalı faciəsini soyqırımı kimi dəyərləndirərkən 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən "Soyqırımının qarşısının alınması və ona görə cəza" haqqında Konvensiyanı, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, Beynəlxalq Cinayət Məhkəməsinin statusunu, həmçinin "Xocalı soyqırımı günü haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il fərmanını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ­103-cü maddəsini əldə əsas ­tutur.  Ümummilli liderimizin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Eləcə də, Xocalı faciəsi ilə bağlı Milli Məclis dünya ölkələrinə, beynəlxalq təşkilatlara xeyli sayda müraciət edib, həm də bəyanatlar və qərarlar qəbul olunub.  
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə Prezident İlham Əliyev, Birinci Vitse-prezident, Heydər Əliyev Fondu və  fondun vitse- presidenti Leyla xanım Əliyeva  tərəfindən də davam etdirilir. Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edir. Elə bir beynəlxalq tədbir yoxdur ki, orada Xocalı faciəsi barədə danışılmasın.  Elə dövlət başçımızın  bu günlərdə Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş nazirinə tutarlı cavabları da bunu təsdiqləyir. 
Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün bir sıra Avropa ölkələri Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı soyqırımı müxtəlif təşkilatlarda gündəmə gətirilib. Dövlət başçısı, həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib vəzifə kimi müəyyənləşdirib. Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən  diaspor təşkilatlarımızın hər biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəsini verir.
Bu işdə Heydər Əliyev Fondunun və fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlərin nəticəsi göz qabağındadır. Onun təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası xüsusilə qeyd edilməlidir. Bu gün dünyanın bir çox ölkəsi və ABŞ-ın bir sıra  ştatları Xocalı soyqırımını rəsmən tanıyır. Gün gələcək, dünya bu soyqırımnı tanıyacaq və Azərbaycanın haqq səsi bütün cahana yayılacaq.  Bundan ötrü  biz avropalı, amerikalı ilə onların öz dilində, qəbul etdikləri formada danışaraq bu faciəni, soyqırımını tanıtmalıyıq. Bu, hər bir soydaşımızın ən ümdə borcudur. 

 

Elman MƏMMƏDOV, 
V çağırış Milli Məclisin deputatı

25 2020 20:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə