Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu faciə unudulan deyil...

Milli Kitabxanada Mədəniyyət Nazirliyi Milli Kitabxana ilə birgə “Xocalı – XX əsrin soyqırımı” mövzusunda kitab sərgisinin açılışı, Səriyyə Müslümqızının “Onlar heç vaxt böyüməyəcəklər” və Meyxoş Abdullahın “Пленница…” (“Əsir qadın”) kitablarının, ”Xocalı soyqırımı” adlı elektron məlumat bazasının və Xocalı ilə bağlı hazırlanan sənədli filmin təqdimatı keçirilib.
Tədbir Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Mərasimi Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq, bildirib ki, Xocalı faciəsi tarixdə ən dəhşətli qətliamdır. Soyqırım qurbanları ölkəmizdə və Azərbaycanın hüdudlarından kənarda hər bir azərbaycanlı tərəfindən dərin hüznlə yad edilir. Azərbaycan tarixinin ən qanlı səhifəsi olan bu faciədən 28 il ötməsinə baxmayaraq, hər birimiz bu dəhşətin ağrısını yaşayırıq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı qanlı qətliam törədib, 613 nəfər dinc sakin qətlə yetirilib, 150-ə yaxın insan itkin düşüb, 1500-dən artıq insan isə girov götürülüb. 
Direktor vurğulayıb ki, hələ Xocalı haqqında çox kitablar yazılmalı, xalqımızın başına gətirilən bu müsibət ədəbiyyatımızda yüksək səviyyədə təbliğ olunmalı, gənc nəsil Xocalı faciəsinin ağrı-acılarını tarixi faktlarla yanaşı, belə əsərlərdən də oxuyub öyrənməlidir. Bu kitabların xarici dillərə tərcümə olunub təbliğ edilməsi də diqqət mərkəzində saxlanılmalıdır. 
Meyxoş Abdullah çıxış edərək, əvvəlcə tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. Qeyd edib ki, kitabda Səidənin faciəsi bir qəhrəmanlıq simvoludur. Yazıçı üçün torpağın işğalı ən böyük faciələrdən biridir. 
Kitabın redaktoru Leyla Qədirzadə çıxış edərək bildirib ki, belə kitabların, qəhrəmanlıq motivli filmlərin çəkilməsi təqdirəlayiq addımdır. Bu roman Qarabağ mövzusunda yazılan ən dəyərli əsərlərdən biridir. 
L. Qədirzadə “Əsir qadın” romanının “Yaddaş” mükafatına layiq görüldüyünü, kitabın ekranlaşdırılmasının vacib məsələ olduğunu da diqqətə çatdırıb. 
Mərasimdə gənc şair Sevindik Nəsiboğlu Xocalı faciəsinə həsr olunmuş şeirini ifa edib.
Yazıçı-publisist Əlibəy Azəri çıxışında romanın Xocalı faciəsini real hadisələrlə əks etdirdiyinə görə, müəllifə, kitabın yaradıcı heyətinə öz təşəkkürünü bildirib.
Tədbirdə, həmçinin “Xocalı soyqırımı” adlı elektron məlumat bazasının və Xocalı ilə bağlı hazırlanan sənədli filmin təqdimatı keçirilib.
Sonda tədbir iştirakçıları və qonaqlar “Xocalı – XX əsrin soyqırımı” adlı sərgi ilə tanış olublar. 
Qeyd edək ki, Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada 8 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdlərinin iştirakı ilə Xocalı soyqırımı ilə bağlı tədbir də keçirilib. 

 

M. MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 

25 2020 20:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə