Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı soyqırımı etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi

Xocalı soyqırımı XX əsrin insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Bu soyqırımın baş vermə səbəbləri,ona aparan yoldan bəhs etmədən öncə keçmişə nəzər salmalı, təkcə XX əsrin əvvəllərindən bu günə kimi yaşanmış tarixi hadisələri təhlil etmək daha düzgün olardı. Belə ki, XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilmiş soyqırım və etnik təmizləmə siyasətinə məruz qalmışlar. Yarandığı gündən Daşnaksütun Partiyasının qarşıya qoyduğu əsas vəzifə “Böyük Ermənistan” yaratmaq ideyasından ibarət idi. Bu planın əsas tərkib hissəsi isə  Azərbaycan torpaqları hesabına  öz çirkin niyyətlərinə çatmaq idi. Bu səbəbdən terror və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini seçən erməni şovinistləri XX əsrin müxtəlif illərində müxtəlif bölgələrimizdə qırğınlar törətmiş, kənd və şəhərləri xarabalığa çevirmişlər.

1905-1907-ci illərdə ermənilər tərəfindən Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa bölgələrdə şəhər və kəndlər dağıdılaraq, günahsız əhaliyə divan tutulurdu. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan yaşayış məntəqələrini viran qoyaraq, on minlərlə soydaşımızı öz doğma yurdlarından didərgin salmışdılar. 1918-ci il soyqırımları nəticəsində isə 50 mindən çox günahsız insan amansızcasına qətlə yetirilmiş yüzlərlə tarixi abidələr məhv edilmişdir. Ermənilər hər zaman törətdikləri insanlıqdan uzaq cinayətlərini gizlətməyə çalışsalar da, iyrənc siyasətləri gec də olsa üzə çıxmışdır. Məhz 2007-ci ildə Qubada aşkarlanmış kütləvi məzarlıq bunun əyani sübutu olmuşdur. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun məzarlıqda apardıqları tədqiqatlar nəticəsində insan sümüklərinin 1918-ci ildə erməni quldur dəstələri tərəfindən qətlə yetirilmiş  dinc əhaliya aid olduğu sübuta yetirilmişdir. Tədqiqatlar nəticəsində o da məlum olmuşdur ki, qətlə yetirilmiş  insanların çoxu azərbaycanlılar olmaqla yanaşı, burada yaşayan etnik qruplar (tat, cek, ləzgi, qrız, buduq və s.) həmçinin yəhudilər də soyqırıma məruz qalmışlar. 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak etmişlər. Kompleks yarandığı gündən etibarən bura gələn yerli və xarici ziyarətçilərə erməni vəhşilikləri haqqında ətraflı məlumat verilir. Kompleksin mütəxəssisləri tərəfindən 4 dildə (azərbaycan, ingilis, rus, ərəb) məlumatlandırılan xarici ziyarətçilər erməni vəhşilikərindən heyrətə gəldiklərini bildirərək təəssüratlarını xatirə kitabına qeyd edirlər. Təkcə 2019-cu il ərzində Quba Soyqırımı Memorial Kompleksinə gələn ziyarətçilərin sayı 84 mindən artıq olmuşdur. Bu isə yerli və xarici ziyarətçilərin qanlı tariximizlə yaxından tanış olub təbliğat aparmaları üçün böyük nəticədir.

Bugün gənclər informasiya müharibəsində fəallıq göstərir, Azərbaycan həqiqətlərinin, xüsusilə də Xocalı soyqırımının dünyaya çatdırılmasında sosial şəbəkələrdə, eləcə də beynəlxalq platformalarda çıxış edir, müntəzəm olaraq, iş aparırlar.

Quba Soyqırımı Memorial Kompleksi ilboyu tədbirlər keçirir, muzeyə gələn yerli və xarici ziyarətçiləri məlumatlandırırlar.

Abutalıb Turabov,
“Soyqırımı Memorial Kompleksi”nin əməkdaşı

25 2020 12:23 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə