Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi (MOM) tərəfindən təşkil olunmuş Xəstəxanadaxili İnfeksiyalar üzrə Azərbaycan-Türkiyə Konfransı keçirilib. Konfransda Azərbaycan və Türkiyənin aparıcı mütəxəssislərinin xəstəxanadaxili infeksiyalar və antibakterial terapiya mövzusunda təqdimatları dinlənilib, müzakirələr aparılıb.

Tədbirdə 250-ə yaxın onkoloq, bioloq, anestezioloq-reanimatoloq, infeksion xəstəliklər mütəxəssisi, klinik farmakoloq, əczaçı, akuşer-ginekoloq, kardioloq, neonatoloqlar, otorinolarinqoloq, molekulyar genetika sahəsinin mütəxəssisi, klinik və fundamental onkologiya sahəsində tədqiqatçı və digər tibbi ixtisas mənsubu iştirak edib.

Konfransı giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyev tədbir iştirakçılarını MOM-un baş direktoru, akademik Cəmil Əliyevin adından salamlayıb və mərkəzin fəaliyyəti ilə bağlı məlumat verib. Seminarın əhəmiyyətli mövzuya həsr olunduğunu vurğulayan professor Ə.Əliyev bildirib ki, xəstəxanadaxili infeksiyalarla mübarizə istiqamətində əldə edilmiş mühüm nailiyyətlərə baxmayaraq, bu infeksiyalar hələ də əksər dünya ölkələrində, o cümlədən respublikamızda səhiyyənin aktual problemlərindən biri olaraq qalmaqda davam edir.

Tədbirdə Dünya Səhiyyə Təşkilatı (DST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancının “Xəstəxanadaxili infeksiyaların qarşısının alınması ilə bağlı DST-nin təlimatları və onların tətbiq üsulları”, Səhiyyə Elmləri Universitetinin Beynəlxalq Tibb Fakültəsi ümumi cərrahiyyə şöbəsinin müdiri professor Mustafa Turanın (Türkiyə) “Yanıq xəstələri və cərrahi xəstələrdə infeksiyaya nəzarət tədbirləri. “İkincili infeksiyalı xəstələrin müalicəsində müasir yanaşma”, Milli Onkologiya Mərkəzinin reanimasiya şöbəsinin rəhbəri Zəhra Vəzirovanın “Süni ventilyasiya ilə əlaqəli pnevmoniyaların müasir müalicə aspektləri” və digər mövzularda məruzələr dinlənilib və elmi fikir mübadiləsi aparılıb.

Konfransın sonunda iştirakçı mütəxəssislərə sertifikatlar təqdim edilib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti” 

25 2020 11:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə