Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Üzü Novruza doğru – bu gün Su çərşənbəsidir

Bu günlər dünyanın bir çox ölkələrində Xocalı soyqırımı anılır. Eyni zamanda, xalqımızın qədim ənənələrindən olan Novruzun gəlişinə hazırlıq işləri aparılır. Bineyi qədimdən belədir: bir tərəfdə yas olanda, bir tərəfdə toy olub.     

Şərqdə, o cümlədən Azərbaycanda yazın gəlişi--Novruzun bayram edilməsinin dərin kökləri vardır və 3500 ildən çoxdur ki, bu milli bayram bütün atributları ilə və elliklə qeyd edilir. Təbiətin və könüllərin bayramı olan Novruza qədər təşkil edilən rituallar xalqımızın milli mənəvi dəyərlər sistemində önəmli yer tutmaqla dünyanın yaranışında iştirak edən dörd ünsürlə--Su, Od, Hava və Torpaq ilə əlaqələndirilir.

Xalqımızın milli adət-ənənlərini özündə birləşdirən Novruza qədər əsas iştirakçıları cavanlar olan bir çox tamaşa və oyunlar keçirilir. Yaxın keçmişə qədər bölgələrdə keçirilən cıdır, qılıncoynatma, masqara və digər oyunlarda diqqətçəkən məqam kütləvilikdi. Novruz ellərin, könüllərin bayramıdır. Novruz bayramının, həmçinin, çərşənbələrin tarixi təbii ki, İslam dininin Azərbaycanda yayılmasından da əvvələ aiddir. Böyük çillə çıxdı, yerini kiçik çilləyə verdi, o da öz növbəsində boz aya.

Bu gün boz ayın ilk çərşənbəsi - Su çərşənbəsidir. Su çərşənbəsinə xalq arsında əzəl çərşənbə də deyirlər. Heç də təsadüfi deyil ki, müqəddəs sayılan bayrama qədər keçirilən çərşənbələrin birincisi su ilə bağlıdır. Çünki su həyatın başlanğıcı, canlılığın, yaşamağın əsas mənbəyidir. Su mifik təfəkkürlərdə olduğu kimi, gerçəklikdə də təbiətin oyanmasına təkan verən başlıca qüvvədir. Su hər şeyin başlanğıc nöqtəsidir.

Su çərşənbəsinin özünəməxsus özəllikləri var. Bu çərşənbəyə qədər evdə olan əşyalar su ilə paklanıb təmizə çıxarılır. Bu çərşənbədə ocaq çatılmaz, şam yandırılmaz. gün dönəndən sonra qohum-qonşuya evdən nə isə verilməz.

Çərşənbəyəcən evdəki avadanlıq, yorğan-döşək havaya verilər, təmizlənər.(Amma buna imkan, şərait də olmalıdır, Kənd yerlərində bu adət hələ qalıb). Evdəki cu qabları mütləq təzə su ilə doldurulmalı, stolun üstünə qrafində su qoyulmalıdır. Su çərşənbəsi mərasimində əvvələr dan yeri söküləndə camaat axar suyun üstə gedir, əl-üzlərini soyuq su ilə yuyardılar. İnsanlar su üstündən atlanar, bir-birilərinin üstlərinə su atardılar. Əski adətlərə görə günəşin şəfəqdə göründüyü vaxtda onun şüalarının sığal çəkdiyi su daha təmiz, daha müqəddəs sayılardı. Bu suda yuyunan adam mütləq diləyinə çatardı. Belə hesab edirlər ki, Xızır peyğəmbərin dirilik çeşməsindən su içdiyi və Koroğlunun Qoşabulaqdan köpüklü su götürdüyü gün məhz ƏZƏL--SU ÇƏRŞƏNBƏSİ günü olmuşdur.

Xalqımız bayramaqədərki çərşənbələri adəti üzrə bütün ailə üzvləri ilə birlikdə qeyd edir. Həmin gün hamı bir-birilə--qohum,qonşu, dost, tanış--çərşənbələşirlər(çərşənbələrini təbrik edirlər). Onlar arzularını bildirir, alqış edir, xoş sözlər deyirlər: su qədər ömrün olsun, aydınlığa çıxasan, həyatın su kimi təmiz olsun, su qədər pak olasan və.s. Su təmizlikdir, paklıqdır, aydınlıqdır, saflıqdır.  Alqış edəndə “su qədər ömrün olsun”-- deyib ulular. Bir şeyin təmizliyini “suya çəkməklə” qəbul ediblər. Qızları suya bənzədib, “su kimi pakdır”-- deyiblər. Ulularımız su çərşənbəsində pak suyun olduğu yerlərə--çay, bulaq başına gediblər. Cavanlar sulaşıblar... Uşaqlar isə günboyu sevinib, döyüşdürdükləri yumurtaların hesabını aparıb, bir-birilərinə tapmacalar deyiblər.

Xalqımızın baharla əlaqədar gözəl adət-ənənələri çoxdur. Biz bunları yaşatmalı, gələcək nəsillərə ötürməliyik. Onsuz şəhər mühitində, bina evlərində bunların çoxusunu həyata keçirmək mümkün olmur. Barı təfəkkürdə, yaddaşlarda yaşadaq. Nəinki, ötən illərdə müsahibələrinin birində və sosial şəbəkədə  Güllü Yoloğlunun dediyi "çərşənbələrin türk mədəniyyətinə dəxli yoxdur" kimi, əsassız fikirlərlə bunların üstündən xətt çəkək. 

Su çərşənbəniz mübarək olsun!

Qeyd edim ki, bizim tərəflərdə (qərb bölgəsində) bu dörd vacib çərşənbədən əvvəl daha iki çərşənbə qeyd edilirdi... Xəbərçi və yalançı çərşənbələr. Uşaqlara bayram etməyə gün olsun. Fallıqdan oğurluq-doğurluq yumurtaları aparar, doyüşdürər, ya əli boş ya da qab dolu sınmış yumurta ilə qayıdardılar. Çıl-çırpı yığar, ikinci--Od çərşənbəsinə hazırlıq görərdilər. Səs küy küçələri başına götürərdi, o biri çərşənbələrdə yandırmaq üçün lopa hazırlayar, ehtiyat görərdilər...

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

25 2020 10:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə