Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rübabə Muradovanın xatirəsi anıldı

Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsində  Xalq artisti, unudulmaz xanəndə Rübabə Muradovanın xatirəsi yad olundu. Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, görkəmli xanəndənin sənət dostları və yaxınları iştirak ediblər. Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə keçən tədbirdə unudulmaz xanəndənin həyat və yaradıcılığından söz açıldı, onun mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs olundu. Rübabə Muradovanın yaradıcılıq bioqrafiyasında Opera və Balet Teatrının xüsusi yer tutduğunu qeyd edən çıxışçılar müğənni ilə bağlı xatirələrini bölüşüblər.

Vurğulanıb ki, Rübabə Muradova Azərbaycan muğam operalarında Leyli (“Leyli və Məcnun”), Əsli (“Əsli və Kərəm”), Ərəbzəngi (“Şah İsmayıl”), Sənəm (“Gəlin qayası”) kimi parlaq, yaddaqalan obrazlar yaradıb. Qeyd olunub ki, teatrda işləməklə yanaşı, o, geniş konsert fəaliyyəti ilə də məşğul olub, Azərbaycan muğamlarını, xalq mahnılarını, bəstəkarların əsərlərini istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda uğurla təbliğ edib.

Xanəndənin bacısı Tahirə Muradova çıxış edərək bildirib ki, ölümündən bir müddət əvvəl dövlət televiziyasına  dəvət edildi, konserti lentə alındı.  Bu, onun həyatındakı ilk tam olaraq lentə alınan konsert idi. Rübaba xanımın qeyri-adi gözəl, məxmər səsi vardı, o, Azərbaycan ifaçılıq sənətinin korifeyi kimi tanınırdı, bəzən mahnı oxuyanda gözlərindən yaş axırdı. Təəccüblü deyil ki, onun "Heydırbabaya salam" kompozisiyası bu günə kimi heç kəsi laqeyd qoymur. Bir çox xanəndələr  Rübabə Muradovanın repertuarına müraciət edir, arzu edərdim ki, bu mahnılar aranjıman edilmədən ilkin variantında olduğu kimi qalsın. Çünki. orijinallığı və gözəlliyi itirilir .

Tahirə Muradova tədbirin iştirakçılarına və təşkilatçılara təşəkkürünü bildirib. Tədbir konsert proqramı ilə davam edib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

25 2020 10:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə