Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistanda mətnşünaslıq üzrə konfrans keçirilib

Daşkənddəki Nəvai adına Ədəbiyyat Muzeyində “Suyima Qəniyevanın elmi irsi və mətnşünaslıq məsələləri” mövzusunda elmi-ədəbi konfrans keçirilib.

Konfransı açan filologiya elmləri namizədi Şuxrat Rizayev Suyima Qəniyevanın həyatı və yaradıcılığı haqqında danışıb. Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti Baxrom Abduxalimov S.Qəniyevanı keçmiş SSRİ məkanında tanınmış nəvaişünas və mətnşünas alim kimi xarakterizə edib. Diqqətə çatdırıb ki, alimin məqalələri Azərbaycan, Türkiyə, Rusiya, İran, Tacikistan və digər ölkələrdə çap olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ədəbi əlaqələrimizin inkişafından danışıb. Bildirib ki, Suyima Qəniyeva nəvaişünas və mətnşünas alim kimi tanınsa da, Şərqin, o cümlədən Azərbaycanın bir çox şair və mütəfəkkirlərini tədqiq edib. O, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani və digər klassik şairlərimiz haqqında məqalələr yazıb.

Sonra S.Abbasov Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin Daşkənddə özbək dilində çap olunan “Xəmsə”sini muzeyə hədiyyə edib.

Akademiklər Naim Kərimov, Tura Mirzəyev, professor İbrahim Xakqul, filologiya elmləri namizədi, dosent Kəramət Mullaxujayeva və başqaları Suyima Qəniyevanın elmi irsi, ayrı-ayrı əsərləri haqqında danışıblar.  

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti” 

25 2020 10:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə