Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cocuq Mərcanlıda Xocalı soyqırımına həsr olunmuş tədbir

Milli İncəsənət Muzeyinin kollektivi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində  Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib.

Muzeydən bildiriblər ki, tədbirdə Xocalı faciəsi haqqında əsərlər yaratmış rəssamların yaradıcılığı Cocuq Mərcanlı kəndinin orta məktəbinin pedaqoji kollektivi və şagirdlərinə təqdim edilib.

Muzeyin  elmi işlər üzrə direktor müavini Xədicə Əsədova slaydlar və video çarxlar vasitəsilə muzeyin fəaliyyəti barədə geniş məlumat verib, sərgi şöbəsinin müdiri Araz Osmanov isə qədim Xocalı-Gədəbəy mədəniyyəti haqqında danışıb.

Muzeyin zəngin kolleksiyasında bu mövzuda qorunub saxlanılan əsərlərdən ibarət səyyar sərgi məktəblilərə təqdim olunub. Sonra elmi-kütləvi şöbənin əməkdaşı Vüsalə Hümbətli "Xocalı harayı" adlı məruzə ilə çıxış edib. Muzeydə qorunan əsərlərin təbliğindən danışan innovasiya şöbəsinin müdiri Səbinə Ağamirova çıxışında muzeyin yeni layihələrindən  söz açıb.

Görüş zamanı Prezident İlham Əliyevin tapşırığına əsasən, Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri kimi inşa olunan məscid, eləcə də muzey binası, məktəb kitabxanası  və sair məkanlar ziyarət olunub.

Tədbirin sonunda məktəblilər muzeyə dəvət olunmuş, bu xüsusi günü əbədiləşdirmək və muzey ilə cəbhəyanı kənd arasındakı məsafəni azıcıq da olsa qısaltmaq məqsədilə Aəzrbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından bir rəsm əsəri N.Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbinə hədiyyə kimi təqdim edilib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

25 2020 10:51 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə