Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AHİK-də Xocalı soyqırımının 28-ci ildönümü hüznlə anılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Xocalı soyqırımını ötən əsrin ən dəhşətli faciəsi adlandıran AHİK-in sədri Səttar Möhbalıyev bu hadisənin Azərbaycan xalqının qan yaddaşına yazıldığını diqqətə çatdırıb.
O bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə qədim Xocalı şəhərini yerlə yeksan ediblər. Xocalı soyqırımında dinc sakinlər qəddarcasına qətlə yetirilib, qocalar, qadınlar, uşaqlar süngüdən keçirilib, insanlar öldürülüb, girov və əsir götürülüb, dözülməz işgəncələrə məruz qalıblar.
AHİK-in sədri daha sonra qeyd edib ki, ermənilər Xocalı soyqırımını törətməklə, Azərbaycan xalqının gözünü qorxutmaq, Qarabağın taleyini öz xeyirlərinə həll etməyi düşünürdülər. Çünki o dövrdə Azərbaycan hakimiyyətinə səriştəsiz, siyasətdən başı çıxmayan insanlar rəhbərlik edirdi. Onların fərasətsizliyi erməni separatçılarının və havadarlarının torpaq iştahasını daha da artırdı. Xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider, dahi siyasətçi Heydər Əliyev müharibəyə, vətəndaş qarşıdurmasına son qoydu, ordu yenidən quruldu. Xocalı soyqırımına hüquqi siyasi qiymətin verilməsi də məhz ulu öndərin uzaqgörən siyasətinin nəticəsidir. 1994-cü ildə Prezident Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 26 fevral gününü Xocalı soyqırımı kimi elan etdi.
Səttar Möhbalıyev vurğulayıb ki, Prezident İlham Əliyev Xocalı faciəsinin təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasətinin qanlı səhifəsi adlandırıb. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xidmətlərini qeyd edən AHİK-in sədri bildirib ki, artıq bir sıra dünya ölkələri Xocalı soyqırımını tanıyıblar.
Qeyd edib ki, Azərbaycan Prezidentinin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində haqq-ədalət öz yerini tapacaq və 1 milyondan artıq azərbaycanlı məcburi köçkün öz yurd-yuvasına qayıdacaq.
Digər çıxış edənlər Xocalı soyqırımı günahkarlarının tezliklə cəzalancaqlarına inamlarını ifadə edərək, torpaqlarımızın yaxın zamanda işğaldan azad ediləcəyindən əmin olduqlarını bildiriblər.

 

R.Tahir, 
“Xalq qəzeti”

 

24 2020 23:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə