Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu səfər Azərbaycan – İtaliya əlaqələrini daha da genişləndirəcək

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın İtaliyaya səfəri çərçivəsində Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin 2016-cı ildə Azərbaycana səfərini xatırladaraq bu səfərdən məmnun qaldığını bildirməsi ölkəmizə olan yüksək münasibətin göstəricisi idi. 

Papa Fransisk Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, xalqımızın rifahının yüksək olduğunu qeyd edərək, ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətlərdən danışdı. Vatikan rəhbəri hazırda dünyanın bir çox ölkələrində gərginlik və milli münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycanın əsl tolerantlıq nümunəsi göstərən region olduğunu vurğuladı. Onun bu fikri ölkəmizdə yaşayan  azsaylı millətlərin, həqiqətən, də azərbaycanlılarla sıx münasibətdə olmalarına, birgəyaşayış qaydalarına layiqincə əməl etmələrinə, hər xalqın özünəməxsus milli bayramlarında birgə iştiraka inamından doğan bir mesaj idi.  
Roma Papası Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir-bərpa işlərini qeyd etməklə yanaşı,  Azərbaycan hökumətinə, xüsusilə də fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını da bildirdi. O vurğuladı ki, Vatikan Heydər Əliyev Fondu tərəfindən burada aparılan bərpa işlərini heç vaxt yaddan çıxarmayacaq. Çünki məhz Heydər Əliyev Fondunun layihələri sayəsində Vatikanda bir çox tarixi abidələrin, o cümlədən katakombaların bərpasına nail olunub.   
Qeyd edək ki, ­Vatikandakı Müqəddəs Pyotr Kilsəsi italyan intibah memarlığının ən məşhur nümunələrindən və dünyanın ən böyük kilsələrindən biridir. Kilsədə ilk Roma Papası hesab edilən Müqəddəs Pyotr dəfn edilib. Bura həm də məşhur ziyarətgah və dini mərasimlər yeridir və əksər Roma papaları burada dəfn olunub. Roma Papası il ərzində bazilika və ya onun qarşısındakı Müqəddəs Pyotr meydanında bir neçə dini mərasim keçirir.
Məhz buna görə də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr müqəddəs Taxt-Tacda çox yüksək qiymətləndirilir. Bu işlər fondun ümumbəşəri dəyərlərə verdiyi töhfələri bütün dünyaya nümayiş etdirir. Bununla yanaşı, həmin layihələr həm də ölkəmizin müxtəlif dinlərin abidələrinə və müqəddəs yerlərinə verdiyi önəmi göstərir. Bütün bunlar isə multikultural dəyərlərə sadiq və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın dünyadakı mövqeyini və yerini, həmçinin dinlərarası dialoqun qurulmasındakı rolunu möhkəmləndirir.
Prezident İlham Əliyevin görüş zamanı Papa Fransiskin Azərbaycana səfərinin dünyada sivilizasiyalar və dinlər arasında münasibətlərin daha da inkişaf etdirilməsində xüsusi rol oynayan ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulaması və Azərbaycanın bu baxımdan bir çox mühüm beynəlxalq tədbirlərə evsahibliyi etdiyini diqqətə çatdırması da önəmli məqam idi.  
Bu fikir həm də o demək idi ki, ölkəmiz bütün dünyada dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına çalışır və bu baxımdan dünyaya nümunədir. Çünki Azərbaycanın təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsi dünyada münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir. 
Dövlət başçımızın və birinci xanım Mehriban Əliyevanın istər Roma Papası ilə, istərsə də Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşlərində Azərbaycanın regiondakı rolu və qonşu ölkələrlə münasibətləri müsbət qiymətləndirildi. Kardinal Pietro Parolinin Birinci vitse-prezident Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçını təqdim etməsi  iki ölkə arasındakı əlaqələrə verilən dəyərin ifadəsidir. Birinci vitse-prezident Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb. 
Səfər çərçivəsində keçirilən görüşlərdə diqqət yetirilməli əsas məqamlardan biri də o idi ki, Prezident İlham Əliyev Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında qurulmuş münasibətlər əsasında aparılan əməkdaşlığa böyük önəm verir və bu münasibətlərin daha da genişləndiriləcəyinə əmindir.

 

Arzu BAĞIROVA, 
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri

24 2020 23:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə