Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliya – Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoydu

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri, ən yüksək səviyyədə qarşılanması, Romada biznes forumunun keçirilməsi, İtaliyada “Azərbaycan Mədəniyyəti ili”nin elan edilməsi xarici siyasətimizin böyük uğurudur.  Bu sözləri “Xalq qəzeti”nə açıqlamasında siyasi ekspert, “Trend” İnformasiya Agentliyi direktorunun müavini Arzu Nağıyev bildirib. 

Siyasi ekspert deyib ki, İtaliya və Azərbaycan arasında, ümumiyyətlə, iqtisadi, siyasi və hətta hərbi baxımdan çox müsbət münasibətlər mövcuddur: “Məlumdur ki, İtaliya ilə diplomatik əlaqələrimiz 1992-ci ildən başlayıb. Eyni zamanda, İtaliyanın Azərbaycanda, Azərbaycanın isə İtaliyada səfirliyi təsis edilib. İqtisadi baxımdan çox böyük layihə olan TAP-ın istifadəyə verilməsi ilə İtaliya Azərbaycan üçün təkcə ticarət tərəfdaşı deyil, eyni zamanda, Türkiyədən sonra təbii qazın ikinci ən böyük idxalçısına çevrilib. 
Həmçinin İtaliya şirkətlərinin Azərbaycanda mövqeləri möhkəmlənməkdədir. Bu istiqamətdə çox mühüm addımlar atılır. Eyni zamanda, 2018-ci ildə məlumdur ki, İtaliya Prezidenti Azərbaycanda olmuş və Sumqayıtda  “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışında  iştirak edib. Bundan başqa kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivi də çox inkişaf edən bir sahə kimi qeyd olunur. Romada təşkil olunan şirkətlərin biznes forumunda əsasən bu məsələlər ətrafında müzakirələr gedib”.
A. Nağıyev qeyd edib ki, İtaliya ilə bizim iqtisadi sahədə bərpaolunan enerji mənbələri, suyun və torpağın təmizlənməsi ilə əlaqədar ekoloji məsələlər üzrə ikitərəfli əlaqələrimiz mövcuddur. Bizim eyni zamanda, memarlıq və inşaat sahəsində də əməkdaşlığımız var: “Memarlıq və İnşaat Universitetində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin yaradılması da çox müsbət bir hal kimi dəyərləndirilməlidir. Məlum məsələdir ki, Ələt Limanında İtaliya şirkətlərinin infrastrukturunun yaradılması ilə bağlı da çox mühüm işlər olub. Bunlar böyük iqtisadi məsələlərdir. Digər tərəfdən, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin möhkəmlənməsində İtaliya çox mühüm rol oynayan bir dövlətdir. 
İtaliya Azərbaycanın ərazi bütövlüyünün tanınmasında, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Avropa İttifaqında bir nömrəli dəstəkçilərimizdəndir. Avropa bu gün enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycana çox güvənir. Azərbaycan bu istiqamətdə çox mühüm addımlar atır. İtaliya da bir tərəfdaş kimi, bunu dəyərləndirir. Bütün bu prosesləri nəzərə alsaq, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasındakı münasibətləri hərtərəfli genişləndirəcək”.
 
 
Hazırladı: 
Anar TURAN, “Xalq qəzeti”
24 2020 23:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə