Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda məcburi köçkün qadınların ədalət çağırışı mövzusuna həsr olunan beynəlxalq konfrans keçirilib

Fevralın 24-də Bakıda “Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” mövzusunda beynəlxalq konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, konfrans Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, (BMTM) Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.

BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev tədbirin BMT Təhlükəsizlik Şurasının 2000-ci ildə qadın, sülh və təhlükəsizlik məsələlərinə dair qəbul etdiyi 1325 saylı qətnaməsinin 20-ci ildönümünə həsr olunduğunu bildirib.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin beşdəbir hissəsi işğal edilib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və 20 mindən artıq soydaşımız hərbi əməliyyatlarda həlak olub. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində işğal pislənilir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü təsbit edilir. Bu qətnamələrdə Azərbaycanın üzləşdiyi humanitar aspektlər də əksini tapıb. Qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. 
Prezidentin köməkçisi bildirib ki, bugünkü tədbir, eyni zamanda, Azərbaycan xalqının ağrılı yarası olan Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində keçirilir. Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir. 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində qadınların fəal rolunun mühüm amil olduğunu vurğulayan Hikmət Hacıyev deyib ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının qadın üzvləri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında önəmli rol oynayırlar. “Azərbaycan qadınları hər zaman ölkəmizin tarixində mühüm rol oynayıblar. Təsadüfi deyil ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara səsvermə hüququ verilib”,- deyən Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycanda BMT-nin 1325 saylı qətnaməsi ilə bağlı 2020-2023-cü illəri əhatə edən Milli Fəaliyyət Planı hazırlanıb.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, BMT-nin məlum qətnaməsində qadınların münaqişələrin qarşısının alınmasında, sülh quruculuğunda rolu əks olunub. Qadınların bu sahədə fəaliyyəti dayanıqlı sülh üçün təminat yaradacaq. Qadınlar və kişilərin bərabər tərəfdaş kimi tanındığı halda sülh üçün zəmin yarana bilər. Bu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda da mühüm rol oynayır. Qadınların sülhün təmin edilməsi prosesindəki rolu təmin edilmədən məqsədlərə nail olunmayacaq. 
“Regionun davamlı inkişaf modelini həyata keçirmək üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq çox vacibdir”, – deyən Qulam İshaqzai Qarabağ icmaları arasında dialoq yolu ilə sabitliyin və sülhün möhkəmləndirilməsinin də önəmini vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1325 saylı qətnamə ilə bağlı Azərbaycanın Milli Fəaliyyət Planının hazırlanaraq müvafiq dövlət qurumlarına göndərildiyini diqqətə çatdırıb. O deyib: “Hansı ölkə deyə bilər ki, BMT Təhlükəsizlik Şurasının 2000-ci ildə qəbul etdiyi 1325 saylı Qadınlar, Sülh və Təhlükəsizlik qətnaməsi ilə bağlı ciddi irəliləyiş əldə olunub? İlk növbədə, işğalçı ilə işğala məruz qalana fərq qoyulmalıdır. Niyə BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycana münasibətdə icra olunmur? Ancaq başqa ölkələrə münasibətdə belə qətnamələr dərhal yerinə yetirilir. Elə dövrə gəlmişik ki, sülh dövlətlərin gücündən asılıdır. Azərbaycan artıq güclü bir ölkəyə çevrilib. Amma biz istərdik ki, bu münaqişələrin həllində qadınlarımız da sözlərini deyə bilsinlər. Qadınlarımızın da iştirakı ilə beynəlxalq təşkilatlar münaqişələrin həllinə nail olsun”, – deyə komitə sədri bildirib.
Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva vurğulayıb ki, Azərbaycanda həyata keçirilən kompleks tədbirlər qaçqın və məcburi köçkünlərin hüquqlarının effektiv təmin olunmasına xidmət edir. “Azərbaycan erməni işğalından əziyyət çəkməkdə davam edir. Biz bir milyondan çox qaçqın və məcburi köçkünün öz evlərinə qayıtmalarını tələb edirik, əsir saxlanılanlar isə sərbəst buraxılmalıdır. Ermənistan tərəfinin təcavüzü nəticəsində yaranan humanitar fəlakətdə ən çox əziyyət çəkən qadınlar olub”, – deyə S.Əliyeva bildirib. 
Onun sözlərinə görə, Azərbaycanda qadınlar cəmiyyətin qurulmasında həmişə konstruktiv rol oynayıblar. Onların statusu həmişə yüksək olub, onlar iqtisadiyyatın və ictimai həyatın müxtəlif sahələrində kişilərlə bərabər fəal çalışırlar.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bildirib ki, münaqişə tərəflərinin qadınlara qarşı zorakılığı yolverilməzdir. “Təəssüf ki, İkinci Dünya müharibəsindən sonra da münaqişələrdə qadınların hədəf seçildiyini gördük. Ona görə də 1970-ci illərdə bu məsələyə diqqət artdı. 1325 saylı qətnamənin qəbulundan sonra Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasını da qeyd etməliyik. Bu məhkəmənin də araşdırmalarında qadınların işgəncəyə məruz qalmasının şahidi olmuşuq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində azərbaycanlı qadınlar işgəncələrə məruz qalıblar. Dağlıq Qarabağdan olan azərbaycanlı qadınlarının sülh çağırışlarının şahidiyik. Bu qadınların torpaqlarında ləyaqətlə yaşamaq haqqı tanınmalıdır. İşğal başa çatdıqdan sonra yenidənqurma işlərində qadınlarımızın fəal iştirak edəcəyini gözləyirik. Bir statistikanı da qeyd etmək istəyirəm. Son 118 ildə Nobel mükafatı alan 52 qadından 17-si Sülh mükafatı alıb. Azərbaycan qadınlarının da torpaqlarımızın işğaldan azad edilməsinə öz töhfələrini verəcəyinə əminəm”,- deyə icma rəhbəri vurğulayıb.
Konfrans panel müzakirələrlə davam etdirilib.

 

24 2020 23:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə