Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidentinin İtaliyaya ilk dövlət səfəri yeni keyfiyyət müstəvisinə yol açdı

Mən xüsusilə, strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni qeyd etmək istərdim. Çünki bu bəyannamədə, əslində, bizim strateji tərəfdaşlığımızın gələcək istiqamətləri müəyyən edilir. Bu, çox dərin və müfəssəl sənəddir və həm siyasi, həm iqtisadi, mədəni, humanitar, bütün sahələri əhatə edən bir sənəddir. 
Prezident İlham Əliyevin Romada mətbuat üçün verdiyi bəyanatdan
20 fevral 2020-ci il


Ulu öndər Heydər Əliyevin “Bizim xarici siyasətimiz gənc müstəqil dövlətimizin maraqlarına və həmin dövlətçiliyin bərpasını uzun illər arzulamış xalqımızın mənafeyinə xidmət etməlidir” tezisi bu gün, sözün həqiqi mənasında. günümüzün reallığına çevrilmişdir. Prezident İlham Əliyevin “köhnə qitə”nin ən güclü dövlətlərindən olan İtaliya Respublikasına ilk dövlət səfərinin yekunları da bu arqumenti təsdiqlədi. 

Dövlət başçımızın səfər şərçivəsində keçirdiyi çoxsaylı görüşlər, aparılan müzakirələr, xüsusilə, çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə və digər istiqamətlər üzrə imzalanan ikitərəfli sənədlər ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin yeni sahələr üzrə səmərəli şəkildə inkişafını təmin edəcək. Çünki həmin sənədlərdə İtaliya ilə Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməsi haqqında da müddəalar var. Dövlət başçımızın fikrincə, birgə bəyannaməyə belə məqamların da salınması yaxın, dost ölkələr, müttəfiqlər arasında olan bir məsələdir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi --Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlətimizin başçısı İlham Əliyevin İtaliya Respublikasına dövlət səfərinin yekunları ilə bağlı mətbuata verdiyi açıqlamada qeyd edib ki, cənab Prezidentin İtaliyaya ilk dövlət səfərinin status, imzalanmış sənədlərin kəmiyyəti və keyfiyyəti, ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması və iqtisadi-ticari, hərbi-texniki, mədəni əlaqələr baxımdan müstəsna əhəmiyyəti var: “Bu, Azərbaycan dövləti başçısının İtaliyaya ilk dövlət səfəridir. Əvvəlki illərdə cənab Prezident üçü rəsmi, ikisi isə işgüzar olmaqla, beş dəfə İtaliyada səfərdə olub. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella da 2018-ci ilin iyulunda Azərbaycana ilk rəsmi səfərini edib. Dövlət səfəri status baxımından səviyyəsinə görə ən yüksək səfər hesab olunur və il ərzində bir ölkəyə məhdud sayda dövlət səfəri edilir. Dövlət səfəri zamanı müzakirə edilən məsələlərin əhatəsi daha geniş, mahiyyəti daha dərin olur. Eyni zamanda, bu səfər 2020-ci ildə İtaliyaya xarici dövlət başçıları tərəfindən edilən ilk dövlət səfəridir ki, bu da ölkəmizə və onun Prezidentinə göstərilən xüsusi hörmətdən irəli gəlir”. 

 

Ölkə mətbuatı yazır ki, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri Azərbaycan və İtaliya arasında əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını təmin edib. Bu, o deməkdir ki, hazırda Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Yüksək səviyyədə olan siyasi əlaqələrimiz vardır. Təcrübə göstərir ki, ölkələr arasında siyasi əlaqələrin mükəmməlliyi digər vacib istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, mədəniyyət və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün hərtərəfli zəmin yaradıb.
Ekspertlərin fikrincə, dünyanın 7-ci iqtisadiyyatına malik, “Böyük Yeddiliyin”, Avropa İttifaqı və NATO kimi təşkilatların üzvü, eləcə də, beynəlxalq münasibətlərdə öz çəkisi və rolu olan İtaliyanın rəhbərləri ilə görüşlərdə Azərbaycanı narahat edən və ya maraqlandıran bütün məsələlər müzakirə edilmişdir. İtaliya rəhbərliyinin Azərbaycanın çox vacib regionda yerləşməs, çox uğurlu siyasət aparması və qonşu dövlətlərlə sıx münasibətlər qurması, habelə ölkəmizin dünyəvilik ənənələrini yaşatması vacib amillər kimi qeyd olunmuşdur.
Dövlət başçımızın İtaliya səfəri barədə yazan və ya danışan ekspertlərin hərəsi bir məqamı xüsusilə qabardırlar. Məsələn bəzi həmkarlarımız qeydə alınan tədbirlər arasında İtaliya Prezidentinin Sarayında Prezident İlham Əliyevin şərəfinə verilmiş dövlət ziyafətini, dövlət başçıları və nümayəndə heyətləri üçün “2020-ci il - İtaliyada Azərbaycan mədəniyyəti ili”nin açılışı münasibətilə konsert proqramını, İtaliyanın dünya səviyyəsində məşhur olan 10-dan çox iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi naharı, Azərbaycan – İtaliya biznes forumunu, Roma şəhər Meriyasına ziyarəti xüsusilə qeyd edirlər.
Təbii ki, həmin həmkarlarımızın hamısı haqlıdır. Ancaq bizim fikrimizcə, Romada imzalanmış Birgə Bəyannamədə Azərbaycan üçün vacib məqamlar daha çoxdur. Məsələn, sənədin preambula hissəsində ikitərəfli münasibətlərin əsaslandığı prinsiplər sadalanır ki, bunlar arasında tərəflərin bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verməsi xüsusilə qeyd olunmalıdır. Eyni zamanda, tərəflər beynəlxalq münasibətlərdə təcavüz aktının qəbuledilməzliyini vurğulayırlar.
Bu isə o deməkdir ki, ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsində İtaliya Azərbaycanın mövqeyini dəstəkləyir. Mütəxəssislərin fikrincə, sənədin siyasi hissəsində münaqişənin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı, BMT və ATƏT-in müvafiq sənəd və qərarları əsasında nizamlanmasına dair olduqca əhəmiyyətli maddə yer alır.
Xüsusilə qabardılmalı məqamlardan biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fevralın 22-də Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşməsi idi. Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, xalqımızın rifah içərisində yaşadığını qeyd edən Papa Fransisk ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətlərə toxunması da yaddaqlan faktlardan idi. 
Katolik Kilsəsinin rəhbəri Azərbaycanda fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir-bərpa işlərindən danışaraq, Azərbaycan hökumətinə, xüsusilə də fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Vurğuladı ki, Vatikan Heydər Əliyev Fondu tərəfindən burada aparılan bərpa işlərini heç vaxt yaddan çıxarmayacaq. Çünki məhz Heydər Əliyev Fondunun layihələri sayəsində Vatikanda bir çox tarixi abidələrin, o cümlədən katakombaların bərpasına nail olunub.
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacın dövlət katibi, kardinal Pietro Parolin ilə ­görüşü də Avropa mətbuatının diqqət mərkəzində idi. Yeri gəlmişkən, dövlət başçınız ötən il Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirildiyini bildirərək bu tədbirdə Vatikan nümayəndəsinin də iştirak etdiyini xatırlatdı və Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini bir daha diqqətə çatdırdı. 
Mətbuatın daha çox diqqət yönəltdiyi məqamlardan biri də kardinal Pietro Parolinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçını (Dama di Gran Croce dell’ordine Piano) təqdim etməsi idi. Qeyd edildi ki, Birinci vitse-prezident Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.
Sonda qeyd edək ki, Prezident İlham Əliyevin İtaliyaya ilk dövlət səfəri, səfər çərçivəsində Strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin və digər istiqamətlər üzrə ikitərəfli sənədlərin imzalanması ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin yeni sahələr üzrə səmərəli şəkildə inkişafını təmin edəcəyi mühüm proqnoz kimi dilə gətirilir.

 

Hazırladı: 
İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

 

 

24 2020 23:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə