Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir

Xocalı şəhərində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən dinc insanların vəhşicəsinə kütləvi qırğınından əvvəl respublikamızın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım, Dağlıq Qarabağın İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı, eləcə də Xocalı faciəsindən, təqribən, ay yarım sonra Kəlbəcərin Ağdaban kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisinin bir hissəsi qabaqcadan hazırlanan plan əsasında xüsusi qəddarlıqla qətlə yetirilib. Düşmənin amansızlığını göstərmək üçün qeyd edək ki, təkcə Qaradağlıda 80 nəfərdən çox, Ağdabanda isə 67 nəfər dinc azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və qocalar vəhşicəsinə öldürülüb, onlarca adam girov götürülüb, itkin düşüb, yaşayış məntəqələri yandırılaraq yer üzündən silinib. 

Bu il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə dövlətimizin başçısı diqqəti Xocalı şəhərində törədilən dəhşətli cinayət əməlinə yönəldərək deyib: “1980-ci illərin sonunda Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, 300 min azərbaycanlı Ermənistan ərazisindən deportasiya olundu. Sonra Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində 1990-cı illərin əvvəlində bizim ərazilərimizin təxminən 20 faizi işğal altına düşdü və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Xalqımız etnik təmizləməyə məruz qaldı. 1992-ci ildə Ermənistanın əvvəlki rejimi müharibə cinayəti–Xocalı soyqırımını törətdi. Nəticədə, aralarında 106 qadın, 63 uşaq olmaqla, 613 günahsız mülki şəxs vəhşicəsinə öldürüldü. Xocalı soyqırımını 10-dan artıq ölkə tanıyır”.
Hazırda bütün beynəlxalq aləmə məlumdur ki, Xocalı şəhərində törədilən cinayətlər – planlaşdırılan kütləvi və amansız qırğın aktı əvvəlcədən həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilib. Azğınlaşan cəlladlar insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, adamları diri-diri torpağa basdırıb və ya yandırıb, cəsədlərin bir qismini minalayıblar. Qaçıb xilas olmaq istəyən insanlara isə aman verilməyib, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetiriblər. Yeri gəlmişkən, xatırladım ki, məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilib. 
Xocalı soyqırımının təşkilatçıları Ermənistanın siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə işğalçı ölkənin silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir. 
Xocalı faciəsi erməni şovinistlərinin Cənubi Qafqazda azərbaycanlılara qarşı qəsbkarlıq, təcavüz, soyqırımı və etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsidir. Bu siyasət son iki yüz ilə yaxın dövrdə mərhələ-mərhələ həyata keçirilib. Belə ki, XIX əsrdə Rusiya-İran və Rusiya-Türkiyə müharibələrinin nəticələrini, o cümlədən Azərbaycanın çar Rusiyası tərəfindən ilhaqını təsbit edən müqavilələrə əsasən Cənubi Qafqaza yüz minlərcə erməni köçürülüb, həm də din birliyi əsasında onlara yerli əhali ilə müqayisədə böyük hüquq və imtiyazlar verilib, bütün bunlar azərbaycanlı əhalinin hər vasitə ilə sıxışdırılmasına gətirib çıxarıb. “Daşnak” və “Hnçak” kimi erməni millətçi partiyalarının fəaliyyətə başlamasından və fanatik erməni kütlələrini şovinist ideyalar ətrafında birləşdirməsindən sonra isə bu proses daha da sürətlənib. 
Yuxarıda xatırlatdığım Münxen Təhlükəsizlik Kon­fransı çərçivəsində keçirilən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Prezident ­İlham Əliyev bu məsələ haqqında bütün beynəlxalq aləm tərəfindən müdafiə edilən tarixi həqiqətləri diqqətə çatdıraraq deyib: “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir. Tarixi nöqteyi-nəzərdən, 1805-ci ildə Qarabağ xanı İbrahim xan Rusiya imperiyasının generalı Sisianovla saziş imzalayır. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçir. Kürəkçay adlandırılan həmin sazişdə, – sazişin mətni internetdədir, – Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış digər müqavilələr – Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın qalan hissələri Rusiya imperiyasının tərkibinə keçir. Dağıstan, Gürcüstan və Ermənistan da həmçinin. Beləliklə, bu, məsələnin tarixi tərəfidir. Daha sonra Rusiya imperiyasının süquta uğradığı, Gürcüstan və Azərbaycan Demokratik respublikaları yaradıldığı zamanlarda Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə verdiyi ilk fərmanlardan biri Yerevanın Azərbaycandan Ermənistana verilməsi və onun Ermənistanın paytaxtı elan edilməsi ilə bağlı idi. Bu da, həmçinin tarixi faktdır...”. 
Burada o da qeyd edilməlidir ki, birinci rus inqilabının başlandığı 1905-ci ildə silahlanan mütəşəkkil erməni dəstələri Cənubi Qafqazda ilk dəfə olaraq etnik zəmində soyqırımı cinayəti törədiblər. 1905-1907-ci illərdə onlar Bakı, Tiflis, İrəvan, Naxçıvan, Gəncə, Qarabağ və Zəngəzurda kütləvi şəkildə azərbaycanlılara divan tutub, şəhər və kəndləri yandırıb, uşaqları, qadınları, qocaları qəddarlıqla öldürüblər. Erməni vəhşiliyindən sağ qurtara bilən on minlərcə azərbaycanlı doğma yurd-yuvasını tərk etməyə məcbur olub. 
Ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı siyasəti çar Rusiyasında mərkəzi hakimiyyətin süqut etdiyi, keçmiş imperiyanın dərəbəylilik və anarxiya şəraitində yaşadığı 1918-ci ildə daha geniş vüsət alıb. Bu dövrdə soyqırımı mütəşəkkil şəkildə və qəddarlıqla həyata keçirilib. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər tərəfindən 50 mindən çox azərbaycanlı qətlə yetirilib, evləri talan edilib, on minlərcə soydaşımız yurd-yuvasından didərgin salınıb. 
Azərbaycan xalqına qarşı soyqırımı və etnik təmizləmə siyasəti çar Rusiyasının süqutundan sonra Azərbaycanın əzəli torpaqlarında Ermənistan Respublikasının yaradılmasına, azərbaycanlılara məxsus olan əlavə 20,2 min kvadratkilometr ərazinin də bu süni dövlət qurumuna qatılmasına, sovet dövründə Azərbaycan ərazisində ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin təşkil edilməsinə, 1948-1953-cü və 1988-1993-cü illərdə 1,5 milyon nəfər azərbaycanlının Ermənistan Respublikasından və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən deportasiya edilməsinə və qovulmasına, Azərbaycan Respublikası ərazisinin 20 faizinin, yəni Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı daha yeddi rayonun işğal olunmasına gətirib çıxarıb. 
Xocalı soyqırımına ilk dəfə hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülməsinə başlanılıb. Ulu öndərimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
Azərbaycan Prezidenti İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət edib, Xocalı faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirib. 
Heydər Əliyev Fondunun vitse-prezidenti ­Leyla Əliyevanın təşəbbüsü ilə başlanan, bütün dünya birliyi tərəfindən dəstəklənən “­Xocalıya ədalət”! kampaniyasının genişləndirilməsində də məqsəd ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə həqiqətləri beynəlxalq aləmdə yaymaqdır.

 

Firuzə NƏBİYEVA, 
Nəsimi Rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən

24 2020 22:58 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə