Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRTAC-100: Bir əsrlik yola beş fərqli zaman nöqtəsindən baxış

İlk xəbəri 1920-ci il martın 2-də işıq üzü görmüş Azərbaycan Dövlət İnformasiya Agentliyi haradan haraya gəlib

Aslan Aslanov,
AZƏRTAC-ın İdarə Heyətinin sədri, 
OANA-nın vitse-prezidenti 


Son yüz il bəşər tarixinə çox təlatümlü dövr kimi daxil olub: Rusiyada bolşevik inqilabından sonra Sovet imperiyasının yaranması və süqutu, İkinci Dünya müharibəsi, soyuq savaş illəri... Bu hadisələr dünyanın siyasi xəritəsinin bir neçə dəfə dəyişməsi, görünməmiş fəlakətlər və iztirablarla, nəhayət, 29 il əvvəl 14 respublikanın dövlət müstəqilliyini bərpa etməsi ilə nəticələndi.Yetmiş il sürən imperiya əsarətindən sonra başımız üzərində azadlıq günəşi doğdu. Çətin sınaqlardan keçən, vaxtilə Hamletsayağı “olum, ya ölüm” sualı qarşısında qalan, hələ də Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına çıxa bildi. Qalibiyyət və sarsıntıların, tənəzzül və tərəqqinin bir-birini əvəzlədiyi bir əsrlik yolun salnaməsini məhz Xalq Cümhuriyyətinin yadigarı olan AZƏRTAC yazdı. İnternetin olmadığı uzaq və yaxın keçmişdə baş verənlər barədə onun yaydığı xəbərlər saralmış qəzet səhifələrində, müasir Azərbaycanın keçdiyi inkişaf yolu və qazandığı uğurlar isə agentliyin saytında arxivləşib. Yüz il əvvəl məhdud bir çərçivədə fəaliyyətə başlayan AZƏRTAC haradan haraya gəlib. Hesab edirəm ki, zamanın beş fərqli nöqtəsindən baxış bir əsrlik inkişaf yolu barədə tam və aydın təsəvvür yarada bilər.

Yolun başlanğıcı və ilk milli xəbər agentliyinin cəmi 58 gün sürən müstəqilliyi

Müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları milli xəbər agentliyi yaradılmasının zəruriliyini yaxşı anlayırdılar. Hökumət bu məsələni 1919-cu il martın 3-də müzakirəyə çıxardı. Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin məruzəsi dinlənildi və Azərbaycan Teleqraf Agentliyinin (Acansının) təşkili maarif naziri Nəsib bəy Usubbəyova tapşırıldı.

Hökumətin qərarı, təxminən, bir ilə yaxın kağız üzərində qaldı. Səbəblər dəqiq məlum olmasa da (həmin dövrdən günümüzə çox az sənəd gəlib çıxıb), ovaxtkı siyasi-iqtisadi şəraitdən çıxış edərək müəyyən mülahizələr yürütmək olar. Bir tərəfdən dövlətçilik ənənələrinin olmaması və maliyyə sıxıntıları, digər tərəfdən daxili və xarici təhdidlər nəzərdə tutulan planların icrasını çətinləşdirirdi. Geosiyasi vəziyyətə gəlincə, obrazlı desək, 1918–­1920-ci illərin Azərbaycanı dalğaların döyəclədiyi tənha adanı xatırladırdı. Ona çoxlu göz dikilmişdi, ingilis generalı Tomson qoşunu ilə gəlib Bakıda oturmuşdu və Cümhuriyyət hakimiyyətini tanımaq istəmirdi. Belə bir mürəkkəb vaxtda xəbər agentliyi kimin gözünə görünərdi?

Cümhuriyyət rəhbərləri ­savadlı, ziyalı insanlar idi. Onlar sözün, xüsusən informasiyanın rolunu, necə böyük gücə malik olduğunu bilirdilər. Ona görə də teleqraf acanslığının yaradılmasında israrlı idilər və bu məsələyə yenidən qayıdıldı. 1920-ci il fevralın 2-də hökumət AZƏRTAC-ın əsasnaməsini müəyyən dəyişikliklərlə parlamentə çıxarmaq barədə növbəti qərar qəbul etdi.

Arxiv materiallarından belə məlum olur ki, o vaxt respublikada yeganə informasiya mənbəyi Bakı ­Sahil Radiostansiyası (simsiz teleqraf) idi. Onun da cəmi üç aparatı vardı: ikisi qəbuledici, biri həm qəbuledici, həm də ötürücü. Bu iki aparat sutkada 70 mindən çox söz qəbul edə bilmirdi. Azərbaycan haqqında xəbərlər isə yalnız bir aparatla ötürülürdü. Necə deyərlər, dəryada bir damla. Halbuki ermənilər teletayp alaraq Azərbaycanı ləkələyən, gözdən salan, iftira dolu yazıları Avropada – Fransa, Almaniya kimi ölkələrdə yayırdılar.

Teleqraf acanslığının yaradılması üçün həm maliyyə vəsaiti və texniki avadanlıq, həm də ixtisaslı kadrlar lazım idi. Təbii ki, yenicə ayaq üstə duran respublikanın mükəmməl agentlik təşkil etməsini düşünmək sadəlövhlük olardı. Agentliyin texniki bazası, yaradıcı heyəti barədə əldə yetərincə sənəd olmadığından, bununla bağlı mühakimə yürütmək çətindir. Lakin görünən odur ki, dövlət işlərinin başdan aşdığı çox mürəkkəb bir şəraitdə milli xəbər agentliyini təşkil etmək mümkün oldu və mühüm bir işin təməli qoyuldu.

Nəhayət, parlamentdəki müzakirələrdən bir həftə sonra – martın 1-də AZƏRTAC fəaliyyətə başladı və ertəsi gün onun ilk xəbəri işıq üzü gördü. Agentlik respublikada baş verən hadisələri, hökumətin gördüyü işləri əks etdirən gündəlik bülletenlər də hazırlayıb həm respublika daxilində, həm də xaricdə yayırdı.

Bu, Azərbaycanın səmasında qara buludların getdikcə sıxlaşdığı vaxtlar idi. Çox keçmədən Azərbaycan bolşevik işğalına məruz qaldı və Cümhuriyyət hökuməti süquta uğradı. Milli Teleqraf Acanslığı cəmi 58 gün fəaliyyət göstərsə də, adını tarixə yazdıra bildi. Artıq bünövrə qoyulmuşdu, ilk cığırlar açılmışdı...

Yetmiş illik sovet rejiminin AZƏRTAC-ın taleyində qoyduğu ağ-qara izlər

Ötən əsrin 20-ci illərinədək dünyaya bir çox imperiyalar gəlib getmişdi. O vaxtlar işğalın üzərinə diplomatiya pərdəsi çəkməyə ehtiyac duyulmurdu. Azərbaycanın işğal olunduğu, SSRİ-nin tarix səhnəsinə çıxdığı zamanlarda isə dünya dəyişmişdi və imperiya ambisiyalarına bər-bəzəkli don geyindirmək lazım gəlirdi. Məkrli siyasət saxta bəyanatlarla pərdələnirdi.

1920-1922-ci illəri bəzi tarixçilər ikinci Respublika dövrü kimi səciyyələndirirlər. Bu, əsasən ondan irəli gəlir ki, Azərbaycan Respublikası SSRİ-nin tərkibinə qatılanadək Xalq Cümhuriyyətinin mütərəqqi kursunu qismən də olsa, davam etdirmişdi. O vaxt atılan addımlar sırasına rəsmi informasiya agentliyinin yaradılması da aid edilə bilər. Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun 1920-ci il 9 iyun tarixli dekreti ilə Mərkəzi Mətbuat Kollegiyası yaradıldı və Rusiya Teleqraf Agentliyinin Qafqaz diyar şöbəsinin Azərbaycan bölməsi (AZQAFROSTA) kollegiyaya daxil edildi. Təxminən bir il sonra AZQAFROSTA müstəqil quruma – Azərbaycan Teleqraf Agentliyinə çevrildi. Agentliyin ilk direktoru Qubad Qasımov jurnalist təcrübəsinin olmadığını etiraf edir və xatirələrində yazırdı ki, informasiyanı yaymaq üçün texniki imkanlar da son dərəcə məhdud idi. O vaxt Bakı küçələrindən birində yəqin ki, çoxlarımızın eşitmədiyi “İşıq” qəzeti peyda oldu. İnsanlar böyük ekranın qarşısına yığışaraq agentliyin xəbərlərini buradan oxuyurdular.

Keçmiş SSRİ dövründə hadisələrin gedişindən asılı olaraq Azərbaycanın milli informasiya agentliyi müxtəlif aqibətlə üzləşirdi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, onun adını yeddi dəfə dəyişmişdilər. Hətta bir vaxt üç Cənubi Qafqaz respublikasının informasiya agentlikləri ZaqTA adı altında biləşdirilmişdi. Adlar dəyişsə də, mahiyyət dəyişmirdi. Sovetlər ittifaqına daxil olan bütün respublikaların informasiya agentlikləri kimi, Azərbaycan Teleqraf Agentliyi də Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialı statusunda fəaliyyət göstərirdi. Xəbərlər Bakıya Moskvadan morze əlifbası ilə ötürülürdü.

Yetmiş illik tariximizin ziddiyyətlərinə, AZƏRTAC-ın taleyində qoyduğu ağ-qara izlərə baxmayaraq, agentlik dövrün salnaməsini yazmaqda davam edirdi. O qədər də geniş olmayan müxbir şəbəkəsi respublikanın həyatını öz gücü və bacarığı daxilində işıqlandırırdı.

İkinci Dünya müharibəsi illəri üzərində ayrıca dayanmağa ehtiyac duyuram. Müharibə, təbii fəlakət, ekstremal hallar şəraitində işləmək xəbər agentliyinin və onun müxbirlərinin fəaliyyətində kulminasiya nöqtəsidir. Biz dünya təcrübəsində də, öz təcrübəmizdə də şahidik ki, hətta dövlət strukturları iflic vəziyyətinə düşdükləri vaxtlarda xəbər agentlikləri işləyir, hər bir vəchlə informasiya əldə etməyə və müxtəlif yolla yaymağa çalışır.

1941-1945-ci illərə gəlincə, AZƏRTAC-ın hərbi müxbirləri qızğın döyüşlərin getdiyi ön cəbhədən reportajlar göndərirdilər. Agentlik informasiya işini iki istiqamətdə aparırdı: həm döyüş xəttindən, həm də insanların arxa cəbhədəki fədakar əməyindən bəhs edən materiallar hazırlayırdı. Bu yazılar yerli mətbuatda və cəbhə qəzetlərində yer alırdı.

Azərbaycanın və AZƏRTAC-ın həyatında dönüş nöqtəsi

Respublikamız keçmiş SSRİ-nin tərkibində olduğu 70 ildə bir-birindən kəskin fərqlənən iki dövr yaşadı. 1970-ci illərədək durğunluğun, kosmopolit əhval-ruhiyyənin hakim kəsildiyi Azərbaycan Sovet İttifaqının geridə qalmış ucqarlarından biri sayılırdı.

1969-cu ilin iyun plenumu, respublikaya milli ruhlu, yüksək təşkilatçılıq bacarığına və yenilməz iradəyə malik rəhbərin – Heydər Əliyevin təyin edilməsi Azərbaycanın həyatında dönüş nöqtəsi oldu. Çox keçmədən həyatın ritmi dəyişdi, hər bir sahədə, o cümlədən mətbuatda görünməmiş inkişaf başladı.

O vaxtdan xalqın qəlbində yer tutan, sonradan dünya şöhrətli dövlət xadimləri sırasında yer alan Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər, eyni zamanda, milli ruhun və milli özünüdərkin dirçəliş dövrü kimi də səciyyəvidir. Bu dahi şəxsiyyət hələ yarım əsr bundan əvvəl mətbuatın, informasiyanın insanların vahid məqsədə yönəldilməsindəki səfərbəredici rolunu hamıdan yaxşı görürdü. Buna görə də mətbuata, jurnalistlərə fərqli münasibət bəsləyir, xüsusi həssaslıqla yanaşırdı. O, mətbuata açıqlığı ilə də seçilirdi. Birinci katib işlədiyi vaxtlarda “Literaturnaya qazeta”da “Qoy, ədalət zəfər çalsın” sərlövhəsi ilə dərc olunmuş məşhur müsahibəsi bütün ittifaqa səs salmışdı. İlk dəfə idi ki, heç kimin danışmağa cəsarət etmədiyi nöqsanlar birinci şəxs tərəfindən mətbuatda açıq şəkildə tənqid olunurdu.

Heydər Əliyevə qədər arxa planda qalan AZƏRTAC da istər respublika, istərsə də İttifaq miqyasında öncül mövqelərə çıxmağa başladı, SİTA-nın informasiya buraxılışlarını qəbul edib Cənubi Qafqaz respublikalarına ötürən mərkəzə çevrildi. Rus dilində göndərilən həmin materialları ana dilimizə operativ surətdə çevirmək lazım gəlirdi. Ustad tərcüməçi, gözəl ziyalı Bağır Seyidzadənin rəhbərlik etdiyi tərcümə redaksiyası bu gərgin işin öhdəsindən məharətlə gəlir, müxtəlif sahələrə dair informasiyaları yerli oxuculara yüksək səviyyədə təqdim edirdi. Agentliyin əməkdaşları, həmçinin müxbir briqadalarının tərkibində xarici ölkələrə gedir, bilavasitə hadisə yerindən xəbərlər hazırlayıb göndərirdilər.

Çox keçmədən AZƏRTAC-ın texniki təchizatını yaxşılaşdırmaq istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyevin şəxsi nüfuzu hesabına müttəfiq respublikaların informasiya agentlikləri arasında Ukrinformdan sonra məhz AZƏRTAC kompüterlə təchiz edildi. Agentlik həm maddi-texniki bazasına, həm də yaradıcılıq potensialına görə birincilər sırasına çıxmağa nail oldu.

Sovet dövründə imkanlar bütün cəhətdən məhdud idi. Rusiya istisna olmaqla, digər 14 respublika, necə deyərlər, Moskvanın əlinə baxırdı. Direktivlər Kremldən gəlirdi, büdcəni mərkəzi hökumət ayırırdı. Rəhbərin məharəti mövcud imkanlar daxilində mümkün olanı, bəlkə ondan da artığını etmək idi. Bunu yalnız Heydər Əliyev kimi fenomen siyasətçi, dövlət xadimi edə bilərdi və etdi. Məhz onun hakimiyyətdə olduğu 1969-1982-ci illərdə Azərbaycanla bərabər, AZƏRTAC da böyük inkişaf yolu keçdi.

Uzaq keçmiş barədə bu qədər. İndi də keçək ən yeni tariximizə.

AZƏRTAC ciddi sınaq qarşısında: Qanlı Yanvar, Qarabağ müharibəsi və xaos illəri

Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın qara günləri başladı. Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, bu iddialar fonunda Dağlıq Qarabağda baş qaldıran separatizm, digər tərəfdən mərkəzi hakimiyyətin ayrı-seçkilik siyasəti və qərəzli yanaşması vəziyyəti günbəgün kəskinləşdirirdi. Sürətlə cərəyan edən hadisələrin kulminasiya nöqtəsi 1990-cı ilin 20 yanvarı oldu.

Sovet ordu hissələrinin Bakıya hücumu ərəfəsində Azərbaycan Televiziyasının enerji bloku partladıldı. Qanlı hadisələrin ertəsi günü qəzetlərin nəşri dayandırıldı. Radio və televiziya işləmir, qəzetlər çıxmır, xarici radiostansiyaların dalğaları vurulurdu. Respublika tam informasiya blokadasına alınmışdı. Nə etməli? AZƏRTAC-ın müxbirləri çıxış yolunu xəbər bülletenləri hazırlayıb Bakının müxtəlif yerlərində divarlara yapışdırmaqda görürdülər. Bu iş qaranlıq düşəndən sonra görülürdü. İmperiya əsgərləri səhər açılan kimi vərəqələri cırıb atsa da, əhali baş verənlərdən qismən də olsa, xəbər tuta bilirdi. 20 Yanvarın dəhşətli həqiqətlərini əks etdirən fotovitrin də eyni aqibəti yaşadı.

1990-cı illərin əvvəlində Ermənistanın Azərbaycana hərbi təcavüzü də pik nöqtəsinə çatmışdı. Bir milyondan çox azərbaycanlı doğma yurd-yuvasından qovulmuşdu, torpaqlarımızda elan olunmamış müharibə gedirdi. Özünümüdafiə qüvvələri təpədən-dırnağadək silahlanmış amansız düşmən qarşısında tab gətirə bilmir, şəhər və kəndlərimiz bir-birinin ardınca işğal olunurdu. Erməni faşistləri Xocalı şəhərində əsrin ən dəhşətli soyqırımlarından birini törətdilər.

Bu hadisələr fonunda yaranmış hakimiyyət boşluğu nəticəsində Azərbaycan dalana dirənmişdi. Rəsmi məlumatlar birtərəfli idi, respublika rəhbərliyi və dövlət strukturları baş verənləri xalqdan gizlədirdi. Əsas xəbər qaynağı olan AZƏRTAC daha bir çətin imtahan qarşısında qalmışdı. Agentliyin müxbirləri cəbhə bölgələrinə, məcburi köçkünlərin məskunlaşdığı çadır düşərgələrinə gedərək materiallar hazırlayır, yaranmış fəlakətli və dramatik vəziyyət barədə həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmağa çalışırdılar. Bu sıraya agentliyin “Azərbaycan” nəşriyyatı ilə birgə hazırladığı kitablar da daxildir. Erməni şovinistlərinin və separatçılarının məkrli niyyətlərindən qaynaqlanan hadisələrin mahiyyətini açıb göstərən bu nəşrlərdə ilk dəfə olaraq, sovet rəhbərliyinin anti-Azərbaycan siyasəti də ifşa edilirdi.

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Azadlığın şirin və acı tamı – paradoks olsa da, xalqımız bir müddət bu iki duyğunu eyni vaxtda yaşamalı oldu. Dövlət müstəqilliyinin kağız üzərində qalması bir yana, kreslo düşkünü olan naşı rəhbərlər Azərbaycanı uçurum kənarına gətirib çıxardılar, xalqı vətəndaş müharibəsinin alovuna atdılar.

Daha bir paradoks. İqtidarda olanlar özlərini demokrat adlandırsalar da, azad sözün, azad fikrin qarşısına sədd çəkirdilər. Dövlətin inhisarında olan KİV-də, o cümlədən AZƏRTAC-da xalqımızın böyük oğlu Heydər Əliyevin adını çəkmək yasaqlanmışdı.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən təxminən bir il sonra – 1992-ci il dekabrın 18-də ­AZƏRTAC-ın tarixi adı bərpa olundu. Lakin informasiyanın cəmiyyətdə və dövlət həyatında oynadığı roldan bixəbər olan keçmiş iqtidarın etinasızlığı ucbatından agentlik çox ağır günlər yaşayırdı. Cüzi büdcə vəsaiti nəinki müasir texnika almağa, heç işçilərin maaşını ödəməyə yetmirdi. Maddi-mənəvi sıxıntılara baxmayaraq, AZƏRTAC yaşayır, onun fədakar əməkdaşları peşə borclarını vicdanla yerinə yetirirdilər.

Bu çətin vəziyyət ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışınadək davam etdi.

Dövlət siyasətinin informasiya təminatı: Heydər Əliyev AZƏRTAC-a etibar edirdi

Mənim həyatımın böyük hissəsi AZƏRTAC-la bağlıdır: 100 illik yolun təxminən 30 ili gözümün önündə keçib. Oxucu yazımın bundan sonrakı hissəsini bir qərinəlik inkişaf yolunun canlı şahidinin və iştirakçısının qeydləri kimi qəbul edə bilər.

Xalqımızın ulu öndəri Heydər Əliyev dövlət siyasətinin informasiya təminatında AZƏRTAC-a üstünlük verir, ona etibar edir, xüsusi qayğı ilə yanaşırdı. Odur ki, respublika rəhbərliyinə qayıdışından az sonra – 1995-ci il martın 3-də agentliyin yenidən təşkil edilməsi haqqında fərman imzaladı. Sənədə əsasən, AZƏRTAC-a dövlət informasiya orqanı statusu verildi, yetərincə büdcə vəsaiti ayrıldı.

Bunun ardınca, 1996-cı il iyunun 29-da digər sənəd – AZƏRTAC-ın işinin yaxşılaşdırılması haqqında Prezident sərəncamı imzalandı. Agentlik üçün müasir texnika alındı, xaricdə ilk müxbir məntəqələri açıldı. Nəhayət, AZƏRTAC-ın fəaliyyətinin təkmilləşdirilməsi haqqında 2000-ci il 17 yanvar tarixli fərmana əsasən, agentliyin maddi-texniki bazasının müasir tələblər səviyyəsinə çatdırılması, xarici ölkələrdəki müxbir məntəqələrinin zəruri texniki avadanlıqla təchiz olunması, əməkdaşların əməkhaqlarının 50 faiz artırılması qərara alındı.

Ümumiyyətlə, 1995-2002-ci illərdə ulu öndər agentliyimizlə bağlı 6 fərman və sərəncam imzalamışdı. Bu, Heydər Əliyevin dövlət siyasətinin informasiya təminatında AZƏRTAC-a verdiyi önəmin, onun xüsusi əhəmiyyətini və rolunu nəzərə almasının bariz göstəricisidir. Bu diqqət və qayğı, eyni zamanda, Heydər Əliyevin agentliyə inam və etibarından qaynaqlanırdı. Biz də öz növbəmizdə onun etimadını doğrultmaq üçün gecə-gündüz bilmədən çalışırdıq.

Mənə ulu öndərimizin 1993-cü il iyunun 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında xarici diplomatlarla keçirdiyi ilk görüşündən başlayaraq, dövlət və hökumət başçıları,  yüksək səviyyəli nümayəndə heyətləri ilə, demək olar, bütün görüşlərini, xarici səfərlərini, apardığı danışıqları işıqlandırmaq xoşbəxtliyi nəsib olub. ABŞ, Böyük Britaniya, Fransa kimi nəhəng dövlətlərin liderlərinin, dünyaca məşhur siyasətçilərin, yazıçıların Heydər Əliyev haqqında necə heyranlıqla danışdıqlarının, onun Azərbaycan, ümumilikdə, türk dünyası qarşısında xidmətlərini necə yüksək qiymətləndirdiklərinin şəxsən şahidiyəm. Eşitdiyim, bloknotuma köçürdüyüm bu fikirlər sonradan AZƏRTAC-ın xətti ilə nəşr olunan “Dünyanı heyran qoyan insan” adlı kitaba çevrildi.

Bu da bir fenomendir: Ulu öndər nə yazdığım, necə yazdığımla şəxsən maraqlanırdı. Məni tez-tez yanına çağıraraq istiqamət verir, tövsiyələrini çatdırırdı. O vaxtlar Azərbaycan mətbuatında dövlət başçısının fəaliyyətini işıqlandırmaq ənənəsi və təcrübəsi olmadığından bu, əsl jurnalistika dərsləri idi. Ondan əvvəl respublikaya rəhbərlik edənlərin keçirdikləri görüşlərdən, apardıqları danışıqlardan qayıdan müxbir informasiya hazırlamaqda olmazın çətinlik çəkirdi. Çünki iqtidarda olan şəxslərin heç bir dövlətçilik təcrübəsi yox idi. Adi protokol qaydalarından tutmuş, danışıqlaradək heç bir prosedur beynəlxalq standartlara uyğun gəlmirdi, diplomatiya çərçivələrinə sığmırdı. Bir neçə quru cümlədən ibarət xəbər təbii ki, oxucunu qane edə bilməzdi. İnformasiyanın kasadlığı rəhbərlə xalq arasında sanki qara pərdə çəkirdi. Belə bir şəraitdə hansı siyasi publisistikadan söhbət gedə bilərdi? Azərbaycan mətbuatında siyasi publisistika janrının əsasları 1993-cü ildən sonra – Heydər Əliyevin hakimiyyəti illərində qoyuldu.

Hesab edirəm ki, bu, ayrıca bir söhbətin mövzusudur.

Heydər Əliyevin jurnalistika dərsləri

Ulu öndərimizin ən müxtəlif mövzulardakı çıxışları, nitqləri, dövlət və hökumət başçıları ilə apardığı yüksək səviyyəli danışıqlar fikrin ifadə tərzi, səlis və təmiz dili, aydın məntiqi baxımından siyasi publisistikanın bənzərsiz nümunələridir. O, qabaqcadan yazılmış hazır mətnlərdən istifadə etməzdi, auditoriyanın havasına köklənərdi. Biz hər biri bitkin publisistik əsər təsiri bağışlayan bu çıxışları şifahi nitqdən yazılı mətnə çevirərək mətbuata, radio və televiziyaya göndərərdik. Onları oxucuya yubanmadan çatdırmaq üçün çox vaxt səhərədək işləyərdik.

Bu yerdə çoxlarının bilmədiyi maraqlı bir məqamı da vurğulamaq yerinə düşər. Ulu öndər çıxışlarının mətbuat üçün hazırlanan mətnlərini şəxsən nəzərdən keçirir, redaktə xarakterli düzəlişlər edirdi. Yadımdadır, gecəyarısı zəng vurur, hansısa sözü, yaxud cümləni dəyişməyi tapşırırdı.

Həmin nitq və çıxışların AZƏRTAC tərəfindən yayılmış mətnləri görkəmli filosof-alim, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu, “Azərnəşr” tərəfindən nəfis tərtibatda çapdan buraxılan “Müstəqilliyimiz əbədidir” adlı çoxcildliyin 46 kitabına daxil edildi və biz, haqlı olaraq, bununla qürur duyuruq. Fəxr edirik ki, bu şanlı tarixi AZƏRTAC-ın kollektivi yazdı. Hesab edirəm ki, Heydər Əliyevin dərin məzmunlu nitq və çıxışları siyasi publisistikanın ən gözəl örnəyi kimi Jurnalistika fakültəsində tədris oluna bilər və mütləq olunmalıdır.

Həmin vaxtlar xarici səfərlərdə Prezidenti müşayiət edən həmkarlarım da təsdiqləyərlər ki, Heydər Əliyev bizə jurnalistika dərsi keçərdi: informasiyanı nədən başlamaq, əsas məqamı və faktı ikinci dərəcəlidən necə seçmək lazım gəldiyini səbirlə izah edərdi. Biz jurnalistikanın, xüsusən siyasi publisistikanın müasir standartlarını, dövlət başçısının fəaliyyətini lazımi səviyyədə işıqlandırmağın incəliklərini Heydər Əliyev məktəbindən beləcə zərrə-zərrə öyrənirdik.

Bir qədər əvvəl qeyd etdiyim kimi, ulu öndər dövlət həyatı ilə bağlı bütün məsələləri işıqlandırmağı AZƏRTAC-a etibar etmişdi. O, dövlət başçısının gündəlik fəaliyyəti üzərindən keçmişin mirası olan “sirr” pərdəsini götürmüşdü. Deyirdi: hara getsəm, kiminlə görüşsəm, nə danışsam, hamısını yazın, olduğu kimi yazın ki, xalq hər mətləbdən agah olsun.

Heydər Əliyev müstəqil Azərbaycanın rəhbərliyinə çox mürəkkəb vaxtda qayıtmışdı. Qarşıda respublikanı dərin siyasi-iqtisadi böhrandan çıxarmaq, düşmənin hərbi təcavüzünü dayandırmaq, Azərbaycanı dünyada tanıtmaq, milli maraqları qorumaq kimi çətin vəzifələr dayanırdı. Odur ki, xalq xilaskar gözündə gördüyü rəhbərin fəaliyyətini ən xırda detallarınadək bilmək istəyirdi. Bu haqlı marağı nəzərə alan ulu öndər xalqı tam məlumatlandırmaq missiyasını AZƏRTAC-a həvalə etdi.

Əsası həmin vaxtlarda qoyulmuş ənənə bu gün də davam etdirilir və Prezidentin mətbuat katibi, rəsmi informasiya işinin peşəkarı Azər Qasımovun səyləri sayəsində yeni çalarlarla zənginləşdirilir. Agentlik Prezident İlham Əliyevin çıxış və nitqlərini, görüşlərini, xarici ölkələrə və bölgələrə səfərlərini, apardığı danışıqları bütün təfərrüatı ilə işıqlandırır, miqyasından və həcmindən asılı olmayaraq, elə həmin gün oxucuya çatdırır. Bu, eyni zamanda, AZƏRTAC-ın birbaşa funksiyasıdır və onun statusundan irəli gəlir. Çünki o, həm də xalqın tarixi salnaməsini yazan bir media qurumudur. Yeri gəlmişkən, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə “Azərnəşr” tərəfindən buraxılan “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin indiyədək işıq üzü görmüş 95 kitabı da AZƏRTAC-ın materialları əsasında hazırlanıb. 

AZƏRTAC qlobal informasiya məkanında

“AZƏRTAC-ın kollektivi milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə bərabər, dünya informasiya məkanında layiqli yer tutmaq üçün daha əzmlə çalışmalıdır”. Bu sitat Prezident Heydər Əliyevin 2000-ci ildə agentliyin 80 illik yubileyi münasibətilə kollektivimizə ünvanladığı təbrik məktubundan götürülüb. Həmin vaxtdan etibarən ulu öndərimizin proqram xarakterli tövsiyəsi fəaliyyətimizin prioritet istiqamətlərindən birini təşkil edib. Ötən 20 ildə kollektivimiz bu hədəfə doğru inadla və inamla irəliləyib, ürəkaçan nəticələrə nail olub. Mövzu çox geniş olduğundan bir neçə xarakterik məqamı qeyd etməklə kifayətlənəcəyəm.

İnformasiyanın dünya siyasətinə təsirinin artdığı, xəbər istehsalçılarının gündən-günə çoxaldığı, sosial şəbəkələrin həyatımıza daxil olduğu bir vaxtda beynəlxalq media məkanında yer tutmaq heç də asan deyil. Öz təcrübəmiz əsasında deyə bilərəm ki, bunun üçün davamlı iş aparmaq, ilk növbədə, etibarlı və dürüst xəbər qaynağı kimi tanınmaq, həmkarların inam və etimadını qazanmaq lazımdır.

AZƏRTAC son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşıq müqaviləsi imzalayıb, 150-dək agentliklə informasiya mübadiləsi aparır. Onların arasında bütün qitələrdən olan aparıcı agentliklər, o cümlədən TASS (Rusiya), Sinxua (Çin), Anadolu (Türkiyə), İRNA (İran), ANSA (İtaliya), KYODO (Yaponiya), Yonhap (Koreya Respublikası), TELAM (Argentina), SPA (Səudiyyə Ərəbistanı), Ukrinform (Ukrayna), BELTA (Belarus), Kazinform (Qazaxıstan) və digər nüfuzlu xəbər yayımçıları var. Biz, həmçinin Dünya Xəbər Agentlikləri Konqresi Şurası və Avropa Xəbər Agentlikləri Alyansı (EANA) çərçivəsində Associated Press, Reuters, Press Association, DPA agentlikləri ilə sıx əməkdaşlıq edirik.

2004-cü ildə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA), 2008-ci ildə Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilən AZƏRTAC, eyni zamanda, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir.

Agentliyin həyatında ən əlamətdar hadisələrdən biri ­2016-cı ildə baş verdi. Prezident İlham Əliyevin himayəsi, birinci xanım ­Mehriban Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakı eyni vaxtda iki mötəbər beynəlxalq təşkilatın əsas forumlarına – Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına yüksək səviyyədə evsahibliyi etdi, agentliyimiz hər iki qurumun rəhbəri seçildi. Bununla da Azərbaycanın və AZƏRTAC-ın adı dünya mətbuat tarixinə həmişəlik yazıldı.

Beş qitəni, 80 ölkəni və dünyanın 100-dən çox aparıcı xəbər agentliyini təmsil edən 200 nümayəndənin iştirak etdiyi bu forumlar yaddaşlarda dərin iz qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin konqresin açılışında iştirakı, geniş nitq söyləməsi, daha sonra iştirakçıların bir qrupunu qəbul etməsi bu qlobal forumlara xüsusi ahəng verdi. Dövlətimizin başçısının açılış nitqində qeyd etdiyi kimi, Dünya Xəbər Agentlikləri Konqresinin Bakıda keçirilməsi müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisidir.

AZƏRTAC dünya xəbər məkanına getdikcə daha inamla çıxır, informasiya nəhəngləri ilə bir sırada addımlayır. Bu, təbii ki, dinamik inkişaf edən Azərbaycana artan maraqla, ölkəmizin dünyada söz və nüfuz sahibinə çevrilməsi ilə şərtlənir. Xarizmatik lider olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan durmadan müasirləşir və modernləşir. Ölkəmizdə aparılan islahatlar dünyanın diqqətini cəlb edir və yüksək dəyərləndirilir. Bu yeniləşmə ab-havası ölkə mediasına da sirayət edir. Dövlətimizin başçısının dəstəyi sayəsində AZƏRTAC ən müasir informasiya texnologiyaları ilə təchiz olunub. Agentliyin rəhbərliyi və nümayəndələri yüksəksəviyyəli media forumlarında mütəmadi iştirak etmək imkanı qazanıb. Eyni zamanda, dünyanın bir çox informasiya nəhəngləri müasir Azərbaycanın milli informasiya agentliyi ilə əməkdaşlıqda maraqlıdır. Mən bu sırada Çinin ingilisdilli  “China Daily” qəzetini xüsusi qeyd etmək istərdim. Ümumilikdə, 100 milyondan çox çap və onlayn abunəçisi olan “China Daily” təkcə son bir neçə ayda öz saytında AZƏRTAC-ın iki böyük həcmli analitik məqaləsini yayıb. Beləliklə, Yer kürəsində milyonlarla insan Prezident İlham Əliyevin yürütdüyü siyasət, Azərbaycanın uğurları, ölkəmizdə həyata keçirilən islahatlar barədə ilk mənbədən ətraflı məlumat əldə edib.

Əməkdaşlıq etdiyimiz agentliklər Azərbaycanla bağlı xəbərləri istisnasız olaraq AZƏRTAC-dan alırlar. Bir qədər əvvəl dediyim kimi, onların arasında Çin kimi nəhəng ölkənin əsas informasiya yayımçısı – Sinxua agentliyi də var. Prezident İlham Əliyev 2018-ci ilin sentyabrında agentliyin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı Sinxua ilə AZƏRTAC-ın əməkdaşlığını yüksək qiymətləndirdi. Çinli həmkarlarımızın Bakıya həmin səfərindən sonra agentliklərimiz arasında xəbər mübadiləsi daha da gücləndi. Əməkdaşlığımızın nəticəsi olaraq, AZƏRTAC “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı platformasının təsisçi üzvü statusuna, bu nəhəng platformanın bütün imtiyazlarından istifadə etmək hüququna yiyələndi.

Bu mövzuya bir faktla yekun vurmaq istərdim: təkcə ötən il AZƏRTAC-ın üzv olduğu beynəlxalq və regional media qurumlarının, tərəfdaşlıq etdiyi milli informasiya agentliklərinin saytlarında Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi mədəni və digər sahələrdə qazandığı uğurlara dair 15 minə yaxın xəbəri, videosu və fotosu yayılıb.

Azərbaycan kiçik və gənc dövlətdir, üstəlik, Ermənistanla müharibə vəziyyətində yaşayır. Düşmən bizə qarşı həm də informasiya müharibəsi aparır. Erməni təbliğat maşınının var gücü ilə yalan tirajladığı belə bir taleyüklü vaxtda Azərbaycan və Dağlıq Qarabağ haqqında tarixi həqiqətlərin dünyaya çatdırılması milli mətbuatımızın bir nömrəli vəzifəsidir. Biz bunun ən gözəl nümunəsini Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, ­Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı gördük. Azərbaycan Prezidenti İlham Əliyev tarixi faktlara və təkzibolunmaz arqumentlərə söykənərək Ermənistanın baş naziri Nikol Paşinyanın yalan və uydurmalarını, saxta erməni mifini darmadağın etdi. Şahmat dili ilə desək, mat vəziyyətinə düşən Paşinyan dövlətimizin başçısının dərin məntiqi qarşısında söz tapmaqda aciz qaldı.

Prezidentimiz biz jurnalistlərə də, sözün yaxşı mənasında, dərs verdi. Göstərdi ki, informasiya savaşında qətiyyətli olmaq, müdafiə taktikasından hücum taktikasına keçmək zamanıdır. Münxendəki panel müzakirədən nəticə çıxaran AZƏRTAC bu istiqamətdə fəaliyyətini daha da gücləndirməyə başlayıb. Beynəlxalq media qurumlarında təmsilçilik, dünya KİV-ləri ilə tərəfdaşlıq əlaqələri bizə Azərbaycan həqiqətlərini mümkün qədər geniş coğrafiyada yaymaq imkanı yaradır və bundan maksimum yararlanmağa çalışırıq. 

AZƏRTAC internet əsrində: zamanın çağırışı və müasir trendlər

İnternetin Azərbaycana ayaq açması ilə media, xüsusən elektron informasiya vasitələri qarşısında hüdudsuz imkanlar açıldı. Xəbər buraxılışının həm həcmi, həm də operativliyi təsəvvürəgəlməz dərəcədə artdı. Təkcə bir faktı qeyd etmək kifayətdir: əgər veb-saytımız yaradılanadək biz gündə ən çoxu 60-70 xəbər buraxa bilirdiksə, indi bu göstərici on dəfədən çox artıb. AZƏRTAC hər gün 700-ə yaxın informasiya, video və foto xəbər hazırlayaraq öz kanalları ilə yayır.    

Bu il AZƏRTAC-ın veb-saytının da yubileyidir. Agentlik ilk veb-resursunu 2000-ci ildə işə salıb. İlk vaxtlar saytımız üç dildə - Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərirdi. Sonradan veb-resursumuz zamanın tələblərinə uyğun olaraq dəfələrlə yenilənib, yeni dizayn və texnologiyalarla təqdim edilib. Hazırda agentliyin beş veb-resursu və iki veb-servisi (interaktiv xəritə), üç mobil tətbiqi var.

Sözsüz ki, ölkənin əsas informasiya təchizatçısı kimi AZƏRTAC-ın veb-resursu etibarlı və kiber hücumlara davamlı olmalıdır. Biz həyati əhəmiyyətə malik bu sınaqdan da üzüağ çıxdıq. 2016-cı ilin Aprel döyüşləri zamanı saytımız erməni hakerlərinin aramsız hücumlarına məruz qaldı. Lakin onlar nə qədər çalışsalar da, veb-resursumuza zərər vura bilmədilər.

Hazırda agentliyin saytı 8 dildə fəaliyyət göstərir. Eyni zamanda, videoların yayımı üçün beş dildə veb-resursumuz var. Altı il bundan öncə biz “Uşaq bilik portalı” yaratdıq. Bu sırada fotosaytımızı və zəif görənlər üçün resursları da qeyd etmək olar.

Veb-resurslarla yanaşı, yeni trendlərə də xüsusi önəm veririk. Sosial şəbəkələrin yeni peyda olduğu vaxtlarda belə təsəvvür yaranmışdı ki, ənənəvi media mövqelərini və aktuallığını itirəcək. Sonradan çoxlarına aydın oldu ki, sosial şəbəkə jurnalistika deyil.  Müəllifi olmayan xəbər imzasız məktuba bənzəyir. Buna görə də tam əminliklə demək olar ki, sosial şəbəkələr heç vaxt peşəkar jurnalistikanı əvəz edə bilməz. Lakin düşünürəm ki, ənənəvi media onlayn platformalardan istifadə etməlidir, yəni, orada həm onun auditoriyası cəmlənib, həm də düzgün istifadə etdikdə sosial şəbəkələr potensial informasiya mənbəyidir.

AZƏRTAC sosial şəbəkələrdə işin qurulmasına hələ 2011-ci ildə başlayıb, bununla bağlı struktur yaradılıb. Hazırda bizim 30-dan çox sosial şəbəkə və messenger profilimiz var. Onların dinamik artımına nail olmaq prioritetlərimizdən biridir.

Müasir dövrdə sosial şəbəkələr və mobil texnologiyalar tandemi informasiya işinə çox güclü təsir göstərir. Xəbər agentliyi olaraq, bu iki texnoloji tendensiyanı diqqətdə saxlayırıq. Bütün veb-resurslarımızın əlçatan və istifadəçi üçün rahat olmasını təmin etmişik və bu istiqamətdə müntəzəm iş aparırıq. Nəticə göz qabağındadır: 2018-ci illə müqayisədə 2019-cu ildə mobil cihazlar vasitəsilə bizim informasiya resurslarına müraciət 50 faiz, videolara baxış isə 75 faiz artıb. ­“YouTube” kanallarımızda videoxəbərlərə baxışların 83 faizi mobil cihazların payına düşür.

Son statistikaya nəzər ­salsaq görərik ki, Azərbaycanda 5 ­milyona qədər aktiv mobil internet istifadəçisi var. Təxminən 3,2 milyon insan mütəmadi olaraq “Facebook” və “Instagram”dan istifadə edir. “Facebook”dan istifadənin 96 faizi mobil cihazların payına düşür. Bu, bir dünya tendensiyasıdır. 2019-cu ilin statistikasına əsasən, qlobal miqyasda 98 faiz “Facebook” istifadəçisi öz profillərinə mobil cihazlardan daxil olur. Bu da öz növbəsində informasiyanın istehsalı və istehlakı, təqdimatı, sürəti kimi parametrlərə təsir göstərir, bizi mobil resurslarımızı daha cəlbedici etməyə, daha təkmil platformaya çevirməyə yönəldir.

Zamanın digər bir çağırışı multimedia və videoxəbər istehsalıdır. AZƏRTAC-da videoxəbər xidməti 2010-cu il aprelin 22-də Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılıb. Yeni texnologiyaların tətbiqinin önəmini vurğulayan dövlətimizin başçısı bu sahənin inkişafını vacib hesab edib. Ölkə üzrə ilk ixtisaslaşmış videoxəbər studiyası məhz AZƏRTAC-da tətbiq olundu və biz ənənəvi informasiya materialları ilə yanaşı, videoxəbərlər də yaymağa başladıq. O vaxtdan 10 il keçib və videoformatın qlobal miqyasda trend olduğunu artıq hamı görür. Məhz gələcəyə hədəflənmiş həmin addım bu gün agentliyimizi videoməhsul istehsalçıları sırasında öncül yerlərə çıxarıb. İndi bizim ayrıca videoportalımız var. AZƏRTAC regionda yeganə agentlikdir ki, 5 dildə (Azərbaycan, ingilis, rus, fransız və alman) video yayır. Mühüm dövlət tədbirləri, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın səfərləri, iştirak etdikləri tədbirlər, keçirdikləri görüşlər barədə video­lar saytımızla yanaşı, “YouTube” kanallarımızda da yayılır. Videosaytımızda indiyədək minlərlə müsahibə və reportaj yerləşdirilib. Burada ölkə həyatının hər bir sahəsinə aid videomateriallar tapmaq mümkündür.

Günümüzün müəyyən trendlərini sosial şəbəkələr diktə edir. Bu, özünü əsasən informasiyanın 10 il öncə ağlasığmaz görünən təqdimat formalarında büruzə verir. Məsələn, “Instagram”da “Tarixçə” üçün hazırlanan videoformat sırf mobil cihazların ekran ölçülərinə hesablanıb. Sosial şəbəkə və mobil cihaz tandemi multimedia jurnalistikasına tamamilə yeni yanaşmalar gətirir. Agentliyimiz bu trendi də nəzərə almaqla, həmin formatlardan geniş istifadə edir. Təsadüfi deyil ki, videolarımız agentliyin sosial şəbəkələrində ən populyar məhsullardan biridir.

Biz videoxəbərlə yanaşı, digər multimedia məhsulları hazırlayırıq. Buraya infoqrafika, slaydşou, videoqrafika, “360” videolar aiddir. Videolarda xarici dillərdə mətnin nitqə neyron çevrilməsinin Amazon texnologiyasından istifadə edirik. Şirkətin agentliyimizə təqdim etdiyi bu proqram təminatı özüöyrənən texnologiyaya əsaslanır. Süni intellekt informasiya agentlikləri üçün də əlçatan olub. Xəbərlərin və hətta videoların süni intellekt tərəfindən hazırlanması günümüzün reallığıdır. AZƏRTAC gələcək fəaliyyətini məhz belə qabaqcıl texnologiyaların tətbiqinə yönəltmək niyyətindədir.

Görülən işlərin müsbət nəticələri xəbərlərə baxış sayında real əksini tapır. 2019-cu ildə agentliyimizin veb-resurslarında, sosial şəbəkələrdəki səhifələrində və üzvü olduğu beynəlxalq media təşkilatlarının portallarındakı xəbər, foto və videolarına müraciətlərin sayı 73 faiz yüksəlib. Bu, hətta proqnozları xeyli üstələyib. Eyni tendensiya videoxəbərlərə baxışlarda da müşahidə edilir.

Ölkə mediasında ­ AZƏRTAC-ın yeri və rolu barədə bəzi düşüncələr

İnformasiya güclü silahdır. O, müsbət mənada səfərbəredici təsirə, mənfi mənada dağıdıcı gücə malikdir. Məkrli niyyət güdən xəbər xalqları, dinləri üz-üzə qoya, münaqişələr, qarşıdurmalar yarada bilər. Təsadüfi deyil ki, feyk xəbərlər bu gün dünyanı narahat edən qlobal problemə çevrilib.

Azərbaycana gəlincə, ümummilli lider Heydər Əliyev milli mətbuatımızın üç əsas prinsipini müəyyənləşdirib: dövlətçiliyə xidmət, azərbaycançılıq ideologiyasının təbliği və ümumbəşəri dəyərlərə hörmət. AZƏRTAC Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedir. Onun ölkə mətbuatında yeri və rolu, ilk növbədə, bu meyarlarla qiymətləndirilməlidir.

Bu gün Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunub. Xəbər agentliklərinin, qəzet və jurnalların, teleradioların ümumi sayı 5 mini, internet portallarının sayı 20 mini ötür. Belə bir vaxtda heç bir hal istisna olunmur. Kimsə qrup mənafelərindən, kimsə şəxsi maraqlardan çıxış edə bilər. Yaxud bir başqası ucuz sensasiya arxasınca qaçır, bu yolla auditoriya toplamağa, reytinq qazanmağa çalışır.

Mətbuat azadlığı, İKT-nin yaratdığı hədsiz imkanlar həyatımızda çox şeyi dəyişib və dəyişməkdədir. Fəqət, informasiyanın yüz il əvvəl olduğu kimi, bu gün də dəyişməz meyarları var. Bu, xəbərin dürüstlüyü, obyektivliyi və qərəzsizliyidir. KİV-lər arasında kəskin rəqabətə baxmayaraq, AZƏRTAC bu prinsiplərə daim sadiqdir. O, heç vaxt yoxlanılmamış, dəqiqləşdirilməmiş xəbər yaymır, sensasiya, yaxud süni reytinq arxasınca qaçmır. Əvəzində oxucu inamı və etibarı qazanır. “Əgər AZƏRTAC yazıbsa, deməli, düzdür”, – insanların dilindən eşitdiyimiz bu sözlər bizim ən böyük mükafatımız, uğur göstəricimizdir.

İnternet xəbər məkanını qloballaşdırıb. İndi dünyanın istənilən nöqtəsində istənilən saytı izləmək mümkündür. Az qala səmadakı ulduzların sayından çox olan saytlar arasında parlamaq, diqqət çəkmək heç də hər agentliyə nəsib olmur. AZƏRTAC bu baxımdan ölkəmizin xəbər agentlikləri arasında çoxlarından irəli getsə də, Azərbaycan həqiqətlərini dünyaya daha çox çatdırmaq üçün bütün mümkün vasitələrə əl atır. 150-dək xarici xəbər agentliyi ilə qurulan əməkdaşlıq əlaqələri, getdikcə genişlənən informasiya mübadiləsi, beynəlxalq media qurumlarında fəal təmsilçilik bu qəbildəndir.

AZƏRTAC-ın ölkə mediasında yerini və rolunu səciyyələndirən əsas amillərdən biri vaxtilə ulu öndərimizin, sonradan isə Prezident İlham Əliyevin ona ayırdığı diqqət, Birinci vitse-prezident Mehriban Əliyevanın verdiyi dəstəkdir. Bu diqqət və dəstək sayəsində agentliyimiz ən müasir texnologiya ilə təchiz  olunub. Hazırda xarici ölkələrdə AZƏRTAC-ın 21 müxbir məntəqəsi fəaliyyət göstərir. Xüsusi müxbirlərimiz fəaliyyət göstərdikləri ölkələrin mətbuatında Azərbaycanla bağlı yazılarla müntəzəm çıxış edirlər. Prezidentin sərəncamına əsasən inşa olunmuş yeni ofisimiz yaxın vaxtlarda kollektivimizin istifadəsinə veriləcək.

Əlbəttə, AZƏRTAC-ın bugünkü hər bir uğurunun arxasında gərgin iş və yaradıcılıq axtarışları ilə yanaşı, ilk növbədə, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, ölkəmizin dünyada artan nüfuzu, həyatın bütün sahələrini əhatə edən köklü islahatlar dayanır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Dünya İqtisadi Forumunun illik “İnklüziv inkişaf indeksi” hesabatında Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında üçüncü yerə yüksəlib. Agentliyimizin kollektivi də öz fəaliyyətini ölkəmizin misilsiz inkişafına uyğun qurmağa, informasiya işini beynəlxalq standartlar səviyyəsinə çatdırmağa çalışır. Əldə olunan nailiyyətlərlə kifayətlənməyərək bütün qüvvə və bacarığını dövlətimizin başçısının milli mətbuatımız qarşısında qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsinə səfərbər edir. Yeniləşmək və yenə də yeniləşmək – bu gün üçün də, gələcək üçün də hədəfimiz budur.

Beləliklə, AZƏRTAC-ın bir əsrlik inkişaf yoluna zamanın beş fərqli nöqtəsindən baxmağa çalışdıq. Onun Xalq Cümhuriyyəti və sovet dönəmində, ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə, dövlət müstəqilliyimizin bərpasından sonrakı dövrdə keçdiyi yola qısaca nəzər saldıq. Nəhayət, oxucunu bu günümüzün AZƏRTAC-ı ilə tanış etdik. Tarixə hətta ötəri baxışdan aydın görmək olur ki, ictimai-siyasi quruluşdan, dövrlərin ziddiyyətlərindən, bir-birini əvəzləyən tənəzzül və dirçəlişdən asılı olmayaraq, bu 100 illik yol Vətənə və xalqa xidmət, jurnalistikanın əzəli və əbədi dəyərlərinə sədaqət yoludur.

24 2020 22:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə