Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubadlı rayonu ötən ilə yekun vurdu

Qubadlı Rayon İcra Hakimiyyəti ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirdi. Geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Malik İsaqov bildirdi ki, 2019-cu il ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında bir sıra tarixi və əlamətdar hadisələrlə yadda qaldı. 2020-ci il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ölkə başçısının çıxışına istinad edən RİH başçısı vurğuladı ki, 2019-cu ildə həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir. 

M.İsaqov diqqətə çatdırdı ki, cənab Prezidentin rəhbərliyi ilə 2020-ci ildə də davam etdiriləcək köklü və çoxşaxəli iqtisadi islahatlar, məqsədyönlü proqramların iqtisadiyyatımızın inkişafına və xalqımızın rifahının yüksəldilməsinə öz töhfəsini verəcəyi şübhəsizdir.
 Bildirildi ki, Qubadlı məcburi köçkünləri respublikanın 41 müxtəlif şəhər və rayonunda məskunlaşmışdır. Sakinlərimizin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində ötən il də işlər davam etdirilmişdir. Abşeron rayonundakı “Sumqayıt stansiyası” adlanan ərazidə və Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş şəhərciklərdə bu ailələrin yeni mənzillərə köçürülməsi işi başa çatdırılmışdır. Qəsəbələrin əsas kontingenti rayonumuzdan olan məcburi köçkünlərdir. Belə ki, Sumqayıt stansiyasındakı şəhərciyə 357 ailə, Sumqayıt şəhər 12-ci mikrorayondakı şəhərciyə 521 ailə köçürülmüşdür. Bununla yanaşı, Qaradağ rayon “Ümüd” qəsəbəsinə 19 ailə, Şirvan şəhərindəki şəhərciyə 9 ailə, “Qobu Park” yaşayış kompleksinə 22 ailə, Pirallahı rayonunda salınmış şəhərciyə 9 ailə, Kürdəxanı qəsəbəsində salınmış yaşayış kompleksinə isə 5 ailə köçürülmüşdür. 
Sumqayıt stansiyasındakı şəhərcikdə rayonun Hal kənd, Dəmirçilər kənd və Qubadlı şəhər 4 saylı tam orta məktəbləri, gigiyena və epidemiologiya mərkəzi, 140 yerlik Qubadlı şəhər 1 saylı körpələr evi-uşaq bağçası, Mahruzlu kənd həkim məntəqəsi və rayon rabitə qovşağının poçt agentliyi, Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində salınmış şəhərcikdə isə rayonun Kavdadıq və Əliquluuşağı kənd tam orta məktəbləri və Qubadlı şəhər 2 saylı körpələr evi-uşaq bağçası fəaliyyətə başlamışdır. Bunun da nəticəsi olaraq 80-ə yaxın məcburi köçkün işlə təmin edilmişdir.
Ölkə başçısının sərəncamı ilə 2019-cu il “Nəsimi ili” elan edilmişdi. Bununla əlaqədar olaraq respublikanın hər yerində ağacəkmə aksiyası keçirilmişdir. Sumqayıt stansiyası ərazisində yeni şəhərciyin ətrafında rayon icra hakimiyyəti tərəfindən salınmış parkda 10 min ağac və müxtəlif növ gül kolları əkilmişdir. 
Ötən il ərzində rayonda 200 yeni iş yeri açılmışdır. Əvvəlki illərdə olduğu kimi, pensiyaların, maaşların və digər müavinətlərin ödənilməsində heç bir problem olmamışdır. 335 ailənin hər birinə orta hesabla 187 manat məbləğində ünvanlı sosial yardım təyin olunmuşdur. 
Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi, 1 həkim, 3 tibb məntəqəsi ilə birlikdə məcburi köçkünlərə tibbi xidmət göstərilməsi işini davam etmişdir. İl ərzində 21 min 702 ambulator xəstə qəbul edilmişdir.
Təhsil sahəsində də işlər uğurla davam etdirilmişdir. 2019-cu il qəbul imtahanları ilk dəfə olaraq yeni qaydada keçirilmişdir. Qəbul imtahanlarında iştirak edən 386 nəfər məzundan, 297 nəfəri yəni 77 faizi ali məktəblərə qəbul olunmuş, onlardan 54 nəfəri 500-dən yuxarı bal toplamışdır. Ötən il məktəblərimiz Təhsil Nazirliyi tərəfindən keçirilən layihələrdə də yaxından iştirak etmişdir.
Ötən il ərzində Tarix-Diyarşünaslıq Muzeyinə 29 yeni eksponat daxil olmuşdur. Muzeyin fondunda hazırda 1032 eksponat var.
 Gənclər siyasətinin rayonda ardıcıl həyata keçirilməsi üçün müntəzəm iş aparılır. Rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə seçilən gənclərimiz ölkə başçısının apardığı uğurlu siyasəti daima dəstəkləmişlər. 35 nəfər rayon idmançısı ölkə birinciliklərinin, respublika turnirlərinin qalibi olmuşdur.
Ötən il ərzində kənd təsərrüfatı sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, rayon üzrə 79,4 hektar əkin sahəsi vardır ki, bunun da 40,6 hektarı taxıl, 7,3 hektarı bostan bitkiləri, 25,8 hektarı yonca, 3 hektarı tərəvəz, 2,7 hektarı isə tut bağlarıdır. Baramaçılığı inkişaf etdirmək məqsədilə 2019-cu ilin yanvar ayında 2 min ədəd yerli, 500 ədəd Çin Xalq Respublikasından gətirilmiş tut tingləri Fizuli və Sabirabad rayonları ərazisində əkilmiş və şitillərin ümumi sayı 10 min 500-ə çatdırılmışdır. Ötən il rayon üzrə arıçılar tərəfindən 23 min 460 kiloqram yüksək keyfiyyətli bal istehsal olunmuşdur ki, bu da orta hesabla arıçılarımıza 650 min manatdan yuxarı gəlir gətirir.
Heyvandarlıq sahəsində də bir sıra işlər görülmüşdür. Belə ki, rayon üzrə qaramalın sayı 1076 baş, davarın sayı 6 min 162 baş, ev quşlarının sayı isə 10 min 586 başdır. 2019-cu il ərzində 140 ton ət, 779 ton süd, 5,3 ton yun istehsal olunaraq satılmışdır.
Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Ağəli Əhmədov çıxış etdi. Digər məruzəçilər ötən il rayonda qazanılmış uğurlardan və qarşıda duran vəzifələrdən danışdılar.

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti” 

24 2020 22:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə