Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Prezidenti Hindistanda səfərdə olub

ABŞ Prezidenti Donald Tramp Hindistana səfərə gedib. Baş nazir Narendra Modi ilə görüşən Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Dehliyə 3 milyard dollar dəyərində hərbi vertolyotlar və digər texnika verəcək. Məlumatı TASS yayıb. 

Tramp deyib: “Mən fəxrlə elan edirəm ki, fevralın 25-də bizim nümayəndələr Hindistanın Silahlı Qüvvələrinə 3 milyard dollarlıq hərbi vertolyot və texnika verilməsi ilə bağlı müqavilə imzalayacaqlar”. ABŞ liderinin çıxışı Hindistan telekanalları ilə canlı yayımlanıb. 
Trampın sözlərinə görə, ABŞ Hindistana ən yaxşı və ən müasir silahlar təqdim etməyə hazırdır: “Hər şey bizim müdafiə sənayesi sahəsində əməkdaşlığımızdan asılıdır. ABŞ Hindistana dünyada ən yaxşı və ən qorxulu hərbi texnikalar vermək niyyətindədir. Biz ən yaxşı məhsullar istehsal edirik və hazırda Hindistanla əməkdaşlığımız yüksək səviyyədədir”. 
Xatırladaq ki, ABŞ ­Prezidentinin səfəri ərəfəsində “The Times of İndia” məlumat vermişdi ki, Dehli Vaşinqtonla imzalamaq üçün 3,5 milyard dollarlıq iki böyük müdafiə müqaviləsi hazırlayıb: 930 milyon dollar məbləğində altı ədəd “AN-64E Apace” zərbə vertolyotu və raket kompleksi ilə birgə 2,6 milyard dollarlıq 24 ədəd “MN-60R Seahawk” vertolyotları. 
ABŞ Prezidentinin səfəri çərçivəsində, eyni zamanda, Vaşinqtonun Hindistana çoxməqsədli F-16 qırıcılarının modernləşdirilmiş variantı olan F-21, eləcə də F-A-18 və F-15EX qırıcıları satmasına nail olunacağı gözlənilir. Bundan əlavə, “Hindistanda istehsal et” proqramı çərçivəsində 114 yeni qırıcının buraxılması nəzərdə tutulur. Ağ evin Hindistanın Hərbi Dəniz Qüvvələri üçün də qırıcılar təqdim etmək niyyətində olduğu bildirilir. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

24 2020 22:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə