Ən son xəbərlər
“Azərbaycan Artsax ərazilərini unutsa, daha yaxşıdır. Heç kim Bakıya heç nə verməyə hazırlaşmır”. Bu fikri erməni saytlarından birinə açıqlamasında Şuşanın işğalına rəhbərlik etmiş “meşə tülküsü” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan söyləyib.
“Ermənistan Qarabağın təhlükəsizliyinin qarantıdır. Bundan əlavə, Artsax Ermənistanın tərkib hissəsidir. Bakıda bunu çox yaxşı bilirlər və buna görə də Artsaxa qarşı hər hansı bir addımın Ermənistana qarşı bir addım olduğunu və bunun cavabsız qalmayacağını da anlayırlar” --deyə hədyanını davam etdirən Ter-Tadevosyan, əslində, işğalçı ölkənin baş naziri Nikol Paşinyanın son sərsəmləmələrindən ilhamlanıb. O, Qarabağda sülənən ermənilərin “danışıqlar prosesinə qayıtmalı və öz gələcək talelərinin həllində iştirak etməli” olduqlarını bildirib.
İşğalçı general Ermənistan və Azərbaycan rəhbərləri və xarici işlər nazirlərinin mütəmadi görüşlərini sülhü qorumaq üçün zəruri hesab edir, lakin yekun həllin perspektivləri baxımından faydasız olduğunu qeyd edir: “Bu görüşlərin yeganə nəticəsi təmas xəttində gərginliyin nisbi azalmasıdır. ATƏT-in Minsk Qrupu yalnız bu cür görüşləri təşkil etməkdən savayı iş görmək iqtidarında deyil. Əslində, vasitəçilik mandatı bundan artığını da ehtiva etmir”.
Görəsən, əli azərbaycanlıların qanına bulaşmış qatil erməni zabiti 2016-cı ilin aprelində baş verənlərin bütün cəbhə boyu bir də təkrarlanmayacağınımı düşünür? Belə yerdə deyiblər ki, dərə xəlvətdi, tülkü isə bəy. Xalqımızın Dağliq Qarabağdakı bu dərəbəyliyə son qoyacağı gün uzaqda deyil. A. Ter-Tadevosyanın rişxənd etdiyi ATƏT-in Minsk qrupu bu həqiqəti erməni işğalçılarına vaxtında və qəti şəkildə başa salsaydı, ermənilər işğalçılıq əməllərindən belə məsuliyyətsixliklə söz açmazdılar.
R.TAHİR,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə