Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Münxen Təhlükəsizlik Konfransında Paşinyanın tarixi saxtalaşdırmaq cəhdləri bu dəfə də baş tutmadı

Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Paşinyan arasında keçirilən debatda növbəti dəfə erməni rəhbərinin tarixi faktları saxtalaşdırması və böhtan xarakterli çıxışları ictimaiyyətin diqqətindən yayınmadı. Eyni zamanda, Prezident İlham Əliyevin tarixi faktlara, sağlam məntiqə əsaslanan diplomatik çıxışı Azərbaycanda və digər ölkələrdə, əsasən də Türkiyədə böyük qürurla qarşılandı. Erməni tarixçiləri və siyasətçiləri uydurma “böyük Ermənistan” haqqında danışanda nəzərdən qaçırmamalıdırlar ki, tarixi faktları nə qədər saxtalaşdırsalar da, həmin ərazilərdəki maddi və mənəvi mədəniyyət abidələrini nə qədər dağıntılara məruz qoysalar da, Ermənistan ərazisində və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki toponimlərin, eləcə də maddi mədəniyyət nümunələrinin – məscidlərin, alban kilsələrinin, qəbir abidələrinin çoxluğu bu ərazilərdə tarixən ermənilərin yaşamadıqlarını sübut edir. Bütün bunları nəzərə alaraq erməni separatçıları işğal etdikləri ərazilərdə, eləcə də Ermənistandan azərbaycanlıların öz doğma ata-baba yurdlarından qovulmasından sonra, ilk növbədə, bu abidələrin dağıdılması və yer adlarının dəyişdirilməsi ilə məşğul oldular. 

Məlumdur ki, maddi və mənəvi mədəniyyət nümunələri, toponimlər, eləcə də onların tarixi xronologiyası həmin ərazidə yaşayan xalqlar haqqında məlumat verir. Tarix yazılı mənbələrdə məqsədyönlü şəkildə saxtalaşdırıla bilər. Lakin yerin altında əsrlərlə qorunub saxlanmış tarix, eləcə də toponimlər saxtalaşdırıla bilməz. Erməni separatçılarının uydurma iddialarını təkzib edən yüzlərlə arxiv sənədləri və tədqiqat işləri var. Sözsüz ki, Ermənistan öz siyasi maraqlarından çıxış edərək minlərlə insanın müharibə nəticəsində öldürülməsinə, öz doğma yurdlarından didərgin düşmələrinə və digər faktlara məhəl qoymur. 
Odur ki, Münxen görüşündə dövlətimizin başçısının Paşinyana məntiqli və faktlara əsaslanan cavabı ilə əlaqədar bir neçə məsələyə diqqət yetirmək istərdik. Prezident İlham Əliyevin Paşinyanın Dağlıq Qarabağın mərkəzinin Stepan Şaumyanın adı ilə adlanması haqqında məntiqsiz iddiasına cavabında Şaumyanın bolşevik olduğunu və sovet hakimiyyəti illərində bu ərazinin onun adı ilə adlandırılmasını bildirərək demişdir: “Bugünkü Dağlıq Qarabağın qondarma paytaxtının adı onun adı ilə adlandırılıb. Sual olunur, əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisi idisə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki, paytaxtın adı Xankəndidir, yəni, xanın kəndi... Stepanakert – çünki, Şaumyanın adı Stepan idi... Stepanakert bolşevikin adı ilə adlandırılıb. Bu bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir tarixi erməni irsi yoxdur. Bu tarixi məsələ münaqişənin necə həll olunmalı olduğunu başa düşmək üçün çox mühümdür”. 
Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, yer adları həmin ərazilərin tarixini araşdırmaq üçün vacib mənbədir. Bu, eləcə də müasir Ermənistan ərazisindəki tarixi yer adlarına da şamil edilməlidir. Bunlardan bir neçəsi haqqında araşdırmaları diqqətinizə çatdırmaq istərdik.
İndiki Yerevan şəhərinin toponiminin qədim və ya müasir erməni dili ilə heç bir əlaqəsi olmadığı məlumdur. Bu fakt ermənilərin buranın qədim sakinləri olmadığını sübut edir. Belə ki, qәdim Urartu tarixinә şәrik çıxmağa çalışan ermәni tarixçilәri әsassız olaraq İrәvan şәhәrinin adının e.ә.VIII yüzillikdә Urartu çarı I Argiştinin (e.ә.786-764) dövründә salınmış Erebuni vә yaxud İrpuni qalasının adı ilә bağlamağa çalışırlar. Ermәni tarixçisi Yervand Şahәziz 1931-ci ildә İrәvanda çap etdirdiyi “Qәdim İrәvan” kitabında İrәvan toponimi ilә bağlı yazır: “İrәvan adının ermәnicә “yereval” (görünmәk –  red.) vә ya “yerevan qall” (aşkar olmaq, irәli gәlmәk) sözlәri ilә heç bir әlaqәsi yoxdur.”
Şәhәrin adı ilә bağlı elmi baxımdan qәbul edilәcәk, hәqiqәtә uyğun yeganә şәrh Moskva Arxeoloji Cәmiyyәtinin üzvü M.Nikolskinin verdiyi şәrhdir. Belә ki, 1893-cü ildә o, cәmiyyәtin tapşırığı ilә burada sәyahәtdә olmuş, o vaxta qәdәr tapılmış mixi xәtli yazıları tәdqiq etmişdir. M.Nikolskinin izahına görә İrәvan adı Yeriaini (Eriaini) ölkәsinin adından irәli gәlir. Onun da mәrkәzi vә ya baş şәhәri İrәvan olmuşdur. Bu Yeriaini ölkәsinin adı isә Urartu çarı I Rusa tәrәfindәn Göyçә (Sevan) gölü әtrafında zәbt etdiyi 23 ölkә sırasında olan, gölün sahilindә yerlәşәn “Kolan-qıran” (Otsaberd) adlanan kәndin yanında tapılmış yazıda hәkk olunmuşdur” (bax: G.Nəcəfli. İrәvan xanlığının paytaxtı – İrәvan şәhәri. Bakı, 2017). Mahmud Kaşğariyə istinad etsək: “İr (Yer)” qәdim türk sözü olub “yerin Günәşә baxan üzü”nә deyilirdi (Mahmud Kaşğari. Divanü lüğatittürk. c. IV. Bakı, 2006). Bәzi tәdqiqatçıların fikrincә, İrәvan toponimi türk dillәrindәki “ir” –“dağın gündüşәn tәrәfi” vә farsca “van” – “yer” sözlәrindәn ibarәtdir. İrәvan toponiminin qәdim türk teonimlәrindәn (ilahi adlar) törәnәn etnik adlar sırasına daxil edilmәsi vә onun qәdim türklәrin “İr” (“yer”) Tanrısı ilә eynilәşdirilmәsi fikri daha düzgündür (bax: İrәvan xanlığı. Rusiya işğalı vә ermәnilәrin Şimali Azәrbaycan torpaqlarına köçürülmәsi. Bakı, 2009).
İndiki Ermənistan ərazisində azərbaycanlıların yerli xalq olduğunu orada olan toponimlər də sübut edir. İrəvan xanlığının etnik tərkibinin türk ­tayfaları olduğunu İrəvan xanlığının ərazisindəki toponimlərdən, görkəmli etnoqraf-­tarixçi Qiyasəddin Qeybullayevin tədqiqatlarından, eləcə də, İ.Şopenin əsərlərində də görmək olar: Qaraqoyunlu (Gərnibasar mahalı), Türkmənli, Qarxun (Sərdarabad mahalı), Muğanlı (Şərur mahalı), Aralıx Kolanı (Karpibasar mahalı), Kolanı qırılan (Göyçə mahalı), Əmirli (Abaran mahalı) və s. tarixi mənbələr İrəvan xanlığının ərazisində Kolanı, Muğanlı, Bayat, Qaraqoyunlu, Ayrım və s. türk tayfalarının yaşadıqlarını sübut edir.
Qiyasəddin Qeybullayev “Qədim türklər və Ermənistan” adlı kitabında yazır: “İrəvan xanlığında 522 kənd vardı. Nəzərə alınmalıdır ki, bu kəndlərin siyahısı İrəvan xanlığının Rusiyaya birləşdirilməsindən əvvələ aiddir. Oxucu bu kəndlərin adlarına diqqət yetirsə, görər ki, adların hamısı türkcədir və şübhəsiz, əhalisi də azərbaycanlı idi. (bax: Qədim türklər və Ermənistan. B. : Azərnəşr, 1992).
1828-1830-cu illərdə ermənilərin İrandan və Türkiyədən gətirilməsi səbəbindən çox sayda azərbaycanlı kəndləri boşaldılmışdır. Bunlardan bəzilərinin adlarını diqqətinizə çatdırmaq istərdik: Qırxbulaq mahalında – Güllücə, Qara-Ceyran, Tacirabad, Bozaklı, Qaraqaya, Damcılı, Quli, Qız-Qala, Tez-Xarab, Babacur, Damagirməz, Dəlləkli, Kankan, Gög-Kilsə, Yaycı və s.; Zəngibasar mahalında – Həsənağa, Qaracalar, Ozanlar, Cəfərabad və s.; Qarnibasar mahalında – Məsimli, Kulahsız, Zöhrablı, Qurd kəndi, Şəfiabad, Qaqavus, Şəhriyar, Kərpicli, Abdullar, Xurbaqala-Sufla, Artuz, Yappa, Əli- Mərdan, Əli-Qaraqi, Əlicə, Qədirli, Adatli, Taraş-Göy, Əli-Qızıl, Bulaq başı, Tərəkəmələr və s.; Vedibasar mahalında – Reyhanlı, Şirazlı, Qaralar, Saray, Çat-Karan, Qarabağlar-Sufla, Qarabağlar-Uliya, Tallasavan, Şahablı, Zəncirli, Qızılverən, Zəmmi, Qazançi, Xosrov və s.; Şərur və Sürməli mahallarında – Qalacik, Fərhad arxı, Boşa qışlağı, Taşarx-ulya, Örtülü Məzrə, Şaban Məzrə, Qorçi-Bayat Mərzə, Yovşan- Məzrə, Dəngə-kənd (Dəmirçi qışlaq), Vəlican, Tallasavan, Çiraqlı, Sarı-Hasar və s.; – Dərəkənd-Parçenis mahalında – Qaraqoyunlu, Sürməli, Aşağı-Hüseyn, Qarabulaq, Qaraqala, Çaldaq, Qazı-Qaralı; Saadlı mahalında – Ağa-Kiçik, Məzarciq, Pirtikan, Qara-qala, Çax-çaxlı, Çal-təpə, Mustuklu, Güruh, Parakənd, Taşqala, Baburlu, Sadıqlı, Zərincə, Aşıq Dəmirçili, Sabunçular, Kiçik-Yataq, Ka Bəhlukəndi, Çök-Arçın; Sardarabad mahalında – Cəfərxan rəncbəri, Teymurxankəndi (Dövlətabad), Qatırabad (Abdulabad) və s.; Kərbibasar mahalında: Ağ-Dəmir, Qara-Qışlaq, İnəkli, Çobanya, Arpa-Havasıx, Qaçabaq, İlançalan və s.; Aparan mahalında – Qotur, Tez-Xarab, Şabanlı, Qoç-bulaq, Hin- Qəzənfər, Qarabulaq, Hamamlı, Qurd-Əli, Yancik, Günbəz, Bibitaq və s.; Göyçə mahalında – Buğda təpə, Üçtəpə, Kərimkəndi, Altuntaxt-Ulya, Altuntaxt-Sufla, Ayrıca, Abaş, Axsaq-Tavus, Karvansaray, Qızılkilsə, Büyükağa, Satan-Axnac, Karvansaray, Əyricə və sair və ilaxır. 
Bütün bu toponimlər götərir ki, indiki Ermənistan ərazisinin qədim sakinləri, sözsüz ki, haylar ola bilməzdilər. Müasir Ermənistandakı arxitektura abidələrinin müsəlman üslubunda olması da bu ərazilərdə tarixən azərbaycanlıların yaşadığına sübutdur. Məsələn, İrəvanda, Sərdarabadda, Gümrüdə və Talındakı qalalar, İrəvan xanının sarayı, karvansaraylar, Şəhər, Zal-xan, Şeyxül-İslam, Mehdi bəy, Hacı Bəyim, Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Həsənəli, Kərim bəy hamamları azərbaycanlıların həmin ərazilərdə tarixən yaratdıqları mədəniyyətin, milli-mənəvi dəyərlərin izləridir. 

 

Şəhla NURUZADƏ,
Bakı Slavyan Universiteti beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru

 

22 2020 23:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə