Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev Ermənistanın işğalçı dövlət olduğunu bu ölkənin baş nazirinə sübut etdi

Bir həftədən artıqdır ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Münxen Təhlükəsizlik ­Konfransındakı debatı geniş müzakirə olunur. Bundan əvvəl Ermənistan prezidentləri, baş nazirləri belə açıq diskussiyaya girməyə cəsarət etmirdilər və ona görə də debatlar baş tutmurdu. Fevralın 15-də Nikol Paşinyan özündə belə “cəsarət” tapdı və biabırçı vəziyyətə düşdü. Həmin debatda N.Paşinyanın gətirdiyi arqumentlərin çoxu yalan üzərində qurulmuşdu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini, tarixi obyektivliyi əks etdirmirdi. 

N.Paşinyanın pozuq ingiliscə dili topuq vura-vura söylədiyi “Böyük Tiqranın dövründə Cənubi Qafqazda və bütün dünyada Azərbaycan adlı ölkə olmayıb”, “Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın... yox üzr istəyirəm, Ermənistanın tərkib hissəsi olmasına qərar verdi”, “Qarabağ heç vaxt müstəqil Azərbaycan dövlətinin tərkib hissəsi olmayıb”, “Qarabağ Sovet İttifaqının formalaşması prosesi zamanı Azərbaycana verilib”, “Xocalıdakı təxribat Azərbaycan müxalifəti tərəfindən onu (Ayaz Mütəllibovu – İ.H.) hakimiyyətdən devirmək üçün təşkil olunub”, “Dağlıq Qarabağda Şaumyan adlı rayon var idi”, “Dağlıq Qarabağ öz müqəddəratını təyinetmə hüququndan yararlanmalıdır”, “Böyük Tiqranın dövründə bizim regionda yalnız iki millət var idi: ermənilər və gürcülər” kimi yalanlar, hədyanlar, tarixi həqiqətlə daban-dabana zidd olan sərsəmləmələr Ermənistan rəhbərini beynəlxalq auditoriya  qarşısında gülünc vəziyyətə saldı.

Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyevin ingiliscə səlis ifadə etdiyi dərin məntiqli, obyektiv faktlara əsaslanan və tarixi gerçəyi ortaya qoyan inandırıcı mülahizələri erməni baş naziri tərk-silah edib zavallı vəziyyətə saldı. Söylədiyi yalan və böhtanlara görə ifşa edilən düşmən ölkənin baş naziri açıq-aşkar salonda əyləşənlərin və debatı dünyanın hər yerində izləyənlərin gülüş hədəfinə çevrildi. Ziyalı soydaşlarımızdan birinin qeyd etdiyi kimi: “Prezident İlham Əliyevin qarşısında Paşinyan elə miskin, alçalmış vəziyyətə düşmüşdü ki, erməni olmasaydı, adamın ona yazığı gələrdi”.

Çox maraqlıdır ki, Paşinyanın bu vəziyyətə düşməsini erməni siyasətçilərin, deputatların, jurnalistlərin, siyasi analitiklərin özləri də çox kəskin tənqid edirlər. Erməni mediasından götürülmüş mülahizələrə nəzər salaq: “Paşinyan görüşə qoltuğunda kitab gəlmişdi”, “O, kiminlə debata girdiyini dərk etməmişdi”, “Paşinyan hazırlıqsız idi, o belə debata razılıq verməməli idi”, “Paşinyanın rüsvayçı hazırlıqsızlığı hətta onun tərəfdarları üçün də aydın oldu”, “Təəssüf ki, Paşinyanın sözləri təkcə Məmmədyarova yox, hər halda Münxen, Moskva, Vaşinqton, Parisdə və digər yerlərdə də gülüş doğurub”, “Onun dil bilməməsi bir yana, arqumentləri də zəif idi”, “Əliyev öz fikirlərində Paşinyana görə daha dəqiq və cəsarətli idi” və s.

Prezident İlham Əliyevin cəsarətli çıxışı, qətiyyətli mövqeyi, obyektiv fakt və hadisələrin ifadə etdiyi həqiqətləri yerli-yerində Paşinyanın üzünə çırpması, “Dağlıq Qarabağ Azərbaycandır” hökmünü bir neçə dəfə inam və qətiyyətlə səsləndirməsi, problemin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq qanunlar və BMT-nin 4 qətnaməsinin tələblərinə uyğun həll edilməsi, ermənilərin öz müqəddəratlarını artıq həll etmələri ilə bağlı mülahizələri, N.Paşinyanın yol verdiyi səhvləri dərhal düzəltməsi, problemin həlli yollarını dəqiq və aydın göstərməsi kimi məsələlər Paşinyanı, sanki, siyasi rinqdə nokauta saldı. Bütün bunlar Azərbaycan diplomatiyasının, İlham Əliyevin xarici siyasətinin Münxen uğurudur. Belə uğurlar ərazi bütövlüyümüzün bərpası istiqamətində ölkəmizin diplomatik səylərinin kəsərini artırır.

Debat zamanı N.Paşinyan Dağlıq Qarabağ problemindən Naxçıvana da keçid etdi: “Biz çox böyük erməni əhalisi olan Naxçıvan məsələsini də bilirik. O, Azərbaycanın muxtar respublikasıdır. Hazırda orada heç bir erməni yoxdur”. Ermənistanın açıq-gizli Naxçıvan iddiasını bu 3 yayğın və əsassız cümlədə ifadə edən erməni baş nazir Naxçıvanın Azərbaycanın ərazisi olduğunu söyləməklə özü-özünü inkar etmiş oldu.

Tarixi faktlar təsdiq edir ki, Naxçıvan, həqiqətən, qədim türk yurdudur. Min illərdir ki, burada Azərbaycan türkləri yaşayırlar, onlar bu ərazinin aborigen əhalisidir. Naxçıvan ərazisində eramızdan əvvəl kutilər, lullubilər, subirlər, turukkilər, maqlar, sonra bulqarlar, hunlar, peçeneqlər, kəngərlilər, xəzərlər və başqa türkdilli xalqlar yaşamışlar. ­Onların tarixi izləri Naxçıvanın yer adlarında bu gün də qalır. Türklər bu diyarda min illərlə yaşadığı vaxtlarda ermənilərin Qafqazda izi-tozu da yox idi.

Ermənilər Cənubi Qafqaza, əsasən, XV əsrin ortalarından qəsbkarlıq üçün – bənna, dülgər, xidmətçi, əkinçi, pinəçi və başqa bu kimi sahələrdə işləmək üçün təkəmseyrək halda gəlmişlər. Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövlətləri dövründə ermənilər hiylə və qılıq yolu ilə əldə etdikləri bəzi imtiyazlarla torpaqlar almış, məskunlaşmağa başlamışlar. Rəvanqulu xanın Şah İsmayıl Xətaiyə yazdığı məktubda ermənilərin bu ərazilərə gəlmələri, türklərlə ailə qurmaları narahat doğuracaq bir fakt kimi göstərilmişdir.

Bu başabəla toplumun Cənubi Qafqaza, eləcə də Dağlıq Qarabağa, İrəvana və Naxçıvan ərazisinə kütləvi köçləri 1804-1813, 1826-1829-cu il müharibələri dövründə olmuşdur. Rusiya İmperiyası Cənubi Qafqazı işğal etmək üçün ermənilərdən bir vasitə kimi istifadə etmişdir. Xain ermənilər isə gələcəkdə bu ərazilərdə dövlətlərini yaratmaq üçün ruslara yarınmışlar. Böyük dövlətlər həm də istəyirdilər ki, müsəlman dövlətləri ­arasında bir xristian ərazi yaradılsın. Ermənilərin Naxçıvan ərazisinə köçürülməsi də bu məqsəd üçün idi. Bu işi həyata keçirən isə milliyyətcə erməni olan polkovnik Lazerev olmuşdur. 1828–1830-cu illərdə İrandan 40 mindən çox, Türkiyədən isə 84 min erməni köçürülmüş və Naxçıvan ərazilərində yerləşdirilmişdir. Bu köçürmənin ideya rəhbəri olmuş A.Qriboyedov ermənilərin iç üzünü gördükdən sonra həmin siyasətin əleyhinə olmuşdur. İrandakı Rusiya səfiri kimi o, ermənilərin Rusiya ərazilərinə köçürülməsinə yol verməmək üçün çar I Nikolaya müraciət etmişdir.

Naxçıvan bölgəsinə ermənilərin köçürülməsi İ.Şopen və V.Qriqoryevin tədqiqatlarında öz əksini tapmışdır. Şopenin məlumatlarından aydın olur ki, İrandan Naxçıvana 2 min 137 ailə (10 min 652 nəfər), Türkiyədən isə 414 ailə (2 min 70 nəfər), Ordubad dairəsinə isə 250 ailə (1340 nəfər) köçürülmüşdür. Bütövlükdə, Naxçıvan bölgəsinə 2 min 551 ailə köçürülmüşdü. Ermənilərin Şimali Azərbaycana, eləcə də Naxçıvan ərazisinə köçürülməsini rus rəssamı Maşkov rəsm əsərində də təsvir etmişdir.

1918-ci ildə qədim Azərbaycan torpaqlarında – İrəvan xanlığının torpaqlarında yaradılan Ermənistan (Ararat) Respublikasının sahəsi 9 min kvadratkilometr idi. Sonradan Azərbaycan torpaqları hesabına Ermənistan ərazisini genişləndirərək 29,7 min kvadratkilometrə çatdırmışdır.

Dövlətlərini yaratmağa nail olan ermənilər həm bu ərazilərdəki azərbaycanlıları, həm də Şərur, Naxçıvan, Ordubad, Zəngəzurdakı azərbaycanlıları soyqırıma məruz qoymuşlar, yerli əhalini qovmağa, öldürməyə çalışmışlar. Belə olan halda Naxçıvanda aborigen olan azərbaycanlıların sayı azalmağa başlamışdır. Belə bir faktı qeyd edə bilərik ki, 1918–1919-cu illərdə Naxçıvanın 142 min yerli əhalisindən 38 faizi ya öldürülmüş, ya da qaçqına çevrilmişdir. Böyük dövlətlərdən maddi və hərbi yardım alan ermənilər, nəyin bahasına olsa da, Naxçıvanı özlərinə tabe etmək istəmişlər. Lakin yerli özünümüdafiə dəstələrinin inadlı mübarizəsi nəticəsində erməni quldur bandaları burada qərar tuta bilməmişlər. Bax N.Paşinyanı narahat edən də indi burada erməni əhalisinin olmamasıdır.

Ümumiyyətlə, erməni millətçi-separatçı ideologiyasının əsas təbliğatı Naxçıvanın Ermənistanın tarixi bölgələrindən biri olması barədə yalana tarixi don geydirmək istiqamətində aparılır. Həm də qeyd olunur ki, Ermənistan Respublikası yarananda, guya, Naxçıvan onun tərkibində olub. Lakin Naxçıvan ərazisi tarixin heç bir mərhələsində Ermənistanın tərkibində olmayıb. Bir sıra faktlar bunu rədd edir. Çünki bu ərazilərdə Ermənistan dövləti olmayıb. Ermənistanın ilk baş naziri O.Kaçaznuni 1923-cü ildə etiraf etmişdir ki, “Biz zor gücünə də olsa Şərur və Naxçıvanda hakimiyyətimizi qura bilmədik, qoşun yeritdik, kəndləri yandırdıq, əhali ilə qanlı qırğınlar törətdik, lakin qalib gələ bilmədik, məğlub olduq və geri qayıtdıq”. İkinci bir fakt isə odur ki, Ermənistan Respublikası 1920-ci il dekabrın 28-də Naxçıvanın müstəqilliyini tanıyıb və bununla əlaqədar bəyanat da verib.

1918-1920-ci illər mübarizəsində erməni millətçiləri bir neçə dəfə Azərbaycan tərəfinə bildirmişdi ki, əgər Azərbaycan Naxçıvan və Şəruru bizə verərsə, biz Zəngəzur və Qarabağ iddialarından əl çəkərik. Ermənilərin Zəngəzuru işğal etmələri Naxçıvanı ələ keçirmək yolunda ilk mərhələ idi. Onların əsas məqsədi Naxçıvanı tutmaq idi. 1921-ci ilin yanvarında Naxçıvanda keçirilən ümumxalq səsverməsi (əhalinin 90 faizindən çoxu Naxçıvanın Azərbaycanın tərkibində qalmasına səs vermişdi) və Moskva müqaviləsi ermənilərin arzularını gözündə qoydu. Artıq 100 ildir ki, ermənilər Naxçıvan xəyalları ilə yaşayır və qeyd olunan müqavilənin ləğv olunmasına çalışırlar. Əbəs yerə. Xülya və xəyallar erməni arzularını reallaşdıra bilməz.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda sərgilədiyi qətiyyətli mövqe, inamlı diplomatik gedişlər, beynəlxalq arenada Ermənistanın işğalçılıq siyasətinə endirdiyi ağır zərbələr bir daha göstərir ki, güclü və qüdrətli Azərbaycan dövləti pozulmuş ərazi bütövlüyünü tezliklə bərpa edəcək.

İsmayıl HACIYEV,
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

 

 

22 2020 23:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə