Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan–İtaliya münasibətlərində yeni mərhələ başlanır

Prezident İlham Əliyevin Romaya uğurlu səfəri ikitərəfli əlaqələrə müsbət təsirini göstərəcək

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya gerçəkləşdirdiyi dövlət səfəri uğurla başa çatdı. Səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirildi və ikitərəfli münasibətlərin daha da güclənməsinə təkan verəcək çox sayda sənədlər imzalandı. Ölkə başçımızın dövlət səfərinin Avropa İttifaqının üzvü olan İtaliya ilə münasibətlərə yeni dinamizm verəcəyi və daha böyük potensialları üzə çıxaracağı gözlənilir.

İtaliya “Böyük yeddilər”in (G7) və NATO-nun üzvü, iqtisadiyyatın inkişafına görə Avropanın dördüncü yerdə olan ölkəsi, Avropa Birliyinin təsisçi üzvlərindən biri kimi Azərbaycanla münasibətlərin hərtərəfli inkişafında maraqlıdır. Rəsmi Roma ölkəmizlə yalnız enerji sahəsində deyil, həmçinin digər sahələrdə, həm siyasi, həm mədəni sahələrdə olan əlaqələri inkişaf etdirmək istəyir. Prezident İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında İtaliya Prezidenti Sercio Mattarella ölkəsinin Azərbaycanla dost və regionda əsas tərəfdaşlar olduğunu vurğulayaraq bildirmişdir ki, Azərbaycan dialoqa çox açıq və bütün dünya tərəfindən görünən müasir bir ölkədir. Bundan başqa, İtaliya Prezidenti ölkələrimizin intensiv iqtisadi-ticari əlaqələrə malik olduğunu da xatırlatmış və çox böyük inkişafla irəli getdiyini diqqətə çatdırmışdır. Cənab Mattarella bildirmişdir ki, İtaliya müəssisələri Azərbaycana cəlb olunur, bir çoxları işləyir və bundan sonra digərləri də bu sahəyə cəlb olunacaqlar. 
Məlumdur ki, İtaliya Trans – Adriatik boru kəməri layihəsinə (TAP) dəstək göstərir. Azərbaycan da öz növbəsində italyan mallarına və texnologiyasına yüksək dəyər verir, neft-kimya, infrastruktur, tikinti, moda kimi digər sektorlar üzrə əməkdaşlıqda da geniş imkanlar mövcuddur və tərəflər bütün bu imkanlardan yararlanmağı düşünürlər. İtaliya Prezidenti mətbuata bəyanatında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı böyük roldan da danışaraq, əlavə etmişdir ki, Azərbaycan enerji sahəsində hər zaman hamı ilə əməkdaşlıq etməyə açıq bir ölkədir. Cənab Mattarella TAP layihəsi üzrə işlərin yekunlaşmaq üzrə olduğunu və bunun İtaliya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafına, həmçinin Xəzər dənizi və Aralıq dənizi regionlarında sabitliyin qorunmasına yardımçı olacağını nəzərə çatdırmışdır. 
Qeyd etmək yerinə düşər ki, rəsmi Bakının regional, eyni zamanda, qlobal təhlükəsizliyin təmin edilməsində oynadığı rolu yüksək qiymətləndirən İtaliya Azərbaycanla hərbi sahədə də fəal əməkdaşlıq etməyə hazırlaşır. Bununla bağlı Romada Azərbaycan – İtaliya biznes forumunda çıxışı zamanı Prezident İlham Əliyev bildirmişdir ki, İtaliya ilə Azərbaycan arasında hərbi sənaye sahəsində əməkdaşlığa start verilir. Xatırladaq ki, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində iki ölkə arasında “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “Leonardo S.p.A” arasında “M-346” təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı sazişə dair Bəyannamə” imzalanmışdır. Bu saziş, əlbəttə ki, NATO üzvü olan İtaliya ilə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafına öz müsbət təsirini göstərəcək.
Ümumiyyətlə, Azərbaycan ilə İtaliya arasında münasibətlərin tarixi çox qədimdir. İtaliya Azərbaycanın Avropada ən qədim dövrlərdən diplomatik əlaqələr saxladığı ölkələrdən biridir. Hələ orta əsrlərdə Səfəvilər sarayında Venesiya və Genuya respublikalarının daimi elçilərinin fəaliyyət göstərmələri barədə tarixi faktlar məlumdur. Ancaq 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında münasibətlərdə yeni səhifə ümummilli lider Heydər Əliyevin İtaliyaya gerçəkləşdirdiyi səfərdən sonra açılmışdı. Məhz həmin səfərdən sonra Azərbaycan – İtaliya münasibətlərinin hüquqi müqavilə bazası genişlənmiş və müxtəlif sahələrdə əməkdaşlıq inkişaf etməyə başlamışdı. Böyük siyasi xadim Heydər Əliyevin İtaliyaya səfəri nəticəsində ölkələr arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanmışdı.
Sonrakı dövrlərdə Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan – İtaliya münasibətləri tamamilə yeni səviyyəyə yüksəldi. Bunun nəticəsidir ki, bu gün Azərbaycan və İtaliya arasında münasibətlər yüksək səviyyədədir və strateji tərəfdaşlıq xarakteri daşıyır. Bunu Prezident İlham Əliyevin İtaliyaya çoxsaylı səfərləri, 2018-ci ildə Prezident Sercio Mattarellanın ölkəmizə səfəri təsdiqləyir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələr də humanitar sahədə əməkdaşlığımızın bariz nümunəsidir. 
Bundan başqa, iki ölkə arasında sıx iqtisadi əlaqələrin olması Azərbaycan – İtaliya münasibətlərinə müsbət təsir göstərir. Buna görə də, təsadüfi deyil ki, İtaliya bizim ən böyük ticarət tərəfdaşımız, Azərbaycan isə İtaliyanın ən böyük xam neft təchizatçısı və Cənubi Qafqazda italyan mallarının ən böyük idxalçısıdır. Azərbaycan bu gün Avropanın enerji xəritəsini dəyişmək iqtidarında olan azsaylı ölkələrdən biridir. Ölkəmizin təşəbbüsü ilə reallaşan enerji layihələri belə deməyə əsas verir. Azərbaycan “Köhnə dünya”ya həm də dəmir yolu vasitəsilə də yaxınlaşmağı hədəfləyir və Avropa ilə Asiyanı ən qısa yolla birləşdirən mühüm nəqliyyat qovşağı olan Bakı – Tbilisi – Qars dəmir yolu artıq fəaliyyətdədir. 
Azərbaycanın geniş nəqliyyat infrastrukturu və tranzit potensialın olması, təbii ki, rəsmi Romanı maraqlandırır və ona görə də, İtaliya şirkətləri Bakı – Tbilisi – Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlana, eləcə də Ələtdəki Xüsusi İqtisadi Zonada səmərəli fəaliyyət göstərə bilər. Statistikaya görə, ötən il ölkələr arasında ticarət dövriyyəsi 6 milyard dollara çatmışdır ki, bunun da böyük hissəsi neft sektorunun payına düşür. Ancaq tərəflər ticarət dövriyyəsinin şaxələndirilməsini planlaşdırırlar. Mütəxəssislərin sözlərinə görə, İtaliya şirkətlərinin Azərbaycanda həyata keçirilən investisiya layihələrində, sənaye parklarında və məhəllələrində, aqroparklarda, logistik mərkəzlərin yaradılmasında birgə iştirakı müsbət nəticələrə gətirib çıxara bilər.
Əlbəttə, Azərbaycan –İtaliya münasibətlərinin yüksək səviyyədə olması iki ölkə arasında iqtisadi-siyasi əlaqələrə öz müsbət təsirini göstərir. Prezident İlham Əliyev italyan həmkarı ilə görüşdən sonra mətbuata açıqlamasında İtaliya və Azərbaycanın bir-birinə çox yaxın dost ölkələr olduğunu vurğulayaraq, qarşılıqlı səfərlər çərçivəsində əldə olunmuş bütün razılaşmaların həyatda öz əksini tapdığını bildirmişdir. Ölkə başçımız xüsusilə strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni xatırlatmışdır. O, strateji tərəfdaşlığımızın gələcək istiqamətlərini müəyyənləşdirən bəyannamənin çox dərin və müfəssəl sənəd olduğunu diqqətə çatdırmış, sənədin həm siyasi, həm iqtisadi, mədəni, humanitar, bütün sahələri əhatə etdiyini vurğulamışdır. 
Prezident İlham Əliyev İtaliya və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməsi haqqında da müddəanın bəyannamədə əks olunduğunu bildirmiş və bunu da yaxın, dost ölkələr, müttəfiqlər arasında olan bir məsələ kimi qiymətləndirmişdir. İqtisadi sahədə əməkdaşlığımızın gələcək inkişafının çox müsbət olacağını vurğulayan Prezident İlham Əliyev əminliklə demişdir ki, bundan sonra tərəflər İtaliya şirkətlərinin qeyri-neft sektorunda əməkdaşlıq etmələrini görəcəklər. 
İtaliya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, hətta İtaliya Senatı münaqişəyə dair 2010-cu ildə “Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə” qəbul etmişdir. Həmin sənəddə ölkələrin ərazi bütövlüyü prinsipinə əməl olunması müddəası aydın şəkildə öz əksini tapmışdır. İtaliya Prezidenti mətbuata bəyanatında Dağlıq Qarabağla bağlı müəyyən bir sabit nəticənin əldə olunması haqqında danışıqlar apardığını bildirmiş və bu məsələyə İtaliyanın hər zaman dəstək olduğunu vurğulamışdır: “Biz ümid edirik ki, bu məsələ üzrə siyasi danışıqlar sayəsində qısa bir zamanda müəyyən nəticələr əldə olunacaq”. 
İtaliya Senatının üzvü Cianluka Ferrara da “Report”a açıqlamasında Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirmişdir ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasını, bu istiqamətdə ATƏT-in Minsk qrupunun fəaliyyətini tam dəstəkləyir. Bununla yanaşı, italyan senator vurğulamışdır ki, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri iki ölkə arasında münasibətlərin, o cümlədən nəzərdə tutulan layihələrin reallaşdırılması perspektivlərinin dinamikliyi üçün ciddi əsasdır. 

Təbii ki, tərəflər həm də humanitar-mədəniyyət sahəsində də sıx əməkdaşlıq etməyi düşünürlər. Xüsusilə də Heydər Əliyev Fondu Azərbaycan və İtaliya arasında mədəniyyət əlaqələrinin daha da güclənməsində böyük rol oynayır. Şübhəsiz, 2020-ci ilin İtaliyada “Azərbaycan mədəniyyəti ili” elan olunmasından sonra ölkələr arasında humanitar-mədəni əlaqələr daha da güclənəcək. Cənab Mattarellanın dediyi kimi, “Bu, bizim əlaqələrimizi, dostluğumuzu, əməkdaşlığımızı artırmağa kömək edəcək və iki ölkə arasında münasibətləri daha da intensivləşdirəcək”. 
Qeyd etmək lazımdır ki, 
Romada Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərəcək. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olmuşlar. Binada yüksək səviyyədə təmir-bərpa işlərinin aparılması planlaşdırılır. Mərkəzin fəaliyyətə başlaması, əlbəttə ki, Azərbaycan mədəniyyətinin İtaliyada daha sistemli və əhatəli təbliğinə imkan yaratmaqla yanaşı, Azərbaycan – İtaliya mədəniyyət münasibətlərində yeni səhifənin açılmasına da öz müsbət təsirini göstərəcək.
Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri ölkələr arasında münasibətlərin inkişafına və daha da möhkəmlənməsinə güclü təkan verəcək. Tərəflər arasında qarşılıqlı-faydalı əməkdaşlığın mövcudluğu, eyni zamanda, bir çox sahələrdə intensiv əlaqələrin inkişafı Azərbaycan – İtaliya münasibətlərinin xarakterinə müsbət təsir göstərir. Ən əsası, səfər zamanı 25-dən çox sənədin imzalanması, xüsusilə də “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanması iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlanmasına start verəcək. 

 

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

 

 

22 2020 23:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə