Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xocalıya ədalət!” kampaniyası Heydər Əliyev Fondunun prioriteti kimi

Azərbaycan dövlətinin və onun siyasətinin humanist məramlarını özündə ehtiva edən Heydər Əliyev Fondunun prioriteti olan “Xocalıya ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası humanitar hərəkatların avanqardı kimi, müasir dünyada ədalət və həqiqətin dayağı olmaq missiyasını həyata keçirənlərin sırasında layiqli yer tutur. 2008-ci il mayın 8-də Şuşanın işğalının ildönümü günü Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər ­Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan “Xocalıya ədalət!” kampaniyası hazırda 80-dən artıq ölkədə yüzlərlə ­könüllünün iştirakı ilə uğurla davam etdirilir. 

Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin dünya birliyində ifşası yönündə Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biri kimi yaradılan “Xocalıya ədalət!” strateji modeli Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında, kütləvi qırğın aktına hüquqi-siyasi qiymətin verilməsində əhəmiyyətli rol oynayır. Məhz, sözügedən beynəlxalq kampaniyanın sistemli fəaliyyətinin nəticəsi olaraq, bu gün dünya dövlətləri əvvəlki illərdən fərqli olaraq erməni qəsbkarlarının insanlığa sığmayan qətilləri haqqında daha dolğun məlumatlandırılır. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları, aparıcı dövlətləri bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini getdikcə daha çox anlayır, qətliamı kəskin şəkildə pisləyir, təcavüzkarla təcavüzə məruz qalanı tanıyırlar.
Aparılan məqsədyönlü tədbirlər nəticəsində Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Bosniya və Herseqovina dövlətlərinin parlamentləri, eləcə də ABŞ-ın bir sıra ştatları bu qətliamı soyqırımı aktı kimi tanımış və bu barədə xüsusi qətnamə qəbul etmişlər. Artıq dünyanın iri şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr ucaldılır, küçə və parklara Xocalı adı verilir. Görülən məqsədyönlü və səmərəli işlər nəticəsində “Xocalıya ədalət!”in miqyası hər il durmadan genişlənir, bu istiqamətdə aparılan fəaliyyət öz nəticələrini verir. Bütün bunlar “Xocalıya ədalət!”in xalqın mövqeyini əks etdirən qeyri-rəsmi diplomatiya – xalq diplomatiyası olduğunu deməyə əsas verir. Bu diplomatiya dövlətimizin xarici siyasətini əks etdirməklə Ermənistan – Azərbaycan münaqişəsinin demokratik yolla həllində olduqca əhəmiyyətlidir.
“Xocalıya ədalət!” kampaniyası Azərbaycan xalqının mübarizlik ruhunu sındırmaq istəyənlərə, Qafqazda müstəqil və güclü bir türk dövlətinin mövcudluğunu gözügötürməyənlərə, erməni terrorçuluğuna və təcavüzünə qarşı hazırlanmış çoxspektrli informasiya mübarizəsi, insanlıq dəyərlərinə ehtiram bəsləyən humanist taktika, eyni zamanda, yeni diplomatik cəbhədir. Bu ideyanın fəlsəfəsi ondan ibarətdir ki, millətin azadlığı və bütövlüyü onun mübarizə ruhundadır. Hər ildönümündə Xocalı qurbanlarına göz yaşı töküb onları yad etməklə dünya bizi eşidən, göz yaşımızı silən deyil. Özünə qapanıb ağlamaq millətin mübarizliyini öldürür, əzmini sarsıdır. Sadəcə, ağlamaq deyil, dərdimizə, faciəmizə, məruz qaldığımız haqsızlıqlara dünyanı tarixi faktlarla inandırmaq gərəkdir. Xocalı həqiqətlərini, haqq səsimizi dünyaya yaymaq, eşitməyən qulaqlara hayqırmaq gərəkdir: biz dünya ictimaiyyətindən yalnız cinayətkarlara cəza, Xocalıya ədalət istəyirik. Bu mübarizədə millət olaraq bizim silahımız yalnız tarixi həqiqətlər, danılmaz faktlar və onları beynəlxalq birliyə funksional səviyyədə qəbul etdirmək əzmimizdir. Erməni cinayətini, qəddarlığını, vəhşiliyini ifşa edən və Xocalı həqiqətinin bətnindən doğan doğru sözün, düzgün mövqeyin qüdrətini biz son altı ilin nəticələri ilə gördük. 
Dünyanın bir sıra dövlətləri ilə əməkdaşlıq, Azərbaycan xalqının işğala məruz qalması ilə bağlı faktların beynəlxalq aləmə çatdırılması ilə beynəlxalq ictimai rəyi formalaşdırmaq, xarici auditoriyanı məlumatlandırmaq və beləliklə də, Azərbaycanın xarici siyasətinin prioriteti olan Dağlıq Qarabağ probleminin həlli, Xocalı soyqırımına hüquqi, siyasi, mənəvi qiymətin verilməsi istiqamətində fəaliyyət göstərmək “Xocalıya ədalət!” xalq diplomatiyasının strategiyasıdır. 
Xalq diplomatiyası milli maraqları, dövlətin xarici siyasətini özündə ehtiva etməklə yanaşı, xalqlar arasındakı qarşılıqlı anlaşmanı və mədəni zənginləşməni ifadə edir. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində təşkil olunan aksiyalar, tədbirlər planı bu fikri bir daha təsdiq edir. Dünyanın müxtəlif şəhərlərində Xocalı soyqırımı mövzusunda keçirilən elmi-praktik konfranslar, xatirə gecələri, “Xocalıya ədalət!” informasiya veb-saytının təqdimatı ilə əlaqədar genişmiqyaslı aksiyalar, “Uşaqlar və müharibə” mövzusunda müxtəlif rəsm sərgiləri, fotosərgilər Azərbaycan xalqı ilə dünya xalqları arasında mədəni, mənəvi körpü yaradır. Eyni zamanda, incəsənətin, mədəniyyətin dili ilə Xocalı soyqırımı beynəlxalq ictimaiyyətə çatdırılır. Bu tədbirlərin digər aspekti kimi, tanınmış rus yazıçısı, professor Yuri Pompeyevin “Qarabağ gündəliyi”, Robert Arakelovun “erməni ziyalısının etirafı” kitabları, “Qafqazda sülh” beynəlxalq layihəsi çərçivəsində Avropa kinematoqrafçılarının birgə istehsalı olan “Sonu olmayan dəhliz” adlı sənədli filmi, “Xocalı. 22 il. 10 hekayə, bunlar gerçək ola bilərdi” əsəri böyük əhəmiyyət kəsb edir. 
İnformasiya cəmiyyətinin formalaşdığı qloballaşma, modernləşmə dövründə xalq diplomatiyasının çox geniş yayılmış formalarından biri kimi çıxış edən sosial şəbəkələr- Facebook, Tvitter və s. kütləvi kommunikasiyanı, informasiya və təbliğatı təmin edir. Digər tərəfdən, rəsmi diplomatiyadan fərqli olaraq, xalq diplomatiyasında iştirakçıların sayi qeyri-məhdud olur. Kütləvi diplomatiyada Vətənə sadiq, milli maraqları təmsil edən şəxslərin sosial statusu da müxtəlifdir. Bu baxımdan, xalq diplomatiyası olaraq xarakterizə etdiyimiz “Xocalıya ədalət!” kampaniyasının fəaliyyətinin əsas istiqamətlərindən biri Xocalı soyqırımının, Qarabağ həqiqətlərinin internet resursları, sosial şəbəkələr vasitəsilə işıqlandırılması, dünyaya çatdırılmasıdır. Facebook səhifəsində “Ədalət naminə dostunu işarələ” qlobal aksiyası, Koreya dilində Xocalı haqqında saytın yaradılması, “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının xətti ilə “Khojaly genoside” adlı internet və Facebook səhifəsi dünya ictimaiyyətini bu faciə barədə məlumatlandırmağa xidmət edir. 
Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində azərbaycanlı gənclərin iştirak etdiyi bir sıra milli təşkilatlarla səmərəli əməkdaşlıq edən kampaniya xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması, “İrəli” İctimai Birliyi internet resurslarında-sosial şəbəkələrdə təbliğat kampaniyasını həyata keçirir. Həmin kampaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı gənclərin maarifləndirilməsi və dünya ictimaiyyətinə informasiya ötürmək məqsədilə dünyanın əksər ölkələrinin təşkilatlarına, rəsmi qurumlarına, qərarverici şəxslərinə elektron məktublar yazılmış, yerli və beynəlxalq elek­tron şəbəkələrdə “History of Tragedy” videoçarx və soyqırımla bağlı digər audio-video materiallar yerləşdirilmişdir. Dünyanın 30-a yaxın universitetində keçirilmiş “flash-move” aksiyasında isə azərbaycanlı tələbələrlə yanaşı, əcnəbi gənclərin də iştirak etməsi, dünyanın müxtəlif ölkələrindən olan 125 mindən çox insanın kampaniyaya qoşulması “Xocalıya ədalət!”in planetimizdə işğala, soyqırımına, ikili standartlara qarşı yönələn, ümumbəşəri dəyərləri stimullaşdıran humanist, kütləvi diplomatiya olduğunu göstərir. 
 “Xocalıya ədalət!” kampaniyasının xalq diplomatiyası olmasına əsas verən digər önəmli faktor beynəlxalq təşkilatların üzvü olan şəxslərin kampaniyada iştirakının təmin edilməsidir. Qeyd etmək lazımdır ki, bu günədək kampaniyaya dünyanın 125-dən çox təşkilatı qoşulmuşdur. Xocalı faciəsinə beynəlxalq aləm tərəfindən ədalətli siyasi- hüquqi qiymətin verilməsi baxımından böyük əhəmiyyət kəsb edən, Avropa Parlamentinin müxtəlif ölkələrindən olan deputatlarının, nümayəndələrinin də iştirakı ilə reallaşan beynəlxalq konfranslar artıq ənənə halını almış, əhatə dairəsi, coğrafiyası genişlənmişdir. 
“Xocalıya ədalət!” layihəsi çərçivəsində aparılan ardıcıl və məqsədyönlü tədbirlər silsiləsi göstərir ki, kampaniya dövlət siyasətinin böyük əhəmiyyət kəsb edən strateji mərhələlərindən biri kimi, Xocalı soyqırımına, Qarabağ həqiqətlərinə dünya ictimaiyyəti tərəfindən hüquqi, siyasi və mənəvi qiymətin verilməsi, eyni zamanda, Ermənistan–Azərbaycan münaqişəsinin həlli istiqamətində uğurla davam etdirilən alternativ siyasətdir. Bu kampaniyaya getdikcə daha çox insanın qoşulması, “Xocalıya ədalət!”in fəaliyyətinin səmərəli nəticələri onun genişlənərək xalqın və dövlətin maraqlarını müdafiə edən, ümumən dünyada soyqırımı, terror, işğala qarşı təbliğat aparan, humanist xalq diplomatiyası olduğunu deməyə əsas verir. 

 

Leyla Rəşid,
Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü, Bakı Dövlət Universitetinin doktorantı

 

22 2020 23:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə