Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı soyqırımı: beynəlxalq hüquq və ədalətsizlik

Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı xalqımıza qarşı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq apardıqları düşmənçilik siyasətinin nəticəsidir. Son iki əsr boyu azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqın və ya məcburi köçkünə çevriliblər. Bütün bunlar isə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla, qanla müşayiət olunur. Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı aktının üzərindən artıq 28 il keçir. 1992-ci il fevralın 25-dən ­26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt etdi, Azərbaycan xalqına qarşı soyqırımı törətdi. 

Soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirildi, 1275 nəfər əsir götürüldü. Onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi hələ də məlum deyil. Eyni zamanda, Xocalı soyqırımı zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirdi. Eyni zamanda, Xocalı şəhərinin işğal edilməsi ilə Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vuruldu. 
 Bu gün qarşımızda duran əsas vəzifə Xocalı soyqırımının dünyada tanıdılması və ümumilikdə, bəşəriyyətə qarşı yönəlmiş bu cinayətə hüquqi qiymət vermək, ədaləti bərpa etməkdir. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımlarını pisləyir, onların yolverilməz olduğunu bildirir. Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” Konvensiyasını rəhbər tutaraq, Ermənistana qarşı BMT-nin Beynəlxalq Məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunub. Təəssüf ki, həmin qətnamələrin icrası bu günədək həyata keçirilməyib. 
Xocalı soyqırımının dünyada tanıdılması, ölkələr və beynəlxalq təşkilatlar tərəfindən buna hüquqi qiymətin verilməsi bu gün qarşımızda duran əsas vəzifədir. 
Ali Baş Komandanımız İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla bu yaxınlarda Münxen Təhlükəsizlik Konfransında apardığı debatda ermənilərin iç üzünü və niyyətini dünyaya bir daha göstərdi. Möhtərəm Prezidentimiz çıxışında ermənilər tərəfindən dinc Xocalı sakinlərinə qarşı törədilən qətliam haqqında məlumat verərək, dünyanın 10-dan çox ölkəsinin bu soyqırımı tanıdığını bildirdi. Ölkə başçımızın irəli sürdüyü əsaslı dəlillər qarşısında susan və çaşqınlıq içərisində qalan Ermənistan baş naziri özü belə anlamadan işğalçı niyyətlərini etiraf etdi. Türk xalqlarının tarixini mükəmməl bilən dövlət başçımız bütün dünyaya erməni millətinin Qafqazda tarixi irsinin olmadığını əsaslı şəkildə sübut etdi. Prezidentimizin çıxışı bütün azərbaycanlılarla yanaşı, dünya mətbuatının, o cümlədən Almaniya, Fransa, Rusiya, Türkiyə mediasının gündəminə çevrildi. 
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını burada xüsusilə qeyd etmək vacibdir. Kampaniya bir çox ölkələrdə aktiv şəkildə fəaliyyət göstərir. Hazırda 100 mindən çox insan və 115 təşkilat bu fəaliyyəti dəstəkləyir. Sözügedən kampaniya çərçivəsində xaricdə keçirilən tədbirlərə həmin ölkələrin ictimai-siyasi xadimləri dəvət edilir və soyqırımının reallıqları barədə onlara geniş məlumat verilir. Bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar təşkil olunub, kitablar nəşr edilib və filmlər çəkilib.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Ukraynadakı səfirliyinin və soydaşlarımızın birgə təşəbbüsü ilə bu ilin fevral ayı Ukraynada “Xocalı ayı” elan edilib. Beləliklə, ay ərzində Ukraynanın bütün vilayətlərində Xocalı soyqırımı ilə bağlı etiraz aksiyaları, anım tədbirləri keçiriləcək.
Aparılan işlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində öz əksini tapır. Dünyanın 13 ölkəsi və ABŞ-ın 22 ştatı parlament səviyyəsində, eləcə də 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb. Bununla yanaşı, Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinə qarşı amansız qətliamını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib.
Xocalı faciəsinin dünyada tanıdılması ilə bağlı uzun illərdir ki, Azərbaycan qədər qardaş Türkiyə də ciddi səylər göstərir. 2012-ci ildə Türkiyənin İstanbul şəhərində 60 min insanın iştirak etdiyi böyük yürüş oldu. Ötən ay Türkiyənin İqdır bölgəsindəki məktəblilər arasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş hekayə, şeir, bədii kompozisiya və rəsm müsabiqəsi elan olunub. Əsas məqsəd məktəblərdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticələrini, eləcə də təcavüzkar dövlətin Türkiyəyə qarşı əsassız iddialara aid həqiqətləri gənc nəslə çatdırmaqdır. 
Ankarada tikintisi başlanan Xocalı soyqırımı parkı və abidə kompleksi Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi ilə Ankaradakı Yıldırım Bəyazid Universiteti arasında imzalanmış anlaşmaya əsasən universitet ərazisində fəaliyyət göstərəcək. Kompleksdə Xocalı şəhidlərinin adlarının əks olunduğu qranit ulduzlar olacaq, həmçinin 16 türk ölkəsinin bayraqları dalğalanacaq. Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 24-dən 26-dək İstanbul Şəhər Metrosunun “Yenikapı” stansiyasında fotosərgi təşkil ediləcək. Digər bir sərgi isə Türkiyənin Biruni Universitetində açılacaq. Sərgilərdə Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillər nümayiş olunacaq.
Bundan əlavə, ötən ilin fevralında Türkiyənin müxtəlif ali məktəblərində çalışan 100 professor və dosent Xocalı faciəsini qınama bəyanatı adlı sənəd imzalayıblar. 
Bu insanlıq faciəsinin dünyaya daha geniş tanıdılması yönündə aparılan işlər getdikcə güclənir. Unutmamalıyıq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, o cümlədən Xocalı soyqırımını törədib. İnanırıq ki, möhtərəm Prezidentimizin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Xocalıya hüquqi ədalət qazandıra və işğal altında olan ata-baba torpaqlarımızı azad edə biləcəyik. 

 

Aysel KİŞİYEVA, 
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı

 

22 2020 23:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə