Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şirvan: Yolun aydın olsun, “İşıq şəhəri”!

Şirvan bu gün ölkəmizin ən abad, yaraşıqlı şəhərlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla aparılan islahatlar “İşıq şəhəri”ndə də müsbət əks-səda, geniş rezonans doğurub. Görünən budur ki, şəhərin yeni rəhbərliyi Şirvanın bütün kollektivlərini dövlət başçısının qarşıya qoyduğu mühüm vəzifələrin həllinə səfərbər etməyə çalışır. Hamı başa düşür ki, məqsəd doğma Şirvanın adını, şöhrətini daha da ucaltmaq, əhalinin güzəranını yaxşılaşdırmaqdır. 

 

Son vaxtlar Şirvanda görülən müsbət işlərin xoş sorağı hər yerə yayılır. Görünür, elə buna görə mən, eləcə də başqa jurnalist dostlarım bu şəhərə tez-tez baş çəkməyə başlamışıq. Nə gizlədim, hər dəfə burada gördüyüm yeniliklər, uğurlar bizi çox sevindirir.

Burada ünsiyyətdə olduğum hər kəs – yerli və təcrübəli sahibkarlar şəhərdə biznes mühitinin yaxşılaşmasından, pensiyaçılar müavinətlərinin artmasından, gənclər, Qarabağ müharibəsi veteranları, şəhid və məcburi köçkün ailələri onlara göstərilən dövlət qayğısının yüksəlməsindən ürəkdolusu razılıq edirlər.

 

Şirvanlılar dövlət başçısının siyasətini dəstəkləyirlər

 

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla səmimi söhbətimiz oldu. O, Şirvanda böyük işlər görmək arzusunda olduğunu dedi. Əslində, bunun üçün hər cür imkan və şəraitin olduğunu qeyd etdi:

– Şirvan sakinləri çox işgüzar və səmimi insanlardır. Hər bir işə, tapşırığa məsuliyyətlə yanaşırlar. İnanıram ki, burada çox iş görmək mümkün olacaq!

İlqar müəllim bildirdi ki, Azərbaycanın hər bir şəhərinin, bölgəsinin sakinləri kimi, şirvanlılar da Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin xalqımızın parlaq gələcəyinə xidmət edən müdrik daxili və xarici siyasətini birmənalı olaraq dəstəkləyirlər. ŞİH baçısının sözlərinə görə, cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində, əvvəlki illərdə olduğu kimi, ötən il də Şirvan şəhərində də xeyli işlər görülmüş, şəhərin sosial-iqtisadi inkişafı sürətlənmişdir.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanı yüksək inkişaf və tərəqqi edən bir dövlət kimi görmək arzusunda idi. Dahi siyasətçinin xalqımızın, dövlətimizin gələcəyi ilə bağlı böyük arzu və ideyaları artıq gerçəkliyə çevrilmişdir. Bəli, artıq danılmaz həqiqətdir ki, bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilmişdir.

Təsadüfi deyil ki, hazırda Şirvan Şəhər İcra Hakimiyyətinin apardığı ictimai-siyasi və ideoloji işin ana xəttini müstəqil dövlətimizin qurucusu, dahi siyasətçi Heydər Əliyevin zəngin siyasi, elmi-nəzəri irsinin, idarəetmə fəlsəfəsinin öyrənilib təbliğ edilməsi təşkil edir. Bu məqsədlə Şirvan Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən təbliğat qrupu Heydər Əliyev Mərkəzində, yerlərdə mütəmadi görüşlər keçirir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətini, fərman və sərəncamlarını, paytaxtda və regionlarda əldə olunan nailiyyətləri, sosial-iqtisadi inkişafı geniş təbliğ edir.

Şəhər icra hakimiyyəti rəhbərinin sözlərinə görə, “İşıq şəhəri”nin yaxın gələcəyi daha aydın və parlaq olacaq. Burada dövlətimizin, eləcə də Heydər Əliyev Fondunun hərtərəfli dəstəyi ilə bir çox mühüm layihə və planların icrası nəzərdə tutulub. İlqar müəllimi dinləyərkən, özümdən ixtiyarsız dilləndim: “Yolun aydın olsun, “İşıq şəhəri!”. Həmsöhbətimin üzünə təbəssüm qondu və ürəkdolusu “İnşaallah, məhz belə olacaq!” – dedi.

 

Sənaye istehsalı artır

 

Bu məqamda bir sıra fakt və rəqəmləri oxucuların diqqətinə çatdırmağa ehtiyac duyuram. Belə ki, Şirvanda 2019-cu il ərzində ümumi məhsul buraxılışı keçən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz artaraq 876 milyon 876,8 min manat olmuşdur.

Ümumi məhsul buraxılışında 57,6 faiz xüsusi çəkiyə malik olan sənaye sahələrində məhsul istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artaraq, 505 milyon 489,4 min manat olmuşdur. Digər sahələrin ümumi məhsulda payı 42,4 faiz təşkil etmişdir.

Sənaye məhsullarının 34,3 faizi mədənçıxarma, 17,1 faizi emal, 47,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı sahəsində, 0,7 faizi isə su təchizatı sahəsində istehsal olmuşdur.

Şəhər iqtisadiyyatının dinamik inkişafı əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına, o cümlədən alıcılıq qabiliyyətinin artmasına səbəb olmuşdur. 2019-cu ildə ticarət və xidmət şəbəkələri tərəfindən əhaliyə 361 milyon 413,8 min manatlıq müxtəlif çeşiddə istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir. Bu da 2018-ci illə müqayisədə 7,3 faiz çoxdur. Şirvan şəhərində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 501,2 manat təşkil etmişdir. Bu da 2018-ci illə müqayisədə 12,5 faiz çoxdur.

Burada fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Telemexanika” və “Araz” zavodlarında yeni istehsal sahələrinin yaradılması davam etdirilir. “Şirvan Araz zavodu”nda 2 yeni müdafiə təyinatlı istehsal sahəsi istismara hazır vəziyyətə gətirilmişdir.

Yuxarıda qeyd etdiyim bu fakt və rəqəmlər, əlbəttə, bu sahədə çalışan əmək kollektivlərinin gərgin, səmərəli əməyindən xəbər verir. Lakin şəhərin yeni rəhbərliyi ən yaxın gələcəkdə Şirvan üçün həm ənənəvi, həm də yeni istehsal sahələrində daha parlaq uğurlar əldə etmək əzmindədir. Bunun üçün də şəhərdə istehsalı təşviq etmək üçün bütün dəyərli təşəbbüslər dəstəklənir.

Şirvanda yaxından tanış olduğum iş adamlarından biri dedi ki, bu gün şəhərdə yeni iş qurmaq istəyən hər kəs üçün yollar açıqdır: “Təki istək və real planlar olsun! Sizə şəhər rəhbərliyi, aidiyyəti icra strukturları hər cür dəstək verəcək!”

 

Tikinti-quruculuq işləri yeni vüsət alır

 

 Son aylar ərzində Şirvan şəhərində aparılan tikinti-quruculuq və abadlıq işlərinin miqyası və sürəti, həqiqətən, adamı heyrətə gətirir. Özü də bu işlər böyük zövqlə, səliqə ilə görülür. Yadımdadır, ötən ilin payız günlərindən birində şəhərdə xüsusi canlanma hiss olunurdu. Belə ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “650 min ədəd ağac əkək!” aksiyasına şirvanlılar da həvəslə qoşulmuşdular. Həmin gün şəhərin Heydər Əliyev prospekti və Naxçıvan küçəsinin hər iki tərəfində, ümumilikdə, 12 min 30 ədəd ağac, 19 min 250 ədəd müxtəlif növ gül kolları əkildi.

Bu xeyirxah işə hər kəs öz töhfəsini verməyə çalışırdı. Şəhərin hörmətli ağsaqqallarından birinin sözü heç yadımdan çıxmır:

– Şirvanlılar bu xeyirxah təşəbbüsü irəli sürən Mehriban xanıma daim minnətdar olacaqlar. Belə getsə, Şirvan, Muğan, Naxçıvan, bir sözlə, bütün Azərbaycan bağlar, parklar, gözəlliklər məkanına çevriləcək!

Bu gün Şirvan küçə-küçə, məhəllə-məhəllə abadlaşaraq dəyişir, gözəlləşir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində ŞİH tərəfindən T.İsmayılov küçəsi 5 və 19 saylı yaşayış binalarının həyətləri abadlaşdırılmış, yeni nümunəvi məhəllə salınmışdır.

Azərbaycan Respublikası Prezidentinin 4 fevral 2019-cu il tarixli sərəncamı ilə ayrılmış vəsait hesabına Şirvan şəhərində 32 çoxmənzilli binanın dam örtüklərinin təmiri işləri başa çatdırılmışdır. Şəhərin 18 küçəsində təmir işləri aparılmış, ümumilikdə, 49 min 162 kvadratmetr asfalt-beton örtük vurulmuşdur. Bundan başqa, Naxçıvan küçəsində Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı üçün ikimərtəbəli yeni inzibati binanın tikintisi tamamlanmış, avadanlıq və inventarla təchiz olunmuşdur.

Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə Şirvan şəhəri ərazisində müvəqqəti məskunlaşmış 685 məcburi köçkün ailəsi üçün zəruri sosial texniki infrastrukturu olan yeni yaşayış kompleksinin tikintisi tamamlanmış və ailələrin mənzillərə köçürülmə işlərinə başlanmışdır.

Dövlət proqramına uyğun olaraq 5 nömrəli şəhər ümumi orta məktəbi üçün 432 şagird yerlik yeni bina tikilib istifadəyə verilmişdir. 18 nömrəli təbiət, humanitar təmayüllü məktəb-liseyin idman zalı əsaslı təmir olunmuşdur.

Şirvanda əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunmasına, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulmasına diqqət artırılmışdır.

 

Təhsil, səhiyyə və mədəniyyətə qayğı

 

Azərbaycan dövlətinin siyasətinin prioritetlərindən biri ölkəmizdə məhz təhsilin, elmin davamlı inkişafını təmin etməkdir. Sevindirici haldır ki, Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır.

Şəhər təhsil şöbəsi tərəfindən təlimin keyfiyyətinin, şagirdlərin davamiyyətinin, habelə, tədrisin səmərəliliyinin, müəllimlərin bilik, bacarıq və vərdişlərinin artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilmişdir. Belə ki, “İTE – Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzinin təşkilatçılığı ilə şəhər 11 və 20 nömrəli tam orta məktəblərdə 75 müəllim üçün təlim prosesində İKT-nin tətbiqinə dair təlim kurslarına start verilmişdir.

2019-cu ildə şəhərin ümumtəhsil məktəblərinin 559 məzunu ali məktəblərə sənəd vermiş, onlardan 314 nəfəri ali məktəblərə, 77 nəfəri isə orta ixtisas, 140 nəfəri isə peşə təhsili müəssisələrinə qəbul olunmuşdur. Abituriyentlərdən 31 nəfəri 500-dən, 19 nəfəri 600-dən yuxarı bal toplamışlar.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə pedaqoji fəaliyyətlərindəki uğurlara görə şəhər 13 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Əsmər Hacıyeva “Əməkdar müəllim” fəxri adına, 16 nömrəli tam orta məktəbin biologiya müəllimi Rəqibə Mənəfova “Tərəqqi” medalına, şəhər 2 nömrəli tam orta məktəbin direktoru Əminə Əliyeva “AXC-nin 100 illiyi” yubiley medalına layiq görülmüşdür.

Səhiyyə müəssisələrində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə bir sıra işlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, şəhərin Mərkəzi Xəstəxanasında 18 yaşından yuxarı 55 min 350 vətəndaş ümumi profilaktik müayinə olunmuş, 4 min 728 nəfər ambulator, 569 nəfər stasionar müalicəyə cəlb olunmuş, 119 nəfər Bakı şəhər xəstəxanalarına göndərilmişdir.

Mədəniyyət müəssisələrinin səmərəli fəaliyyətini təmin etmək üçün lazımi işlər görülür. Dövlət gənclər siyasəti uğurla davam etdirilmiş, gənclərin iştirakı ilə çoxsaylı ictimai-siyasi, mədəni-kütləvi tədbirlər və idman yarışları keçirilir, onların şəhərin ictimai-siyasi həyatında fəallığı təmin edilir.

Ulu öndər Heydər Əliyev ideyalarının gənclər arasında təbliği, yeni nəslin vətənpərvərlik, azərbaycançılıq və müstəqil dövlətçilik prinsipləri əsasında formalaşdırılması, tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında rolunun artırılması, onların intellektual və yaradıcı potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi işi davam etdirilmişdir.

Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlara, Çernobıl əlillərinə və digər aztəminatlı güzəşt hüququ olan ailələrə diqqət və qayğı daha da artırılmış, onlara müraciətləri əsasında xeyir və şər məclislərinə təşkilati, maddi və mənəvi kömək göstərilmişdir. ­2019-cu ildə 20 nəfər Şəhid və Qarabağ müharibəsi əlillərinin ailələrinə yeni inşa edilmiş binadan hər cür şəraiti olan mənzillər verilmişdir.

 

Görüləsi işlər hələ çoxdur

 

Şirvan şəhərini tərk etməzdən əvvəl ŞİH başçısı İlqar Abbasovla bir daha görüşdüm. Gördüklərim, müşahidə etdiklərim barədə fikrimi bildirdim. Təşəkkür edərək dedi ki, şəhərdə hələ görüləsi işlər, həllini gözləyən problemlər var. Lakin biz bütün sosial-infrastruktur layihələri və proqramları icra etmək əzmindəyik.

İlqar Abbasov sözünün sonunda dedi:

– Şirvan şəhərinin simasını gözələşdirən müxtəlif təyinatlı binaların, park və xiyabanların, küçə və meydanların, təhsil və xidmət obyektlərinin, istehsal müəssisələrinin əksəriyəti son 16 ildə yaradılmışdır. Şirvanlılar əmindirlər ki, qarşıdakı illərdə isə şəhərin ictimai-siyasi, iqtisadi, mədəni həyatında daha böyük uğurlar, qələbələr əldə olunacaq!

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

22 2020 23:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə