Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

E. MAKRON: Avropaya daha 2 milyon qaçqın gələ bilər

İdlibdə hərbi vəziyyət nəzarətdən çıxa bilər. Ona görə də Fransa və Almaniya təcili atəşkəs yaradılmasında və siyasi prosesə başlanmasında israr edir. Belə bir bəyanatla Fransa Prezidenti Emmanuel Makron çıxış edib. Məlumatı TASS verib. 

Avropa İttifaqı ölkələri dövlət başçılarının sammitində çıxış edən Makron deyib ki, İdlibdə hərbi əməliyyatların davam etməsi Avropada yeni miqrant böhranına səbəb ola bilər. Qaçqınların sayı isə 2 milyona çata bilər: “Vəziyyət həddən artıq təhlükəlidir. Bu günlərdə daha iki türk əsgəri həlak olub, hücumlar başlayandan bəri isə ümumiyyətlə, onlarla həlak olan var. Bu, vəziyyətin nəzarətdən çıxması ilə nəticələnə bilər”.
Fransa lideri bildirib ki, bu məsələ ilə bağlı bir neçə gün əvvəl o və Almaniya Kansleri Angela Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi saxlayıblar. Bundan bir gün əvvəl isə hər ikisi Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıb. Onun sözlərinə görə, Fransa və Almaniya təcili olaraq atəşin dayandırılmasına və siyasi dialoqa başlanmasına, eyni zamanda, Rusiya, Türkiyə, Fransa və Almaniya liderlərinin iştirakı ilə İstanbul formatında dördtərəfli görüş keçirilməsinə çağırır. 
Makron hazırda yaranmış qarşıdurmada ABŞ-ı günahlandırıb: “İdlib böhranının hərbi yolla həlli yoxdur. Bütün baş verənlər ABŞ-ın Suriyadan çıxması zamanı yol verilmiş bir sıra səhvlərin nəticəsidir. ABŞ İdlibdə vəziyyəti bu iki gücün (Rusiya və Türkiyənin) əlində qoydu”. 
Onun dediyinə görə, İdlibdə humanitar faciə yaşanır: “Biz görürük ki, Rusiya tərəfindən dəstəklənən Bəşər Əsəd rejimi hücumları davam etdirir. Bu, ciddi risklər yaradır. Hospitallar və humanitar düşərgələr dağıdılır ki, bu da tamamilə yolverilməzdir”.
Makron yeni qaçqın axını yaranacağından ehtiyatlandığını deyib. Xatırladıb ki, hazırda Türkiyə ərazisində 3,5 milyona qədər qaçqın var. Bunlara 2 milyon da əlavə edilə bilər və Ankara 2016-cı ildə onların üzünə bağladığı Avropa yolunu aça bilər. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

22 2020 23:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə