Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan İtaliya ilə iqtisadi əlaqələrini genişləndirir

İtaliya dünyanın inkişaf etmiş ölkələri sırasında aparıcı yerlərdən birini tutur. Düya Bankının son hesabatında Ümumi Daxili Məhsulunun (ÜDM) həcmi 2 trliyon 73 milyard dollardan çox olan İtaliya dünya ölkələri arasında bu göstəriciyə görə səkkizinci pillədə qərarlaşıb. Avropa Birliyinin aparıcı ölkələrindən olan İtaliya ilə siyasi, sosial-iqtisadi əlaqələrin yüksələn xətlə inkişafı Azərbaycan üçün də olduqca mühüm önəm daşıyır. İtaliya ölkəmizlə əməkdaşlığın inkişafına və dərinləşməsinə xüsusi əhəmiyyət verir.

Cari ilin İtaliyada “Azərbaycan ili” elan edilməsi də təsadüfi deyil. Belə ki, iki il öncə İtaliya Prezidentinin respublikamıza səfəri, Azərbaycan-İtaliya əlaqələrinin daha da genişləndirilməsi bu ölkənin iş adamları tərəfindən Azərbaycanın qeyri-neft sektoruna böyük həcmdə investisiya qoyulması ilə nəticələndi. Hazırda Prezident İlham Əliyev İtaliyaya dövlət səfəri çərçivəsində bu ölkənin iş adamları ilə görüşərək, Azərbaycan biznes mühitinin reallıqlarını onların diqqətinə çatdırması iqtisadiyyatımızın real sektoruna İtaliya kapitalının yeni axınlarının başlamasına təkan verəcəkdir.
Ötən il İtaliya ilə Azərbaycan arasında ümumi ticarət dövriyyəsi 6 milyard dollar təşkil edib. Burada əsas yer neft və neft məhsullarına aid olsa da, Azərbaycanın xarici ticarət dövriyyəsindəki payına görə İtaliya birinci sırada qərarlaşır. Təkcə bu faktın özü Azərbaycan-İtaliya əlaqələrinin hər iki ölkə üçün nə qədər önəm daşıdığını deməyə əsas verir.
Azərbaycan nefti hazırda İtaliyanın xam neft istehlakının 17 faizini təşkil edir. Ötən 15 il ərzində Azərbaycan neftinin İtaliya bazarına çatdırılmasında bir dəfə də olsun hər hansı bir problem yaşanmayıb. Bu reallıq tək İtaliyanın deyil, Cənub Qaz Dəhlizi və onun son seqmenti olan TAP xətti ilə Xəzər dənizi qazının çatdırılacağı digər ölkələrin də etibarının qazanılmasında mühüm amildir. Bir sözlə, Azərbaycandan “Şahdəniz-2” qazını İtaliya sahillərinə çatdıracaq TAP xəttinin istifadəyə verilməsinə qədər biz bu ölkə nümunəsində tam etibarlı tərəfdaş olduğumuzu bütün Avropaya göstərə bildik.
Hazırda Avropa özünün qaz təchizatı məsələlərində siyasi ambisiyaları olmayan tərəf-müqabillərə daha çox güvənir. Bu sırada Azərbaycan da var və bu, respublikamıza tək iqtisadi deyil, həm də çox böyük siyasi dvidentlər gətirir. Cənub Qaz Dəhlizi layihəsinin son seqmenti olan TAP xəttinin istifadəyə verilməsinə çox az bir vaxt qalıb. Bu xəttin inşası üzrə işlərin 92 faizi artıq başa çatdırılıb.
Bununla bağlı Prezident İlham Əliyev İtaliya Respublikasına dövlət səfəri zamanı mətbuata bəyanatında Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin artırılması istiqamətində alternativ və etibarlı layihə olduğunu bildirərək, deyib: “Cənub Qaz Dəhlizinin bir tərəfində Azərbaycan və o biri tərəfində İtaliya dayanır. Bizim aramızdakı daha beş ölkə, bütövlükdə yeddi ölkə arasında əməkdaşlıq yaranır. Bu əməkdaşlıq enerji və bütün başqa sahələrə də müsbət təsir göstərəcək. Çünki bu ölkələr artıq bir-biri ilə sıx bağlı olan ölkələr olurlar. Bundan sonra bu ölkələr arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafı da təbii ki, daha sürətlə gedəcək”.
Ölkə Prezidenti İlham Əliyevin apardığı uzaqgörən xarici siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdəki siyasi mövqelərinin daha da möhkəmlənməsini təmin edir. Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistandır” kimi həyasız bəyanatları fonunda Azərbaycanın dünya siyasət müstəvisində çəkisinin artması isə olduqca əhəmiyyətlidir.

 

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru

22 2020 22:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə