Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyan, təkcə özünü yox, həm də ölkəsini rüsvay etdi

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən debatdan aldığımız təəssürat artıq medianın və sosial şəbəkələrin əsas mövzusuna çevrilib. Bu görüş Prezident İlham Əliyevin daha bir diplomatik uğuru olmaqla yanaşı, Azərbaycan həqiqətinin çox önəmli bir tribunadan təqdim edilməsi baxımından əhəmiyyətlidir. Debatda Azərbaycan Prezidentinin sənəd və arqumentlərə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsini dünya ictimaiyyəti qarşısında açıq müzakirəyə çıxarması, Azərbaycanın xarici siyasətində bir yenilik oldu. İlk müzakirədə Prezident İlham Əliyev konstruktivliyini və məsələnin ədalətli dialoq yolu ilə həllinə tərəfdar olduğunu səlist nitqi ilə açıq göstərdi. Ermənistanın dövlət başçısı bunu gözləmədiyindən, gözünü döyərək dili topuq vurmağa başladı.

Paşinyan səsləndirdiyi ziddiyyətli ifadələr, yalan dolu “tarix” danışması və müasir dünyanın gözü qarşısında törətdikləri cinayətləri ört-basdır etmək cəhdi, işğal altındakı 7 rayondan, bir milyondan çox məcburi köçkün və qaçqınlar barədə danışmaq istəməməsi ilə özünü ifşa etdi. Çünki o, tarixi faktlar, dərin mühakimələr və beynəlxalq hüququn müəyyən etdiyi gerçəkliklərlə üz-üzə qalmışdı.
Dövlət başçımız dəqiq və hədəfə nişanlanmış faktlar səsləndirməklə bir daha Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasəti həyata keçirdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini və işğal olunmuş ərazilərdə mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıldığını, Xocalı soyqırımı törədildiyini tarixi faktlarla göstərdi. Bununla da ölkə başçımız Paşinyanı faktiki çıxılmaz vəziyyətə saldı. İlham Əliyev həm tarixi həqiqətləri ortaya qoydu, həm də Xocalı soyqırımını xatırlatmaqla ermənilərin əslində uşaqlara, qocalara və qadınlara qarşı dəhşətli qətliam həyata keçirən vəhşilər olduğunu nümayiş etdirdi və həqiqəti, erməni aqressiyasının mahiyyətini canlandırdı və onu beynəlxalq ictimaiyyətin anlayacağı dildə təqdim etdi.
Azərbaycan Prezidenti bir daha dünya ictimaiyyətinə sübut etdi ki, Ermənistan liderlərinin başlatdıqları yalanlar bu günə qədər davam edir. Prezidentin bu debatda səsləndirdiyi sərrast fikirlər Ermənistan təbliğat maşınının illərdir qurub-yaratdığı “Böyük Ermənistan” mifini də darmadağın etdi. Belə olmasaydı, Azərbaycan Prezidenti yaxın tarixdən -- 1980-ci illərdən söz açanda, qarşı tərəf eradan əvvəlki, olmayan tarixə üz tutmazdı. Bir həqiqət var ki, əgər Paşinyan münaqişənin həllini istəyirsə, hər şeydən əvvəl işğal etdikləri 7 rayon boşaldılmalı, məcburi köçkünlər doğma yurd-yuvasına qayıtmalı və onların təhlükəsizliyi təmin olunmalıdır. Məhz bundan sonra Dağlıq Qarabağın statusu barədə düşünüləcək.
Gülünc vəziyyətə düşən Paşinyan istər ölkə daxilində, istərsə də beynəlxalq arenada savadsız, piyada siyasətçi kimi tanındığı halda, ölkəmizin başçısı Azərbaycanın heç bir təzyiq altında qalmadan yürütdüyü xarici siyasəti, Dağlıq Qarabağın tarixi ədalətə və beynəlxalq hüquq normalarına əsaslanaraq Azərbaycana aid olduğu faktlarını açıq şəkildə geniş kütlə qarşısında dünyaya çatdırmağa qadir lider kimi tanınır.
Debatın ən önəmli nüanslarından biri də o idi ki, dövlət başçımız azərbaycanlıların həmişə sülh tərəfdarı olduğunu, düşmənçilik mövqeyinin olmadığını, birgəyaşayışın bütün qaydalarına sivil şəkildə əməl edilməsini dəstəklədiyini diqqətə çatdırdı. Prezident qeyd etdi ki, monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanda müxtəlif millətlərin nümayəndələri sülh şəraitində rahat şəkildə yaşayırlar, ərazi bütövlüyümüz tam bərpa olunarsa, ermənilər milli azlıq kimi, ölkəmizdə istənilən digər millətlərin nümayəndələri kimi, bütün hüquqlara və imtiyazlara malik olacaqlar.
Paşinyan bu debatda özünü ölkəsi və beynəlxalq ictimaiyyət qarşısında rüsvay etdi. Sayıqlamaları, yalanları, həqiqəti inkar etməsi, özünün siyasi məğlubiyyətini davranış və danışığı ilə sübut etməsi onu siyasət adamından, dövlət başçısından çox, ambisiyalara uymuş zavallıya bənzətdi. Onsuz da o, həqiqətən siyasətdə piyada olmaq etibarılə, həm də ağılsızdır. Əks halda yüksək nitq və özünüifadə qabiliyyətinə malik olan, tarixi həqiqətləri incəliyinə qədər bilən Azərbaycan Prezidenti kimi peşəkar bir siyasətçi ilə debata razılıq verməzdi. Heç olmazsa bunun nəticəsini düşünməliydi. Düşünmək üçün isə ağıl lazımdır.

 

Nəsib QULİYEV,
Türk Dünyası Pediatriya Birliyinin prezidenti, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor

22 2020 22:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə