Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İtaliya Dağlıq Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”

AMEA-nın müxbir üzvü, BDU-nun professoru Bəxtiyar Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya uğurlu dövlət səfəri iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından yeni bir mərhələnin əsasını qoydu:

– Prezident İlham Əliyev səfər çərçivəsində İtaliya Respublikasının Prezidenti, Nazirlər Şurasının Sədri, İtaliya Respublikası Senatının Sədri, İtaliya Respublikası Deputatlar Palatasının Sədri ilə çox səmərəli görüşlər keçirdi. Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannamənin imzalanması isə mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın dövlət başçısının İtaliyaya səfəri həm siyasi, həm iqtisadi, həm də strateji əməkdaşlığın gələcək inkişafı baxımından dövlətin uğurlu xarici siyasətinin davamıdır.
Bu gün İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşıdır. 2019-cu il ərzində Azərbaycandan ixracın böyük bir hissəsi (28,7 faizi) İtaliyaya olub. Azərbaycan İtaliya ilə irimiqyaslı beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq edir. Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir, eyni zamanda bu ölkənin xeyli sayda şirkətləri Azərbaycanda fəaliyyət göstərir.
Professor Bəxtiyar Əliyev daha sonra dedi:
– Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannamə qarşıdakı illər ərzində iki ölkə arasında sıx əməkdaşlığı müəyyən edən vacib siyasi sənəd olmaqla yanaşı, ölkələr arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərini müəyyən edir, ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu sənədin ən mühüm tərəfi isə İtaliya və Azərbaycanın bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşması və bunu dəstəkləməsidir.
Bəyannamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həllinə dəstək ifadə olunub. İtaliya Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəklədi. Bu sənədi Azərbaycanın növbəti beynəlxalq qələbəsi kimi dəyərləndirmək olar.

 

Hazırladı: R.TAHİR,
“Xalq qəzeti”

22 2020 22:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə