Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı faciəsi erməni-faşist təfəkkürünün dəhşətli cinayətidir

Erməni məkri

Ermənilərin Azərbaycana qarşı torpaq iddiası  ortalığa atıldığı zamandan başlayaraq istər imperiya tərkibində, istərsə də müstəqillik dövründə ölkəyə rəhbərlik edənlərin heç biri, nəinki problemin qarşısının alınmasına cəhd etməmiş, hətta baş verən qanlı hadisələrə beynəlxalq aləm tərəfindən siyasi və hüquqi qiymət verilməsinə belə nail ola bilməmişdi. Məhz xalqın təkidli tələbi ilə ümummilli liderin siyasi hakimiyyətə qayıdışından sonra bir sıra tarixi gerçəkliklərin ortaya çıxması, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması sahəsində misli görünməmiş addımlar atılmağa başlanmış və həmin addımların nəticəsini bu gün açıq-aydın hiss edirik. Xalqımızın, ümumən, bəşəriyyətin tarixində misli görünməmiş Xocalı qətliamı da, məhz ümummilli liderin ölkəyə ikinci dəfə rəhbərliyi dövründə beynəlxalq qurumların və dünya ictimaiyyətinin diqqətinə olduğu kimi çatdırılmağa başlanılmış, bu gün də həmin həqiqətləri eşitməsi və görməsi yolunda irimiqyaslı addımlar atılmaqdadır. Bu qanlı faciənin əksər beynəlxalq qurumlar, bir sıra dövlətlər tərəfindən rəsmən pislənilməsi və onu bəşəri cinayət kimi tanınması, aparılan məqsədyönlü siyasətin uğurlu nəticəsidir.
Həm mətbu yazılarımda, müsahibələrimdə, həm də televiziya çıxışlarımda dəfələrlə səsləndirdiyim bir fikri yenidən təkrar etməyə ehtiyac duyuram. 1988-1993-cü illərdə ölkəmizdə, əsasən. Bakıda, Dağlıq Qarabağda və digər regionlarda baş verən faciələrin ətraflı öyrənilməsi və hüquqi-siyasi qiymət verilməsi üçün vahid istintaq komissiyası yaradılmalı, bütün faciələrə eyni kontekstdən yanaşılmaqla hadisələrin başvermə səbəbləri, törədilmiş bəşəri cinayətlərə hazırlıq “laboratoriyası”, nəhayət. həmin cinayətlərin müasir dünya düzəninin hüquqi aktları ilə bir araya sığmayan əhatə dairəsini dəqiqliklə müəyyənləşdirilməlidir. Ən azı, gələcək nəsillərə çatdırmaq üçün tam əhatəli, təkzibolunmaz dəlillərə və sübutlara əsaslanan sənədlər toplusu ortaya qoyulmalıdır. Çünki baş verən bütün hadisələr dağılmaqda olan bir imperiyanın Qafqazda təsir dairəsini və nüfuzunu qoruyub-saxlamaq, bu regionda əsas vassalı olan, ötən əsrin əvvəllərində məhz bu vassallığı möhkəmləndirmək məqsədilə tarixi Azərbaycan torpaqlarında süni olaraq yaradılan Ermənistanın bu istəkdən maksimum yararlanması üçün istifadə etməsi ilə birbaşa bağlıdır. Qəribəsi budur ki, həmin dövrlərdə təkcə dağılmaqda olan Sovet İmperiyası deyil, həm də bir sıra dünya gücləri də Qafqazda istəklərinə nail olmaq üçün məhz tarixdə ikiüzlü, xain millət imici qazanmış hayları seçmişdilər. 
Təbii ki, o dövrdə həm Azərbaycan hakimiyyətinin yanlış xarici siyasəti, həm erməni diasporunun genişmiqyaslı fəaliyyəti, həm də erməni-hay tayfalarının satqın imicindən faydalanmaq istəyi bunu şərtləndirən başlıca amillər idi. Bütün bunların fonunda dünyanın erməni lobbisi və ermənipərəst qüvvələr tərəfindən müxtəlif üsullarla ələ alınaraq və ya siyasi səbatsızlıqdan, bir sözlə, bilərəkdən, ya bilməyərəkdən dünya güclərinin və ermənilərin bu istəyinin reallaşmasına yardımçı olan, “sapı özümüzdən olan balta”ların da əvəzsiz “xidmətləri” nəticədə düşmənlərimizin istəklərinə nail olmalarına münbit şərait yaratdı. 
Geosiyasi maraqların Qarabağ labirinti 
SSRİ dağılandan sonra bütün müttəfiq respublikalar beynəlxalq birliyin subyektinə çevrilmişdi. Moskvanın və erməni lobbisinin hərtərəfli dəstəyi ilə Dağlıq ­Qarabağı Ermənistana birləşdirmək niyyəti Azərbaycan xalqının möhtəşəm dirənişi nəticəsində baş tutmamışdı. Bu qədim Azərbaycan torpağı beynəlxaq birliklər, o cümlədən BMT tərəfindən Azərbaycan Respublikasının ərazisi olaraq tanınmışdı. Təbii ki, həm Kremlin, həm də erməni lobbisinin istəklərinə nail ola bilməmələri onları daha da hiddətləndirmişdi. Erməni lobbisinin təsir imkanları olan bir sıra dünya dövlətləri də Qarabağ düyünündən öz maraqları naminə istifadə etmək üçün Ermənistana müxtəlif formalarda dəstək verməkdən çəkinmədi. Beləliklə, həmin dövlətlərlə də gizli separatçılığa gedən Mixail Qorbaçov, tör-töküntüləri və Moskvanın imperiyapərəst qüvvələri Qarabağ məsələsi ilə bağlı yeni planlarını işə salmağa başladılar. İlkin plan, yəni SSRİ tərkibində Dağlıq Qarabağın Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-ə verilməsi baş tutmadığı təqdirdə Kremlin yeni planı işə salacağı gözlənilən idi. 
Bir məqamı xüsusi qeyd etməyi vacib hesab edirəm. Dağlıq Qarabağda yaşayan ermənilərin bir qismi bu qarşıdurmanın birbaşa Kremldən idarə olunduğunu anlayır və onun genişlənməsinin qarşısını almağa cəhd göstərirdilər. Məsələn, beş erməni kəndini birləşdirən Naxçıvanik sovetliyinin əhalisi, hər kənddən bir nümayəndənin və kənd sovetinin Hamlet adlı sədrinin, eləcə də onun katibinin imzası, sovetliyin möhürü ilə təsdiq edilmiş məktub hazırlayıb 1991-ci il oktyabrın 24-də gizli yolla Ağdamdakı könüllü müdafiə qərargahına göndərmişdi. Məktubda Azərbaycan hökumətindən erməni kəndlərində məskən salan quldur dəstələrinin çıxarılmasına kömək etmələri xahiş olunur və Azərbaycan Bayrağının kənddə qaldırılmasına, ölkə qanunlarına əməl etməyə hazır olduqları vurğulanırdı. O da qeyd olunurdu ki, əgər bu plan müsbət həllini taparsa, Dağlıq Qarabağın digər erməni kəndləri də onlara qoşulacaq.O zaman AXC Ağdam şöbəsinin sədri, Milli Məclisin deputatı Eldar Bağırovla birlikdə həmin məktubu götürüb Bakıya gəldik. Məktubla bağlı həmin dövrdə ölkədə real qüvvə olan AXC-nin sədri Əbülfəz Elçibəy və Ağdamdan seçilmiş Tamerlan Qarayevlə söhbət etdik. Hər ikisi bu məsələni çox gizli saxlamağı tövsiyə edərək, bunun birbaşa Kremlin siyasətinin pozulması olduğunu qeyd etdilər. Ali Sovetin sessiyasında, oktyabrın 28-də Eldar Bağırov o zaman iç üzü hələ açılmayan, ustalıqla maskalanan Rəhim Qazıyevlə də məktub barədə söhbət etmiş və iki surətdən ibarət olan həmin məktubun birini Rəhimin təkidi ilə ona vermişdi. Bundan bir gün sonra məni aldadaraq təcili rayona göndərdilər, iki gün sonra isə Eldar Bağırov Bakıda qətlə yetirildi. “Morq”da cibindən bütün sənədləri götürüldü, lakin cibində qalan həmin məktubun surəti tapılmadı. Sonralar, 1992-ci ilin iyun ayında Naxçıvanik və digər dörd kənd quldurlardan təmizləndiyi zaman, həmin kənddən əsir götürülmüş yerli ermənilərin dediklərinə görə, 1991-ci il noyabr ayının əvvəlində yuxarıda qeyd olunan həmin məktuba imza atmış yeddi nəfərin hamısı erməni quldurları tərəfindən kəndin ortasında güllələnmişdi. Bütün bu və digər faktlar bizdən tələb edirdi ki, bu məkrli, qeyri-insani siyasətin ayaq açıb yeriməməsi üçün daha ağıllı taktika seçək. Ancaq məhz içimizə salınaraq, özlərini vətən və millət fədaisi kimi göstərən, əslində, imperiyanın siyasətinin reallaşmasına xidmət edən qüvvələr belə taktika seçilməsinə var gücləri ilə mane olurdular. 
Noyabr ayında AXC Ali Məclisində Dağlıq Qarabağın azərbaycanlı yaşayış məntəqələrinin Ağdam və Şuşa rayon təşkilatlarından ayrılması haqqında qərarı, həmin rayon və kəndlərin de-fakto hərəkatçı qüvvələrdən ayrı salınması da, şübhə yoxdur ki, bu məkrli siyasətə xidmətin tərkib hissəsi idi. Beləliklə, Qarabağın o zamankı ölkə hakimiyyətindən heç bir dəstək ala bilməyən bütün azərbaycanlı yaşayış məntəqələri, həmin dövrdə Azərbaycanda ən real qüvvə olan AXC-dən də ayrıldı və nəticədə köməksiz vəziyyətdə qaldılar. Həmçinin, Dağlıq Qarabağda fəaliyyət göstərən Azərbaycan hökumətinin Təşkilat Komitəsinin işinin iflic vəziyyətinə gətirilməsi planı da reallaşdırılırdı. Bundan sonra təhlükə ilə üz-üzə qalan Təşkilat Komitəsi Xankəndini tərk edərək Ağdama köçürüldü. Məhz bütün bu hazırlıqlardan sonra Kremldən təlimat alan ermənilər 1991-ci il noyabrın əvvəllərindən başlayaraq, ayrı-ayrı kəndlərə silahlı hücumlara başladılar. 
Vəziyyəti yerində araşdırmaq məqsədilə bölgəyə səfər edən Azərbaycan Respublikasının yüksək rütbəli dövlət məmurlarının olduğu helikopter vuruldu və helikopterdə olanların hamısı qətlə yetirildi. Belə bir zamanda respublikada, xüsusən paytaxt Bakıda milli birlik, xalqla hakimiyyət arasında etimad yaradılmalı olduğu halda, o zamankı hakimiyyətin qətiyyətsizliyindən istifadə etməyə çalışan, rəhbər heyətin əksəriyyəti Kremlin planına yardım edən AXC-nin başbilənləri xalqı münaqişənin həllində birliyə səfərbər etmək əvəzinə, qarşıdurmanı gücləndirir, Qarabağda baş verən hər bir olaya görə hakimiyyəti sadəcə qınamır, insanları hakimiyyət uğrunda savaşa cəlb edirdi.  
Xocalı ermənilərin 
xüsusi planına daxil idi 
1992-ci ilin yanvarından başlayaraq Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə ardı-arası kəsilməyən hücumlar başlandı. Köməksiz qalan yerli əhali təpədən - dırnağa silahlanmış erməni quldurları və Sovet Ordusunun 366-cı polkunun hücumlarına mətanətlə sinə gərsələr də, qeyri-bərabər qüvvələr savaşında geri çəkilməli olurdular. Beləcə ard-arda Kərkicahan, Meşəli, Cəmilli, Malıbəyli, Quşçular, Qaradağlı, Xocavənd kəndləri işğal olundu. Əsgəranla Xankəndi arasında yeganə azərbaycanlı yaşayış məntəqəsi kimi Xocalı uzun müddət özünü qoruya bildi. Ancaq hadisələrin içində olan hər kəs bilirdi ki, ermənilər bu şəhərə xüsusi plan hazırlayırdılar. Bunun da üç başlıca səbəbi var idi. Birinci səbəb Xocalının qədim tarixə malik olması, bu yerlərin qədim türk məskənləri olduğunu sübut edən saysız-hesabsız tarixi abidələrin, o cümlədən Xocalı-Gədəbəy mədəniyyət nümunələrinin mövcudluğu idi ki, ermənilər hər zaman belə yaşayış məskənlərinə qarşı daha amansız olmuşlar. İkinci səbəb, 1988-ci ilin sentyabrında bu şəhərə hücum edən ermənilərin xeyli sayda itki verərək geri çəkilməyə məcbur edilmələri idi ki, bu fakt onları Xocalıya və xocalılara qarşı daha da aqressivləşdirmişdi. Nəhayət, üçüncü səbəb isə, Dağlıq Qarabağda yeganə aeroportun Xocalıda yerləşməsi idi ki, bu da ermənilərin Yerevan və Moskva ilə əlaqələrində mühüm əhəmiyyətli strateji maraq idi. 
Artıq bölgədə qalan yeganə azərbaycanlı yaşayış məntəqəsi -- Xocalı şəhəri gecə-gündüz artilleriya silahları ilə atəş altında saxlanılırdı. Bakıda başı hakimiyyət savaşına qarışan həm iqtidar, həm də AXC rəhbərləri isə hər gün yalançı vədlər verir, əhaliyə kömək göndəriləcəyini deyir, ancaq heç bir yardım edilmirdi. Nəhayət, Ağdamdakı könüllü müdafiə batalyonları bir araya gələrək, Xocalı əhalisini xilas etmək üçün əməliyyat keçirməyi planlaşdırdılar. Fevralın 23-də keçirilməsi nəzərdə tutulan həmin əməliyyat o zaman Müdafiə Nazirliyinin nümayəndəsi kimi Ağdamda olan Fəhmin Hacıyev tərəfindən dayandırıldı. 
AXC yetkililərindən olan F.Hacıyevin sonradan bu əməliyyat planının dayandırılması əmrinin Bakıdan, konkret olaraq yenicə müdafiə naziri təyin edilmiş Tahir Əliyevdən gəldiyini desə də, bu faktın həmin dövrdə dəqiq araşdırılmaması ilə bağlı bir sıra məqamlar var. Xüsusilə, Gəncə Dəmir Yol İdarəsi ilə birgə təxminən 20 kilometrlik zəncir-trosla qatarı Ağdamdan Xocalıya göndərib, dinc əhalini çıxarmaq planının da pozulması orada daha böyük qırğın olmasında maraqlı qüvvələrin olduğunu deməyə tam əsas verir.
Xocalı qətliamı haqqında, onu törədən ermənilər, qırğının miqyası, insan ağlına sığmayan vəhşət doğuran məqamları barədə kifayət qədər yazılıb və deyilib. Bu yazılanların və deyilənlərin cəmiyyət daxilində təkrarlanmasından daha çox, bu gün bütün bunları dünya ictimaiyyətinə çatdırmağa ehtiyac var. Son illər həm dövlət qurumlarının, həm də Heydər Əliyev Fondunun bu sahədəki məqsədyönlü siyasətinə dəstək verən vətəndaş cəmiyyətinin genişmiqyaslı fəaliyyəti bunun üçün zəmin yaratmışdır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının bu soyqırımının dünya miqyasında əks-səda doğurmasında mühüm rol oynadı. Ermənilər tərəfindən törədilmiş Xocalı qətliamı bəşər tarixinin ən qanlı, insanlıq normalarına sığmayan bir faciəsidir. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın bu qətliama rəhbərlik etdiyini həyasızcasına bildirməsi erməni qəddarlığının bariz nümunəsidir. Bu, ümumən insanlığın faciəsidir! Bu, bütün dünyanın faciəsidir və məsələyə də bu konteksdən yanaşmaq, onu bəşəri faciə kimi dünyaya tanıtmaq gərəkir. Bu faciənin törədilməsinin səbəbləri sırasında erməni faşist düşüncəsi ilə keçmiş sovet imperialist siyasi təfəkkürünün başlıca rol oynaması isə danılmaz həqiqətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sumqayıt şəhərinin və BDU-nun yubiley tədbirlərində vurğuladığı kimi, tarix hər zaman təkrarlanır və təkrarlanan tariximizdə ötən hadisələrdə zərərimizin əsl səbəblərini doğru-düzgün bilmədən, yanlşlıqlarımızın gətirmiş olduğu ümummilli bəlalarımız haqqında müfəssəl məlumata malik olmadan, onların yenidən təkrarlanması təhlükəsi qaçılmazdır. 
Bugünlərdə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə işğalçı ölkənin baş naziri Nikol Paşinyan Xocalı faciəsinin ermənilər tərəfindən törədildiyini ört- basdır etməyə cəhd göstərsə də, Prezident İlham Əliyevin təkzibolunmaz faktları qarşısında aciz qaldı. Görünür, Nikol Paşinyan sələfi Serj Sarkisyanın Xocalı qətliamının təşkilatçısı olduğunu bəyan etdiyini “unudub”.
Təhmasib NOVRUZOV, 
“Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri

22 2020 13:41 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə